«Aprelçilər»in işi Avropa Məhkəməsində

Ictimai Palatanın aksiyaları zamanı saxlanan 22 nəfər barəsində hökmdən Avropa Məhkəməsinə şikayət edilib

Ictimai Palatanın (IP) mart-aprel aylarında Bakının mərkəzində keçirdiyi aksiyalar zamanı saxlanılaraq inzibati həbs cəzasına məhkum edilən 22 nəfər barəsində olan hökmdən Avropa Insan Haqları Məhkəməsinə şikayət edilib.
Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib. Ə.Mustafayev həmin şəxslərin şəxsi toxunulmazlıq, sərbəst toplaşmaq kimi hüquqlarının pozulduğunu bildirib. O, həmin pozuntulara görə Azərbaycan tərəfindən bir nəfər üçün 25 min-45 min avro arasında təzminat ödənilməsinin tələb olunduğunu deyib.
Vəkil həbsdə olan Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının barəsində seçilmiş həbs-qətimkan tədbiri barəsində də Avropa Insan Haqları Məhkəməsinə şikayət etdiklərini bildirib.
O, A.Hacılının hüquqları pozulduğu üçün Azərbaycan dövlətindən 45 min avro təzminat tələb olunduğunu bildirib. Vəkil məhkəməyə daxil olan şikayətlərə nömrə və qovluqlar açıldığını, bu haqda onlara cavab gəldiyini qeyd edib.
Qeyd edək ki (APA), Ictimai Palatanın keçirdiyi aksiyalar zamanı bir neçə nəfər saxlanılıb.