Bu müxalifət getməlidir…

Rusiyanın təsirləri barədə tezislər və anti-tezislər…

Rusiyada baş verənlərin Azərbaycanda necə əks olunacağı son günlərdə əsas müzakirə mövzularından biridir. Bu da təbiidir. Çünki “çəpərimizin o tayındakı yanğın bizim də ot tayamızı yandıra bilər”…
Biz də uzun müddətdir çalışırıq ki, “siyasi ekologiyanı korlayan tullantıları” hansısa formada üfüqünüzdən çıxaraq. Bunun əksinə çalışanlar da var. Hətta elələri var ki, sadəcə, çalışdığını göstərir. Kimin tərəfində olduğunu isə əsla göstərmir.
Nəzəriyyələrin və tarixi təcrübənin göstərdiyi kimi, siyasi təşəbbüslərin boğulmasının son həddi xalq üsyanıdır. Çünki təmsilçilik mexanizmi üzrə ayrı-ayrı təbəqələri, platformaları əhatə və ifadə edən partiyalar susdurulduqca xalq özü öz sözünü deməyə məcbur olur. Bu dəfə isə bir yerdə və kütləvi… Ona görə də “xalq inqilabında hər cür adam olur” ifadəsi tez-tez xatırlanır. Bunun bircə izahı var ki, sistem artıq hər təbəqədən insanlar üçün dözülməz olanda  birgə və qarışıq etiraz qaçılmaz olur.

Azərbaycanda  nə baş verir?

Zaman kontekstində mənim də tənqidlərim olsa da, 2-17 aprel aksiyaları göstərdi ki, Azərbaycan müxalifəti meydana çıxmağa və xalqın etirazlarını səsləndirməyə hazırdır. Amma məsələ bu etirazları səsləndirməklə bitmir. Bitmədiyi üçün də xalqın geniş iştirakı qaçılmazdır. Hava və su kimi vacibdir. Ölkənin böyük intellektual potensialı cəmləşən ali məktəblərdə professorlar əlində qələm, mitinqə etiraza çıxan gəncləri universitetlərdən qovmaq üçün “ov gözləyən aslan” kimi yatıblar. Bir qədər cəsarətliləri isə bir neçə dəfə toplaşıb, sadəcə, hakimiyyətə təkliflər verməklə kifayətləniblər. Bunu bir missiya kimi alqışladıq. Amma mübarizənin önündə olan qüvvələrdən məsafə saxlamaqla cəmiyyəti dəyişmək istəmək eyni qafada birləşirsə, deməli, ya səmimiyyət yoxdur, ya da anormallıq var. Bəzi qruplar isə gah “xalq yoxdur”, gah da “müxalifət yoxdur” deməklə varlıqlarını sürdürməyi özlərinə borc bilirlər. Əslində isə, xalqla müxalifətin arasına girmiş bu rahiblər olmasa, ya da onlar öz iddialarını ortaya qoysalar (məsələn, desələr ki, seçkidə filan platforma ilə çıxış edəcəyik), qısası, bu işin, bu davanın bir tərəfində olsalar, xalq da işini bilər.

Bu müxalifət getməlidir, gedəcək də…

Müxalifətin vahid namizədinin olmamasını bizim başlıca problemimiz kimi görən dostlarımız da var. Rusiyada baş verənlərə münasibətdə müxalifət bu ittihamla üzləşib. Əcəb,  Rusiyada müxalifətin ümumiyyətlə, lideri yoxdur. Nəinki Əli Kərimli, Isa Qəmbər, Lalə Şövkət kimi, heç ikinci liqadakı liderlərlə müqayisə ediləcək bir fiqurları da yoxdur. Amma bu, rus ziyalısının, publisistinin dərdi deyil. Çünki ortada rus xalqı var. Çünki rus alimləri “hər gün bir adam udan təpəgözə” təklif vermirlər. Onlar ortaya mövqe qoyublar. Mövqe deyəndə söhbət yalnız hakimiyyəti tənqid etməkdən getmir. Bu mövqe rasional siyasi düşüncə nəticəsində hərəkətverici liderin fərqlənməsinə kömək etmək, tərəddüdləri aradan qaldırmaq, həqiqi bir mübarizədə səmimi iştirak etməkdir.
“Bu müxalifət getməlidir”, ya da “bu müxalifət yaramır” deyənlər elə hesab etsinlər ki, istəkləri baş tutub, buyursunlar. Həvəskar siyasətçi dostlarımız nədənsə, bir şeyi diqqətdən qaçırırlar; siyasətin və siyasətçinin vəzifəsi görəcəyi iş, doğrunu tapmaq və çox adamı buna inandırmaqdır. Bunu bu müxalifət bacarırsa, siz bacarmırsınızsa, günah (çatmayan nəsə) sizin özünüzdədir. Əgər hakimiyyətin silah işlətməsi, güc tətbiq etməsinə görə də müxalifət günahkardırsa, onda gəlin, bu mələk kimi hakimiyyəti qoyub, elə bu müxalifəti asaq.