Neft Şirkətinin özəlləşdirilməsilə bağlı rüşvət sövdələşməsi «Ən böyük fırıldaqlar və fırıldaqçılar» kitabına necə düşüb?
ABŞ-ın nüfuzlu “New-York Times” qəzetinin veb-saytında Azərbaycan hakimiyyətini narahat edəcək növbəti məqalə dərc olunub. Yazıda söhbət Heydər Əliyevin prezident olduğu dövrdə ABŞ biznesmenlərinin qanunsuz yolla, rüşvət müqabilində Dövlət Neft Şirkətini ələ keçirməsi ilə bağlı məşhur “Kojeni işi” üzrə məhkəmə proseslərindən gedir. Məlum olur ki, korrupsiya əməlində ittiham olunan biznesmenlərdən biri təqsirsizliyi ilə bağlı apelyasiya şikayəti verib. Lakin tutarlı sübutları olmadığı üçün Federal Apelyasiya Məhkəməsi onun şikayətini qəbul etməyib.
Xatırladaq ki, dünyanın maliyyə dairələrində pirat və brokonyer adlanan Çexiya əsilli biznesmen Viktor Kojeni 1997-ci ildə Dövlət Neft Şirkətini əldə etmək məqsədi ilə Azərbaycana gəlir. Nəticədə tarixin ən məşhur fırıldaqçıları siyahısında yer tutan Kojeni Bakıda fırıldaqla üzləşir və pullarını itirir. Ona kələk gələnlər isə hakimiyyətdə təmsil olunanlar idi. Kojeninin etdikləri və Azərbaycanda başına gələnlər “Ən böyük fırıldaqlar və fırıldaqçılar” kitabında da yer alıb.
Məsələnin yenidən gündəmə gəldiyini nəzərə alıb o zaman baş verənləri bir daha xatırlatmağı lazım bildik.
Onu da qeyd edək ki, Azərbaycana gələnə qədər Kojeni artıq xüsusi məharəti hesabına özü üçün kifayət qədər kapital toplaya bilmişdi. 1997-ci ildə isə şəxsi təyyarəsində dünya səyahətinə çıxan biznesmen Belarus, Rumıniya, Qazaxıstandan sonra Azərbaycana gəlir…
Təyyarədən Xəzərin sahilinə enən Viktor böyük pulların qoxusunu hiss edir. Onun məharətlə davranmağı bacardığı vauçerlərin iyi gəlir. Onun ilk “biznes” əməliyyatı da vauçerlərlə olub. Öz vətənində milyonlarla insanın payını əldə edən Kojeni ilk kapitalını bu yolla toplayıb.
Çexlərdən fərqli olaraq, Azərbaycan vətəndaşları vauçerləri pulsuz əldə edirdi. Bu proses ölkədə tam gücü ilə gedir – hökumət məmurları bütün kiçik obyektləri özəlləşdirməkdə idi. Növbədə xarici investorları maraqlandıra biləcək iri müəssisələr idi. Şübhəsiz ki, əhalidən vauçerləri almaq üçün bir çox işbazlar ortaya çıxdı. Kojeni çox düşünmədi. “Yuxulu gözəl”i öyatmaq üçün, (o romantikcəsinə Azərbaycanı belə adlandırırdı) Kojeni komanda toplayıb 150 milyon dollarlıq vauçer alır. 1997-ci ilin sonuna onun fəaliyyət planı hazırdı: Azərbaycanda, onun fikrincə, diqqətə layiq yeganə dövlət müəssisəsini – neft nəhəngi SOCARı almaq üçün kifayət edəcək vauçerlər toplamaq.
O zaman “Forbes” jurnalı Azərbaycan barədə bunu yazırdı: “Bu, dünyanın ən sirli və korrupsiyalaşmış ölkələrindən biridir. Azərbaycanda ”investisiya riski” mənasının bütün dərinliyi ilə özünü göstərir. Bu balaca ölkədə böyük kapitalist təcrübəsinin başlanmasından 10 il keçməsinə baxmayaraq, nə fond birjası, nə də müəyyən maliyyə tənzimlənməsi var. Əvəzində böyük rüşvətxorluq təcrübəsi və qohumbazlıq mövcuddur”.
Azərbaycan iqtisadiyyatının əsasında isə neft dayanır. Iranla Rusiya arasında sıxılan kiçik ölkə – dünyanın ən iri neft çıxaranlarındandır. Onu demək kifayətdir ki, 1990-cı illərdə dünyanın neft ehtiyatlarının yarıdan çoxu Azərbaycanın ərazisində cəmlənmişdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra burda əsl neft bumu başladı. Təxminən 10 mlrd barrel neft ehtiyatı olan ölkə Qərb investorları üçün dadlı tikəyə çevrilib. Təəccüblü deyil ki, əgər kimsə SOCARı ala bilsəydi, bu, əsrin sövdələşməsi olardı.
1997-ci il dekabrın 20-də o, Azərbaycandakı müəssisə ətrafında investorları toplamağa başlayır. Keçmiş katibəsi və artıq onun üçün arvadı olan Lyudka ilə birlikdə Viktor bahalı dağ kurortları ilə məşhur olan Aspendəki villasında möhtəşəm qəbul keçirir. Bu qonaqlığı Aspendə evləri olan varlılar hələ uzun müddət yadda saxlayacaq. 150 qonaq dəvət edilib (onlardan əksəriyyətini Kojeni heç tanımır) – bunlar Viktorun ən varlı və tanınmış qonşularıdı. Bahalı şərabların sel kimi axdığı gecədə qonaqların hər birinə Londondakı eksklüziv zərgərlik dükanı olan Asprey&Garpard-dan zərgərlik məmulatı hədiyyə edilir. Qonşularla tanış olmaq istəyi Kojeniyə 1 mln. dollara başa gəlir.
Kojeni yeni dostlarını “ikinci Küveytə” pul qoymağa inandırmaq istəyir və onlara yüzqat gəlir vəd edir. Təşviqat fəaliyyəti Aspendə həyata keçirilir. Məhz istirahətdə Kojeni Azərbaycanın “böyük imkanları barədə” söhbətlər edir. O, dostlarını dəvət edir, ziyafətlər təşkil edir. Onlar Viktorun təyyarəsində gəzir, bahalı restoranlarda nahar edir, ən yaxşı hotellərdə qalır. 1998-ci ilin əvvəlinə Aspen Azərbaycanın pərəstişkarları klubunu xatırlatmağa başlayır. Hamı ancaq Xəzər nefti barədə danışır. Ziyafətlərdə tez-tez bu kəlməni eşitmək olur: “Siz də Viktorun işindəsiniz?”. Kojeni birbaşa heç kimdən istəmir. Hamı özü verir. Hətta pulu götürmək üçün onu dilə də tuturlar. Investorlardan biri xatırlayır: “Insanlar pulu onun üstünə tökürdü”.
Viktora milyonlarla dollar pul verənlər arasında onunla birgə səyahətə çıxan zərgər Burk, evlərindən birini Klintonlara kirayə verən Riçard Fridman, Senatdakı çoxluğun sabiq başçısı Corc Mitçel də var. Kojeni nəzərlərini Uolstridə yönəldir. Bir qədər tərəddüdən sonra “Omega Advisors Hecing” fondu və ABŞ-da nəhəng sığorta şirkəti olan AIG neft layihəsi üçün Kojeninin gözlədiyindən də artıq pul verir. Ümumilikdə 450 mln. dollar toplanıb. Daha sonra köhnə dost Dinqman 250 mln. dollar da əlavə edir. Pulları Kojeni Isveçrə bankındakı hesabına qoyur.
Azərbaycanda prezident Əliyevdən xəbərsiz heç bir siyasi qərar qəbul olunmur. Bu məsələdə də ondan çox şey asılıdır. Ancaq azərbaycanlı məmurlardan Kojeniyə qədər hamı investorları əmin edir ki, narahatçılıq üçün heç bir əsas yoxdur: SOCAR-ın özəlləşdirilməsi yaxın vaxtda başlayacaq. Investorlardan bəziləri şəxsən Əliyevlə görüşür və o da eyni sözləri təkrarlayır. Kojeni tez-tez öyünür: “Biz – prezidentlə bir yataqdayıq”. Necə də inanmayasan? Kojeninin tərəfdaşları Bakıya gələndə onlar üçün şahlara layiq qəbullar təşkil edilir. Onlar yüksək rütbəli məmurlarla, o cümlədən Dövlət Əmlak Komitəsində ikinci şəxs olan Barat Nuriyevlə görüşür.
Keçmiş riyaziyyat professoru olan Nuriyev ziyalı və cəzbedici adamdı, üstəlik, ingilis dilində mükəmməl danışır, xariciləri, sadəcə, heyran edir. Onlar Nuriyevə sözsüz inanır, o da öz növbəsində investorları sakitləşdirərək neft şirkətinin tezliklə özəlləşdiriləcəyini vəd edir. Yeri gəlmişkən, Nuriyev vauçer əməliyyatlarında təxminən 2,8 mln. dollar qazanıb.
ardı var
Fizzə