Azərbaycan Fransanın həmsədrliyindən imtina etməlidir

Elxan Şahinoğlu: «Parisin «erməni soyqırımı» ilə bağlı atdığı addım bu dövlətin tərəfsizliyini pozur»

Fransa Senatının qondarma “erməni soyqırımı”nın kriminallaşdırılması haqda qanun layihəsi qəbul etməsi bir sıra suallar doğurur. Belə olan halda, “erməni soyqırımı”nı rədd edən hər kəsə həbs cəzası vermək barədə qərar çıxaran ölkə necə Qarabağ münaqişəsinin həllində obyektivlik nümayiş etdirə bilər.
Ermənilərə qarşı açıq simpatiya nümayiş etdirən bir dövlətin münaqişənin həllində tərəfsiz olacağı az inandırıcıdır. Bundan başqa, ekspertlər hesab edir ki, “erməni soyqırımı”na qarşı strateji müttəfiqimiz olan Türkiyənin dünyada apardığı mücadiləyə rəsmi Bakı da öz töhfəsini verməlidir. Baş verənlərə həm dövlət, həm parlament səviyyəsində etiraz nümayiş etdirilməlidir. Ən əsası bu məsələ ilə bağlı parlamentdəki Fransa-Azərbaycan dostluq qrupu qəti mövqe sərgiləməlidir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, heç şübhəsiz, Fransanın “erməni soyqırımı” ilə bağlı atdığı addım bu dövlətin tərəfsizliyini pozur. Belə olan halda, isə Azərbaycanın Fransanın Minsk qrupunda qalmasına razılıq verməsi yolverilməzdir: “Fransanın hazırkı rəhbərliyinin heç nədən çəkinmədən Ermənistana rəğbət bəslədiyi açıq şəkildə görünür. Görünür, Sarkozini Fransa-Türkiyə münasibətlərinin gərginləşməsi az narahat edir. Və bu addım qarşıdan gələn seçkilərdə erməni lobbisinin dəstəyini almağa xidmət edir”. ATƏT-in Minsk qrupunda Fransanın Avropa Birliyi ilə dəyişdirilə biləcəyinin dəfələrlə gündəmə gəldiyini xatırladan E.Şahinoğlu vurğuladı ki, Azərbaycan bu ideyanın gerçəkləşməsi üçün əlindən gələni etməlidir.
E.Şahinoğlu da hesab edir ki, Azərbaycan Türkiyə ilə yanaşı hazırda “erməni soyqırımı”nın tanınmasına qarşı mübarizə aparmalıdır: “Baş verənlərə həm hökumət, həm də parlament səviyyəsində mövqe bildirilə bilər. Baş verənlərlə bağlı həm Milli Məclisdəki Fransa-Azərbaycan dostluq qrupu, həm də Fransa Senatındakı eyni adlı qrup münasibət sərgiləməlidir. Çünki Fransanın bu xarici siyasətinə Azərbaycan etiraz etməyəcəyi təqdirdə bu vektor daha da dərinləşə bilər”.

Xəyal