Mühafizə xidmətindən qanunsuz olaraq çıxarılan Asif Lətifovla Seymur Əlicanovu susdurmağa çalışırlar
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları baş leytenant Asif Lətifovla, baş çavuş Seymur Əlinacov hədələnir. Bu barədə “Azadlıq”a onların özləri məlumat verib. Asif Lətifov deyib ki, dekabrın 15-də axşam saatlarında atasının mobil telefonuna açıq nömrədən zəng vuraraq hədə-qorxu gəldikdən sonra izləndiyini müşahidə edib.
“Mən artıq hədə zəngi ilə bağlı Abşeron Rayon Polis Idarəsinə məlumat vermişəm. Bu gün (dünən-red) isə polisə gedib izahat verməyi düşünürəm. Mən izlənməyim barədə də müraciət edəcəyəm. Doğrudur, bəlkə də böyür-başımda hərlənən naməlum adamlar tamamilə başqa şəxslərdir. Lakin hər halda onlar mənə qarşı hədələrdən sonra peyda olublar. Və mən də həyatıma təhlükə hiss etdiyimdən ehtiyatlı tərpənərək bu barədə müvafiq qurumlara müraciət etməyi düşünürəm”.
Asif Lətifov hesab edir ki, bu təzyiqlər onu susdurmaq məqsədi daşıyır: “Lakin mənim susmaq niyyətim yoxdur. Mənim hüquqlarım kobud şəkildə pozulub. 1994-1995 hadisələrində Heydər Əliyevin mühafizəsini təşkil etməyə qorxan adamlar bu gün mühafizə xidmətinin rəhbərliyində təmsil olunurlar. Mən isə nəinki qorxmuşam, əksinə Heydər Əliyevə görə güllə qabağına getmişəm. Indi məni absurd bəhanələrlə işdən çıxarıblar”.
Dünən həmçinin Asif Lətifovun XDMX-in rəisi Vaqif Axundova qarşı Səbael Rayon Məhkəməsində qaldırdığı iddia ilə bağlı məhkəmə hazırlıq prosesi keçirilib. Hakim Akif Əhmədovun sədrliyi altında keçirilən iclasda işlə bağlı tərəflərə ümumi məlumat verilib. Və bəlli olub ki, işə mahiyyəti üzrə dekabrın 27-də baxılacaq.
Seymur Əlicanov isə bildirib ki, müxtəlif şəxslər vasitəsilə hədələyici tonda xəbərdarlıqlar alıb: “Deyirlər, sakit dayan, yoxsa bunun nəticəsi sənin üçün yaxşı olmaz. Bu adamlar mənim hüquqlarımı pozublar, bu azmış kimi, ailəmin dağılmasına səbəb olublar. Indisə deyirlər ki, sakit dayan. Mən necə sakit dayana bilərəm? Getsinlər maraqlansınlar 1994-1995-ci illərdə meydanda kim olub, kim qaçıb. Asif Lətifov kimi, mənim kimi peşəsini, ona tapşırılan xidməti hər şeydən üstün tutan qorxmaz insanlar sinəsini avtomatın qabağına verib. Onda Vaqif Axundov harada idi?”.
Seymur Əlicanov da həyatına təhlükə hisss etdiyini deyərək bu barədə müvafiq orqanlara müraciət etmək niyyətində olduğunu deyib.
Informasiya şöbəsi



