Cəlal Əliyev Əli İnsanovu niyə müdafiə edib?

Mahal İsmayıloğlu: «Heydər Əliyevin dövründə Əli Insanovun həm ailəyə, həm də YAP-a elədikləri heç zaman unudulmurdu»

YAP-dakı köhnə qvardiyanın sıxışdırılması indi qabarıq formada nəzərə çarpsa da, ümumilikdə proses uzun müddətdir ki, başlayıb. Mövzu ilə bağlı Ictimai Palatanın üzvü, “Azərbaycan” qəzetinin keçmiş əməkdaşı Yeganə Əmiraslanova “Azadlıq”a müsahibədə maraqlı fikir səsləndirib. Y.Əmiraslanovanın sözlərinə görə, o, işlədiyi dövrdə “Azərbaycan” qəzetinin baş redaktoru olan mərhum yazıçımız Əmir Mustafayev hakimiyyətlə bağlı yazılara görə iki dəfə beyin iflici keçirmişdi. Bir dəfə Əli Insanovun əleyhinə Bəxtiyar Sadıqov kəskin tənqidi yazı yazan zaman Cəlal Əliyevin möhkəm tənqidi ilə üzləşibmiş.
“Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal Ismayıloğlunun sözlərinə görə, hakimiyyətyönlü qəzetdə nazirlər və dövlət məmurları barəsində tənqidi yazıların dərc olunması həmişə xüsusi göstərişlə olub. M.Ismayıloğlu da öz növbəsində baş redaktor işlədiyi müddətdə üzləşdiyi maraqlı bir faktı bizimlə bölüşdü: “Hələ Heydər Əliyevin səhhəti barədə müxalifət mətbuatında tənqidi yazılar dərc olunmamışdan qabaq çox sərt bir məqalə ”Azərbaycan” qəzetində yer almışdı. Həmin məqalədə Heydər Əliyevin səhəttində ciddi problemlərin olduğu vurğulanmaqla yanaşı, onun sərəncamları və qanunları oxumadan imzaladığı vurğulanmışdı. Hələ dövlət mətbuatında Heydər Əliyev barəsində belə bir tənqidi yazı dərc olunmamışdı. O zaman Ramiz Mehdiyev hakimiyyətyönlü mətbuatın rəhbərlərini yığaraq Əmir Mustafayevdən bu yazının qəzetə necə yol tapdığını soruşmuşdu. Məlum olmuşdu ki, bu yazının qəzetdə çap olunması barədə heç Əmir Mustafayevin məlumatı olmayıb. O zaman Ramiz Mehdiyev Əmir Mustafayevə söylədi ki, əgər səhər “Azərbaycan”da gedən məqaləni müxalifət mətbuatı dərc etsə, o zaman baş redaktor barəsində olduqca ciddi tədbir görüləcək. Yox, yazı barədə hər hansı məlumat olmasa, o zaman hələlik Əmir Mustafayev barəsində heç bir addım atılmayacaq. Amma bu o demək deyil ki, o, yol verdiyi səhvə görə bağışlanıb. Maraqlısı odur ki, bu yazı barədə müxalifət mətbuatı nədənsə xəbər tutmadı və o zaman Əmir Mustafayev barəsində də o qədər ciddi tədbir görülmədi”.
R.Mehdiyevlə Ə.Insanovun həm mətbuatda, həm də yığıncaqlarda bir-birinə qarşı sərt ifadələrinin o zaman dəfələrlə müşahidə olunduğunu deyən M.Ismayıloğlu vurğuladı ki, amma bütün ziddiyyətlərə baxmayaraq Ə.Insanovun xüsusi yerini H.Əliyev həmişə vurğulayırdı. M.Ismayıloğlu hesab edir ki, elə məhz bu üzdən “Azərbaycan” qəzeti Ə.Insanovu tənqid edərkən Cəlal Əliyev onu müdafiə edib: “Sevil Əliyeva mətbuata açıqlamasında da dəfələrlə vurğulamışdı ki, məhz Əli Insanov Heydər Əliyevin Bakıya gələcəyi təqdirdə ona hər cür yardım edəcəyinə söz vermişdi. Bundan başqa, YAP-ın yaradılmasında Əli Insanovun oynadığı rolu da hakimiyyət unutmurdu. Ona görə hakimiyyət mətbuatında Əli Insanov barəsində gedən tənqidi yazılar həmişə qalmaqallarla bitirdi”.

Hikmət