Azərbaycanda partlayıcı zavodları tikiləcək

Müdafiə Sənayesi Nazirliyi yaradıldığı qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb, istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 658-ə çatdırılıb. Bunu jurnalistlərə açıqlamasında Müdafiə Sənayesi naziri Yavər Camalov bildirib. Camalov qeyd edib ki, il ərzində istehsal olunan müdafiə təyinatlı məhsullar 228 çeşid artıb.

Nazir deyib ki, Azərbaycanda partlayıcılar istehsal edən zavodların tikintisi nəzərdə tutulur. Bu məsələ 2012-ci ildə qarşıda duran əsas prioritet məsələlərdən biridir. «Bu layihələr barıt, trotil istehsal edən zavodların tikintisi, müxtəlif çaplı raketlərin, o cümlədən tank əleyhinə raket buraxılışı komplekslərinin yığım sahəsinin inşası və s.-dir», – nazir qeyd edib.

O əlavə edib ki, Müdafiə Sənayesi Nazirliyi 2012-ci ilin sonuna qədər 60 ədəd «Aerostar» və «Orbiter-2M» tipli pilotsuz uçuş aparatları təhvil verəcək. Hazırda bu istiqamətdə işlər aparılır (Trend).