Rusiyada hakim elita çaşqınlıq içindədir

Medvedev Dumanın sədri olacağı gözlənilən Narışkinin istefasını hələ qəbul etməyib; Makkeyn Putinin cavabını verdi

Seçkilərdə gözləmədiyi nəticə və saxtakarlıqlara qarşı güclü etirazla üzləşən Rusiya hakimiyyəti daxilində gərginlik davam edir. Bəzi dairələrin ölkə parlamentinin sədri postuna gətiriləcəyi gözlənilən Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinlə bağlı yeni məlumat yayılıb.
Prezident Dmitri Medvedevin sözçüsü Natalya Tikakova jurnalistlərə açıqlamasında hələ PA rəhbərinin istefasının qəbul olunmadığını və onun vəzifəsini icra etdiyini bildirib. Medvedev hökumətə qarşı sərt mövqeyilə tanınan keçmiş maliyyə naziri Aleksey Kudrinlə də rəsmən vidalaşıb. Onun istefasından sonra maliyyə naziri vəzifəsini icra edən Anton Siluanov nazir postuna təyin olunub.
Bu arada Almaniya Bundestaqının aşağı palatasının üzvləri Rusiya müxalifətini dəstəkləyərək, hökumətdən seçkilərin nəticələrinin yenidən sayılmasını tələb ediblər. Almaniyalı deputatlar ölkənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı həbs olunan müxaliflərin azadlığa buraxılmasını da tələb ediblər: “Baş nazir Putin aksiyaları sadəcə etiraz kimi görürsə, o, mitinqlərdə səslənən dəyişiklik tələblərinə diqqətlə qulaq asmalıdır”.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiyadakı proseslərlə bağlı bəyanat verib. Vaşadze Rusiyanın siyasətinin gələcəkdə daha loyal olacağına ümid etdiyini bildirib. Rusiyadakı prosesləri həm XIN rəhbəri, həm də uzun müddət bu ölkədə yaşamış adam kimi analiz etdiyini deyən diplomat vurğulayıb ki, rus xalqı nəticə etibarilə layiq olduğunu alacaq: “Bu, demokratiya, insan haqlarına hörmət, korrupsiyanın aradan qaldırılması və normal, ədalətli seçkilərin keçirilməsidir. Bu baş versə, Rusiyanın xarici siyasəti aqressiv və imperialist olmayacaq, əksinə normal qonşuluq xarakteri daşıyacaq”.
Bu arada müxalif “Yabloko” bloku 2012-ci ilin martında keçiriləcək prezident seçkilərində eyniadlı partiyanın lideri Qriqori Yavlinksinin yox, bloger Aleksey Navalnının namizədliyini irəli sürmək fikrindədir. “Yabloko”nun qurultayı öncəsi partiyanın şöbələrindən birinin rəhbəri Nikolay Kuznetsov bildirib ki, Navalnının prezidentliyə namizədliyi blokun seçkiöncəsi qurultayında müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, Navalnı “Yabloko”nun elektoratı ilə yanaşı kommunistlər və liberal demokratların da seçiciləri arasında böyük nüfuza sahibdir.
Rusiyaya qarşı sərt mövqeyi ilə tanınan amerikalı senator Con Makkeyn baş nazir Vladimir Putinin onun ünvanına söylədiyi fikirlərə münasibət bildirib. Əlavə edək ki, dekabrın 15-də ictimaiyyətin suallarını cavablandıran Putin Makkeyni dəli adlandırmışdı. O, amerikalı senatoru Vyetnam müharibəsində iştirakı illərində girovluqda olduğu zaman ağlını itirdiyini bildirmişdi.
Respublikaçı senator Putinə cavabı kimi baş nazirin onun barəsində dediyi fikirləri “Twitter” hesabında paylaşıb və sonda “Əziz Vlad, məgər mən sənə bunları deyirdim?” sualını verib. Makkeyn bu dəfə də Rusiyada baş verənləri Yaxın Şərq ölkələrində yaşananlara bənzədib. Senatorun sözlərinə görə, Putinin ABŞ haqqında dedikləri Rusiya hakimiyyətinin əsəb hisslərinin tarıma çəkilməsindən qaynaqlanır: “Düşünürəm ki, mənim Vlad deyə müraciət etdiyim cənab Putin kəskin ağrılardan əziyyət çəkir. Çünki Rusiyanı bürüyən etirazların Putin və ölkəni korrupsiyada batıran oliqarxlara qarşı olduğunu hamı bilir, eləcə də baş nazir. Məhz buna görə də Putinin münasibəti belə səs-küylü və əsəbi alınıb”.
Ölkədəki son hadisələrə münasibət bildirən politoloq Aleksandr Şotilovun sözlərinə görə, Putin SSRI-nin keçmiş rəhbəri Nikita Xruşşovun taleyilə üzləşə bilər. Hakim elitanın müxaliflərin tərəfinə keçərək Putinə qarşı birləşməsi istisna olunmur.

Elxan