Mütəşəkkil dəstə şəhid atasını döyüb

Biləsuvar rayon məhkəməsi cinayəti ört-basdır etməyə çalışır

Ağdam rayonundan olan məcbur köçkün və şəhid atası Əli Hüseynov mütəşəkkil dəstə tərəfindən amansızlıqla döyülüb. Əli Hüseynov “Azadlıq”a ünvanladığı müraciətdə bildirir ki, həmin dəstə Biləsuvar rayonunda fəaliyyət göstərir. Şəhid atasının sözlərinə görə, rayon polisi onun döyülməsi faktı ilə bağlı cinayət işi başlayıb:
“Mənim mütəşəkkil dəstə tərəfindən döyülməyim istintaq zamanı tam sübuta yetirilib. Iş baxılması üçün məhkəməyə göndərilib. Lakin Biləsuvar Rayon Məhkəməsinin sədri hansısa maraqlar üzündən bu dəstənin başında dayanan Qəşəm adlı şəxsi azad edib. Təsəvvür edin, ölümcül döyülməyimə baxmayaraq, bu adam 200 manat cərimə edilib. Bu cinayətdə əli olan digər şəxslər də məsuliyyətə cəlb olunmayıb”.
Əli Hüseynov qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edərək bu məsələni diqqətdə saxlamasını xahiş edir: “Mən xahiş edirəm ki, ölkə başçısı bu ədaltsizliyə diqqət ayırsın və Biləsuvar rayon məhkəməsinin sədrinin qanunsuzluğuna son qoyulsun. Axı bu qədər haqsızlıq olmaz. Mən məcburi köçkünəm, şəhid atasıyam. Mənə qarşı cinayət baş verib, nə üçün bu, ciddi şəkildə araşdırılmır? Biləsuvar məhkəməsinin sədrinin nə marağı var bu məsələdə? Mən, həmçinin Ali Məhkəmənin sədri Ramiz Rzayevdən xahiş edirəm ki, məni qəbul eləsin. Mən bütün faktları onun qarşısına qoyacağam, qoy, görsün Azərbaycanda necə ədalətsiz hakimlər var”.
Azad