Kremldəki mənbə: «Artıq Rusiya Suriyanın vəkili olmaq fikrində deyil»
Ötən gün Suriyanın müxtəlif şəhərlərində Bəşər Əsəd rejiminə qarşı ənənəvi cümə etirazları keçirilib. Başda hazırda mühasirədə saxlanılan və hökumət qüvvələrinin mütəmadi hücumlarına məruz qalan Homs şəhəri olmaqla, Dəraa, Həma, Dər əz Zor, Qamışlı və paytaxt Dəməşqin müxtəlif bölgələrində cümə namazından sonra küçələrə axışan suriyalılar Bəşər Əsədin istefasını tələb ediblər. Hökumət qüvvələri etiraz aksiyalarını dağıtmaq üçün gözyaşardıcı qaz və odlu silahdan istifadə edib. Əsgərlərin açdığı atəş nəticəsində azı 15 nəfər həlak olub, onlarla etirazçı yaralanıb.
Əsəd rejiminə qarşı ən kütləvi etiraz aksiyası Homs şəhərində keçirilib. Neçə gündür ki, hökumət qüvvələri bu şəhəri mühasirədə saxlayır, müxaliflərin toplaşdığı yerlərdə qanlı əməliyyatlar keçirilir. Buna baxmayaraq, şəhərin 200 min sakini yenə də cümə namazından sonra meydanlara toplaşıb. Əsgərlər əvvəlcədən müxaliflərin toplaşmasına mane olmaq istəsələr də, bütün cəhdlər səmərəsiz qalıb.
Müxaliflər Əsəd rejiminə qarşı ötən gün baş tutmuş aksiyalara “Ərəb Birliyi bizi öldürür” cüməsi” adını verib. Bu yolla onlar Ərəb Ölkələri Liqasının Bəşər Əsədə münasibətdə sərt mövqe nümayiş etdirməməsinə də etirazlarını bildiriblər. Bəzi müxaliflər aksiyaların yalnız Suriya hakimiyyətini deyil, Ərəb Ölkələri Liqasını da hədəfə aldığını söyləyib. Onların fikrincə, Ərəb Ölkələri Liqası Əsəd rejiminə vaxt qazandırır. Bu arada, Rusiyanın BMT-dəki nümayəndələri Təhlükəsizlik Şurasının üzvləri arasında Suriyadakı zorakılıqlara son qoyulmasına çağıran qətnamə layihəsi yayıblar. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, sənəddə Suriyada qan axıdılmasının qarşısının alınmasının vacibliyi vurğulanır. Bununla belə, qətnamə layihəsində Suriyaya qarşı hər hansı sanksiya ilə bağlı müddəa yoxdur.
Məlumata görə, BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri qətnamə layihəsini bəyəndiklərini bəyan ediblər.
Xatırladaq ki, oktyabrın 4-də Fransa, Böyük Britaniya, Almaniya və Portuqaliya tərəfindən Suriya ilə bağlı təklif olunan layihəyə Rusiya və Çin veto qoymuşdu. Layihədə Suriya hakimiyyətindən müxalifətin çıxışlarının zor gücünə yatırılmasına son qoyulması tələb edilir və Dəməşqə qarşı sanksiyaların tətbiqinin mümkünlüyü vurğulanırdı.
Suriyanın vitse-prezidenti Faruk əl Sari ölkədəki böhranın aradan qaldırılmasını nəzərdə tutan qətnamənin müzakirəsi üçün Moskvaya səfər edib. Onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılıb. “ITAR-TASS” agentliyi Kremldəki mənbəyə istinadən xəbər yayıb ki, Rusiya Suriya rəsmisi ilə ciddi danışacaq: “Rusiya Əsədin müavininin başını sığallamağa çağırmır. Ondan ciddi addımlar atmaq və ölkədəki vəziyyətin aradan qaldırılması istiqamətində konkret işlər görmək tələb olunacaq. Moskva Suriyanın vəkili olmaq fikrində deyil”.
Informasiya şöbəsi


