Fövqəlnazir «Proster & Gamble» şirkətinin rəsmi distribütorluğunu «Gilan»a vermək üçün hərəkətə keçib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Amerikanın “Procter & Gamble” şirkətinin rəsmi distribütorluğunu ələ keçirmək istəyir. Nazir distribütorluğun öz nəzarətində olan bir şirkətə – “Gilan” Holdinqə verilməsi üçün ciddi-cəhdlə çalışır. “Procter & Gamble”ın Azərbaycandakı tərəfdaşı “Engin” LTD şirkətidir.
Musa Engin adlı Türkiyə vətəndaşına məxsus olan bu şirkət illərdir “P&G”nin məhsullarının Azərbaycanda satışı ilə məşğuldur. Bu məhsullara Azərbaycan alıcılarının yaxşı tanıdığı “Ariel”, “Tide”, “Somet”, “Fairy”, “blend-a-med”, “Rantene”, “head & shoulders”, “Safeguard”, “Samay”, “Blendax”, “Pampers” və bir çox başqa tanınmış brendlər daxildir. Görünür, bu məhsulların Azərbaycan bazarında işlək olduğunu görən K.Heydərov məhz bu səbəbdən distribütorluğun “Gilan”a verilməsinə çalışır. Lakin nazirin cəhdlərinə baxmayaraq “Engin” geri çəkilmək fikrində deyil. Məlumatlara görə, artıq məsələyə Türkiyənin Azərbaycandakı səfirliyi də qarışıb.
Qeyd edək ki, illər əvvəl, hələ Gömrük Komitəsinin sədri işləyərkən K.Heydərov “Gilette”ni də “Engin” LTD-nin əlindən almaq və bu məhsulun Azərbaycan bazarında satışı ilə özü məşğul olmaq istəyirdi. Həmin vaxt K.Heydərov “Gilette”in məhsullarını bir neçə gün gömrükdə saxlamış, Azərbaycana daxil olmasına imkan verməmişdi. Lakin məsələ ölkə rəhbərliyi səviyyəsində böyümüş və K.Heydərovun istəyi baş tutmamışdı. Hazırda “Engin” LTD “Procter & Gamble” və “Gilette”dən başqa daha 7 əcnəbi şirkətin də distribütorluğu ilə məşğul olur. Onların arasında “Wella”, “Duracell”, “Braun”, “Oral-B” kimi şirkətlər var. “P&G” və “Gilette”dən fərqli olaraq, K.Heydərov sözügedən 7 şirkətdən birinin distribütorluğunu ələ keçirə bilib. Bu, Türkiyənin “Ipekkağıt” firmasıdır. Bu firmanın da Azərbaycanda “Selpak”, “Solo” kimi geniş yayılan məhsulları var.
Informasiya şöbəsi