Kristin Laqard: «Dünya 1930-cu illərin «Böyük Depressiya»sı ərəfəsindədir»
Dünya 1930-cu illərdə olduğu kimi, “Böyük Depressiya” ərəfəsindədir. “The Guardian”ın xəbərinə görə, bu sensasion bəyanatla BVF rəhbəri Kristin Laqard çıxış edib.
Onun sözlərinə görə, dünya ölkələri borc böhranını aşmaq üçün fikir ayrılıqlarını aradan qaldırmasalar və birgə işləməyə başlamasalar, bunun nəticəsi çox ağır olacaq. “Dünya iqtisadiyyatının inkişaf perspektivləri hazırda o qədər də sevindirici deyil və eynən 1930-cu illərdə olduğu kimi çox qaranlıqdır. Amma biz o cür nəticələrin olmasını istəmirik” -deyə K.Laqard qeyd edib(APA).
BVF rəhbəri deyib ki, böhranı ayrı-ayrı dövlət qrupları deyil, bütün dünya həll etməlidir: “Bu dünyada heç bir ölkə böhrandan sığortalanmayıb”.
Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran Italiya, Ispaniya, Irlandiya və Portuqaliyanı da əhatə edib. Avropa Ittifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 340 mlrd. avro (adambaşına 31 min avro) təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.


