Məşhur diplomatlar Brayzanın müdafiəsinə qalxdı

Onlar Senatı dərhal səsvermə keçirməyə, Metyu Brayzanı səfir vəzifəsinə təsdiq etməyə çağırıblar

26 keçmiş diplomat və Vaşinqtonun yüksək vəzifəli rəsmiləri dünən Senat rəhbərliyinin adına Metyu Brayzanı Azərbaycanda səfir vəzifəsinə təsdiq etmək çağırışı ilə məktub göndəriblər. “Turan” agentliyinə daxil olmuş məktubun mətnində deyilir ki, Brayza son il Azərbaycanda uğurla işləmiş, peşəkarlığını və böyük təcrübəsini nümayiş etdirmiş karyeraya malik diplomatdır. Brayzanın namizədliyinin blok edilməsi müəyyən qüvvələrin onu erməni soyqırımını inkar etməkdə ittiham etmək cəhdlərinin nəticəsidir.
Lakin ABŞ-ın siyasəti ondan ibarətdir ki, Amerika hakim rolunda çıxış etmir və Türkiyə və Ermənistan xalqlarına bu məsələ ilə bağlı razılıq əldə etməsi imkanı yaradır.
Brayzanın Dağlıq Qarabağ üzrə Minsk Qrupunun həmsədri və regionda energetika məsələləri üzrə müşavir vəzifəsində təcrübəsini nəzərə alsaq, Azərbaycanda səfir vəzifəsinə daha uyğun namizəd tapmaq çətindir. O, həmçinin bu strateji əhəmiyyətli ölkədə demokratiya və azadlıqların müdafiəçisi kimi çıxış edirdi. “Biz qətiyyətlə sizi dərhal səsvermə keçirməyə və Brayzanı Azərbaycanda səfir vəzifəsinə təsdiq etməyə çağırırıq”, – deyə məktubun sonunda qeyd edilib. Məktubu Nikolas Berns, Yan Bjezinski, Tomas Pikerinq, Devid Kramer, Fred Star, Ross Uilson və digər məşhur şəxslər imzalayıblar.