“Şəki Bazar”ın rəhbəri Abdullayevin niyə saxlandığı hələlik dəqiq bəlli deyil
“Şəki Bazar” ASC-nin rəhbəri Vahid Abdullayev saxlanılıb. Hadisə dekabrın 16-da baş verib. Rayondan “Azadlıq” qəzetinə verilən məlumata görə, Abdullayev Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin yaxın qohumudur.
Bildirilir ki, Şəkidəki əksər iri müəssisələr bankir Hacıyevin bacanağı Ismayıl Hidayətzadənin adına özəlləşdirilib. “Şəki Bazar”ın rəhbəri Abdullayev də onun kürəkənidir.
Həbsin motivinə gəlincə, bu barədə dəqiq məlumat yoxdur. Yalnız o məlumdur ki, Abdullayevin həbsindən bir gün qabaq bazardakı mağazalardan birinin qadın sahibindən aylıq icarə haqqı tələb olunub. O isə bunun üçün möhlət istəyib. Bundan sonra bazarın rəhbəri Abdullayevin göstərişi ilə həmin adamın mağazası bağlanıb.
Mağazanın sahibi isə buna etiraz əlaməti olaraq üzərinə benzin tökərək özünü yandırıb. Lakin ətrafdakılar onun həyatını xilas ediblər.
Bundan irəli gələrək rayonda belə söhbətlər dolaşır ki, Abdullayev bu hadisə ilə əlaqədar polisə çağırılıb. Lakin o, çağırış üçün gələn polisləri qovub, bundan sonra da onu polisə müqavimət adı ilə saxlayaraq barəsində cinayət işi başlayıblar. Hazırda rayonda Abdullayevin həbs ediləcəyi haqda danışılır.
Məlumatlarda, həmçinin deyilir ki, Şəkinin icra başçısı Elxan Usubov bir neçə gün əvvəl sahibkarları qəbul edib. Onlar Abdullayevin qanunsuz əməlləri barədə icra başçısını məlumatlandırıblar. Elxan Usubov isə öz növbəsində bildirib ki, yaxın günlərdə problem həllini tapacaq. Məlumat üçün deyək ki, Elxan Usubov ədliyyə naziri Fikrət Məmmədova yaxın şəxs sayılır. Ondan əvvəlki icra başçısı Murad Cabbarlı isə Cahangir Hacıyevin kadrı hesab edilirdi.
Ümumiyyətlə, Elxan Usubova qədər Şəkinin icra başçıları Cahangir Hacıyevin yaxın ətrafına daxil olan şəxslər idi. Bu, Şəkinin Beynəlxalq Bankın prezidentinin kurasiyasında olması ilə izah edilirdi. Lakin Murad Cabbarlının dövründə sahibkar Hikmət Səlimovun intiharı Şəkinin Cahangir Hacıyevin nəzarətindən çıxmasını şərtləndirdi. Hikmət Səlimovun intiharından bir müddət sonra Murad Cabbarlı tutduğu vəzifədən azad edildi və onun yerinə Elxan Usubov gətirildi. Bununla da Şəki faktiki olaraq, Cahangir Hacıyevin əlindən çıxdı.
Informasiya şöbəsi
.