Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 6-cı ildönümü tamam olub. Bu münasibətlə Kəmaləddin müəllim babat bir mərasim keçirib, oradakı çıxışında 6 il ərzində qazanılan uğurlardan danışıb. Arada isə deyib ki, bu il özünü FHN əməkdaşı kimi təqdim edən 17 nəfəri cəzalandırıblar.
Sən demə, onlar özlərini FHN əməkdaşı kimi təqdim edib camaatdan bu nazirlikdə işə düzəltmək, obyektlərin istismara qəbulu ilə bağlı saxta möhürlər vurmaq adı ilə rüşvət alırmışlar. Guya FHN-də rüşvət-zad yoxdur, bir növ xalq özü FHN-in adından istifadə edərək rüşvətxorluqla məşğuldur. Görünür, Kəmaləddin müəllimin onun nazirliyinə el arasında “Fövqəladə Pullar Nazirliyi” deyilməsindən, özünün adının isə “korrupsiya”, “büdcə talançılığı” ilə assosiasiya olunmasından xəbəri yoxdur.
Yeri gəlmişkən, bəlkə Kəmaləddin müəllim elə bilir xalq ona “bəstəkar” yarlığını da bəstələdiyi mahnılara görə qoyub? Belə fikirləşirsə, yanılır, ona bəstələdiyi mahnılara görə yox, bəslədiyi saytlara, qəzetlərə, baş redaktorlara, partiya sədrlərinə görə “bəstəkar” deyirlər, bunu unutmasın.
Qayıdaq özünü FHN əməkdaşı kimi təqdim edib başqalarını aldadanlara, kələk gələnlərə… Əslində, burada yalnız aldadana yox, həm də aldanana baxmaq lazımdır. O niyə aldanır? Niyə belə dələduzlara inanır? Əgər FHN-in cəmiyyətdə “rüşvətdən, kirli işlərdən uzaq” imici olsaydı, onlar yenə aldanardılarmı? Deməli, özünüz adamları işə rüşvətlə qəbul edir, nə bilim, istismara qəbul aktlarını pulla möhürləyirsiniz ki, başqaları da eyni xəyala düşürlər. Işini həm məmur qapılarında süründürülmədən, həm də sizin tələb etdiyinizdən ucuz qiymətə gördürmək üçün sağa-sola vurnuxur, axırda da dələduzların, fırıldaqçıların tələsinə düşürlər.
Ümumiyyətlə, biz özünü hansısa nazirliyin, komitənin əməkdaşı kimi təqdim edib pul qazanmaq eşqinə düşənlər haqqında tez-tez oxuyuruq. Mən belələrini qətiyyən qınamıram. Əgər bir dəstə adam xalqın adından istifadə edərək hakimiyyəti qamarlayıbsa və qaz vurub qazan doldurursa, xalq niyə onların nazirliklərinin, komitələrinin adından istifadə edib qarnını doyurmamalı, bir tikə çörək tapmamalıdır? Bəyəm Kəmaləddin müəllim bu gün oturduğu postda xalqın adından istifadə edib hakimiyyəti ələ keçirən bir nəfərin sayəsində əyləşməyibmi? Onda zəhmət çəksin, xalqın nümayəndələrinə də imkan versin, onlar da Kəmaləddin müəllimin nazirliyinin adından istifadə edib qəpik-quruşlarını qazansınlar. Necə yəni, Kəmaləddin müəllimə halal olan xalqa haramdırmı?
Üstəlik, mən sadə insanlarımızın özlərini FHN əməkdaşı kimi təqdim etməsində qeyri-adi, qanunsuz heç nə görmürəm. Xalq onsuz da gec-tez FHN əməkdaşları kimi çalışmalı olacaq, bu çirkin gedişata “Dur!” deyəcək. Məsələn, illərdir azadlıq eşqi ilə alovlanan, yanan ürəklərə su səpəcək, onların demokratiya yanğısını söndürəcək.
Ya da xalq bir gün ayağa qalxacaq və başından bəri qəzalı vəziyyətdə olan, qanunsuz tikilən irtica binasını yıxacaq. Onun yerində ədaləti, hüququ, özgürlüyü inşa edəcək.
Bir sözlə, siz bu gün çarəsizlikdən, əlacsızlıqdan, işsizlikdən, yoxsulluqdan xalqın özünü hansısa FHN-mhn-nin adından istifadə etməsinə dözmürsünüz, bir gün də xalq sizin onun adından istifadə edib hakimiyyətə dədə mülkü kimi yiyələnməyinizə, məmləkətin sərvətlərinə sahiblənməyinizə dözməyəcək, bax onda – o fövqəladə hesablaşma günündə düşəcəyiniz halları indidən təsəvvür edirəm.