“Insan hüquqları naminə” ictimai birliyinin rəhbəri, keçmiş siyasi məhbus Eynulla Fətullayev Qobustan həbsxanasında monitorinq aparıb. Fətullayevin “Turan”a verdiyi məlumata görə, monitorinqin hesaba daxil olmuş nəticələri Ədliyyə Nazirliyinə təqdim ediləcək, habelə ictimaiyyətin diqqətinə çatdırılacaq.
Fətullayevin sözlərinə görə, monitorinq həbsxananın altı korpusunu, cərimə təcridxanası, sanitar hissə, təsərrüfat briqadasının barakı, klub və s.-ni əhatə edib. “Ömürlük cəza çəkən məhbusların əksəriyyəti ilə, o cümlədən məşhur məhbuslar: eks-general Zakir Nəsirov, polkovnik Kamil Sədrəddinov, OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, Samuxun keçmiş icra hakimi Vaqif Hüseynov və digərləri ilə görüşdüm. Məhbusların əksəriyyətinin şikayətləri istintaqın və onlar barəsində məhkəmə qərarlarının ədalətsiz olması ilə bağlıdır.
Saxlanma şəraitinə gəlincə, məhbusların əksəriyyəti Qobustan həbsxanasına yeni rəhbərliyin gəlməsi ilə müsbət dəyişikliklər olduğunu qeyd ediblər.
Fətullayev müsbət irəliləyişlərlə yanaşı, bir sıra aradan qaldırılması vacib olan nöqsanları da qeyd edib. Belə ki, bir çox kameralarda hələ də beton döşəmə var.
Bundan başqa, bir çox məhbuslar həbsxana rəhbərliyinin yüksək instansiyalara məktub və şikayət göndərməkdə maneələr yaratmasından şikayətləniblər.



