BBC hökumətin “Eurovision” bəhanəsi ilə mülkiyyət hüquqlarını necə tapdadığını yazdı
“Hakimiyyət insanların mülkiyyət hüququna hörmətlə yanaşmasa, “Eurovision” uğurlarını qeyd etməyə səbəb qalmayacaq”
BBC-nin Cənubi Qafqaz üzrə xüsusi reportyoru Daniel Makkuinz 2012-ci ilin mayında Bakıda “Eurovision” musiqi yarışmasının keçirilməsi üçün nəzərdə tutulan konsert zalının tikintisinə ayrılan əraziyə yaxın yaşayış evlərinin sökülməsindən bəhs edən məqalə yazıb. Makkuinz məqaləsində qeyd edir ki, hökumət yarışmanın keçiriləcəyi konsert zalının tikintisi aparılacaq ərazidə yaşayan yüzlərlə insanı illərlə yaşadığı evindən çıxarır.
Müəllif məqaləsində evindən çıxarılma təhlükəsiylə üzləşən təqaüdçü qadından bəhs edir: “On bir ildir yaşadığı evindən çıxmaq istəməyən təqaüdçü Nataliya Əlibəyovanın mənzili böyük tikinti meydançasının ortasında qalan son tikililərdən biridir. Onun evi böyük kranlarla “mühasirəyə” alınıb. Yaşlı qadının evinə gedən yol tamamilə yarasız hala düşüb. Ötən həftə bir qrup şəxs heç bir rəsmi sənəd göstərmədən təqaüdçü qadından ilin sonuna qədər evindən çıxmasını tələb ediblər. Əks təqdirdə onun zorla evindən çıxarılacağı haqda xəbərdarlıq ediblər. Həmin şəxslər qadına bildiriblər ki, o hökumətə qarşı çıxa bilməz. Onun heç bir haqqı və evi olmadığını deyiblər”.
Danilen Makkuinz yazır ki, havaların soyuduğu bir vaxtda təqaüdçü qadının evinə verilən maye qaz və suyu kəsiblər. Paytaxt rəhbərliyi ilə əlaqə saxlamaq istəyən BBC əməkdaşları nə üçün zəng etdiklərini söyləyəndə rəsmilər telefonu bağlayıblar.
Müəllif daha sonra qeyd edir ki, 65 ailə, təxminən 300 nəfər insan tikinti işlərinin aparıldığı ərazidə yaşayır. Tikinti işləri zamanı səs-küy yarandığı, təhlükəsizlik qaydaları gözlənilmədiyi üçün insanların normal yaşayışı çətinləşib.
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı baş verənləri sərt tənqid edərək Azərbaycanda mülkiyyyət hüquqlarının kobudcasına pozulduğunu açıqlayıb. Təşkilat baş verənlərlə bağlı Azərbaycan rəhbəri İlham Əliyevə müraciət ünvanlayıb. Lakin hələki Azərbaycan hakimiyyəti həmin müraciətə cavab verməyib. “Eurovison” dünyanın ən aparıcı və tamaşaçı sayına görə ən populyar yarışmalarından biridir. Azərbaycan hökuməti yarışmadan istifadə edərək ölkənin imicini artırmağı planlaşdırır. Ancaq hazırda bu ölkədə baş verənlər hökumətin planlarına ciddi zərbə vura bilər. Dünya mediası artıq Azərbaycanda insan haqlarının pozulmasına xüsusi diqqətdə saxlayır. Azərbaycan hakimiyyəti Əlibəyova və onun ailəsinin taleyilə üzləşən insanların mülkiyyət hüququna fərdi qaydada hörmətlə yanaşmasa o zaman “Eurovision” yarışmasının gətirdiyi uğurları qeyd etməkçün heç bir səbəb qalmayacaq”, – deyə Danilen Makkuinz yazır.