Kərəm Həsənovun müavini niyə saxlanılıb?

Rafiq Cəlilovun 2 günlük həbsilə bağlı müxtəlif versiyalar səsləndirilir

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədr müavini Rafiq Cəlilovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumat vermişdik. Bildirmişdik ki, hadisə dekabrın 11-də baş verib. Rafiq Cəlilovu kabinetindən aparıblar və 2 gün saxladıqdan sonra sərbəst buraxıblar. Kərəm Həsənovun müavininin hansı hüquq-mühafizə orqanı tərəfindən və nəyə görə saxlanıldığı bəlli deyil.
Hələ ki, bu xəbər komitə tərəfindən təkzib edilməyib. Bu isə məlumatın doğru olması barədə qənaətləri daha da möhkəmləndirir. Bəs Rafiq Cəlilov nə üçün saxlanılıb?
Ekspertlər bu müəmmalı 2 günlük həbslə bağlı bir neçə versiya səsləndirir. Versiyalardan biri Kərəm Həsənovun fəaliyyətilə bağlıdır. Onların fikrincə, komitə sədri əmlak bölgüsü zamanı hansısa səhvlərə yol verib. Bu baxımdan onun müavini və həm də qohumu olan Rafiq Cəlilov kabinetindən aparılıb. Komitə sədri səhvini düzəltdikdən sonra isə müavini sərbəst buraxılıb. Başqa bir versiya isə Kərəm Həsənovun oliqarxların maraqlarına toxunması ilə bağlıdır. Mümkündür ki, Kərəm Həsənov hakimiyyətdə hansısa güclü fiqurun maraqlarını tapdalayıb. Həmin oliqarx isə Kərəm Həsənova təzyiq məqsədilə onun müavinini həbs etdirməyə çalışıb. Əmlak komitəsindən şikayətlərin kifayət qədər olması Rafiq Cəlilovun həbsi üçün əsas olub.
Yenə də problem həll olunduqdan sonra Rafiq Cəlilov sərbəst buraxılıb.
Informasiya şöbəsi