Qazaxıstanda fövqəladə vəziyyət

Janaozen şəhərini etirazçıların ələ keçirdiyi xəbəri yayıldı

Nazarbayev təcili toplantı keçirdi: bölgəyə xüsusi təyinatlılar göndərilir

 

Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən etiraz dalğasının Qazaxstana da keçəcəyi görünür. Çünki Janaozen şəhərində baş verənlər “Ərəb baharı” yaşanan ölkələrdə üsyan dalğasının ilk günlərini xatırladır. Tunis, Misir, Liviya, Yəmən, Suriya və başqa region ölkələrində də hakimiyyət əleyhinə etrazlar kiçik şəhərlərdən başlayaraq bütün ölkə ərazisinə yayılmışdı. Beynəlxalq hüquq-müdafiə təşkilatı “Human Rights Watch” Qazaxıstan rəhbərliyini Janaozen şəhərində asayişin bərpa edilməsində insan haqları normalarına riayət etməyə və baş verən hadisələrin obyektiv araşdırılmasına çağırıb: “Polis hətta asayişi bərpa etməyə çalışarkən belə həddindən artıq güc tətbiq etmədən bunu etməlidir”.

Xatırladaq ki, rəsmi məlumata görə, dekabrın 16-da Qazaxıstanın Manqıstau vilayətinin Janaozen şəhərində kütləvi iğtişaşlar nəticəsində azı 10 nəfər ölüb, 75 mülki şəxs xəsarət alıb. Bundan başqa, 6 polis əməkdaşının da xəsarət aldığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İnzibati binalar, mehmanxanalar, “Ozenmunayqaz” neft şirkətinin binalarından biri və avtomobillər yandırılıb. İğtişaşlar meydanda müstəqillik günü qeyd edilərkən dəmir və dəyənəklə silahlanmış izdihamın meydana daxil olması və polisin onların qarşısını almağa çalışması nəticəsində baş verib.

“Fərqanə” agentliyinin məlumatına görə, Janaozen şəhərində kütləvi iğtişaşlar ötən gün də davam edib. Bununla yanaşı, Manqıstau vilayətinin mərkəzi olan Aktau şəhərində də polis dinc nümayişçiləri həbs edib.. Nümayişçilərin sözlərinə görə, dekabrın 16-sı axşam iğtişaşlarda ölənlərin sayı artıb. Respublika prokurorluğu 10 nəfərin öldürüldüyünü bildirsə də, qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı 25 nəfərə çatıb.

Agentlik etirazçılara əsasən bildirib ki, şaxtalı havaya baxmayaraq, insanlar meydandan getmək niyyətində deyil, onlar meydana axışırlar. 60 min nəfər əhalisi olan şəhərdə etiraz aksiyasının ciddi miqyas aldığı bildirilir. Polis asayişi bərpa etmək üçün bütün tədbirləri dekabrın 18-ə saxlayıb. Bu gün istirahət günü olduğu üçün daha kütləvi aksiyaların keçiriləcəyi gözlənilir. Məlumatlara görə, hazırda Janaozen şəhəri tamamilə nümayişçilərin əlindədir.

Yerli sakinlər ticarət obyektlərinə və mağazalara hücum faktlarından danışırlar. Hökumət Janaozenə Karaqanda və Almatı şəhərlərindən güc strukturlarını cəlb edilməsi haqda qərar verib. Arıtau şəhərindən OMON-çular artıq Janaozenə gəliblər. Arıtauda çıxan “AJ” qəzeti bildirib ki, OMON-çular ötən gecə Janaozenin “Intımak” meydanına gələrək, burada toplaşan nümayişçilərə travmatik silahdan atəş açıblar, nəticədə 4 nəfər yaralanıb, 1 nəfər ölüb.

Vəziyyətin gərginləşdiyini görən Qazaxstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib. İclasda Nazarbayevin göstərişi ilə Janaozendə baş verənlərin araşdırılması məqsədiylə daxili işlər naziri Kalmunaxbet Kasımovun rəhbərlik etdiyi xüsusi komissiya yaradılıb. Komissiya şəhərə gedib. Nazir jurnalistlərə şəhərdə vəziyyətin normal olduğunu söyləsə də, ölkə prezidenti Nazarbayev Janaozendə fövqəladə vəziyyət elan olunması haqda qərar verib.

Bu arada Alma-Atının mərkəzində hakimiyyət əleyhinə aksiya keçirilib. Bir neçə adamın saxlandığı xəbər verilir. Aksiyaçılar ölkənin qərbindəki Janaozen şəhərində baş verənlərə etiraz bildiriblər.

Xatırladaq ki, Manqıstau vilayətində iki neft şirkətinin əmək haqqından və iş şəraitindən narazı olan yüzlərlə işçisi tətil edir. Həmin şirkətlərin 2 minədək əməkdaşı isə işdən azad edilib. Tətil edən neftçilərin liderlərinə qarşı siyasi motivlər üzrə inzibati iş və cinayət işi açılıb. Tətilçilər və onları dəstəkləyən müxalifət fəallarının isə təqib olunduğu və hədələrlə üzləşdiyi bildirilir.