Vicdan məhbuslarına qarşı hökm dəyişmədi

Apelyasiya məhkəməsi heç vaxt şahidi olmadığı cəsarətli fikirlərə meydan oldu

«Bu məhkəmə hakimlər üçün üz qarası, Azərbaycan xalqı və bizim üçünsə bir şərəf səhifəsidir»

 

«Biz bank şüşəsi, maşın yox, bu hakimiyyətin üzündəki saxta maskanı sındırmışıq»

Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyilə Ictimai Palatanın (IP) 2 aprel mitinqinə görə məhkum olunmuş müxalifət yetkililəri – Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və partiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidlinin şikayəti üzrə məhkəmə yekunlaşdı. Səbail rayon məhkəməsinin çıxardığı hökmə heç bir dəyişiklik edilmədən, qüvvədə saxlanıldı.

Qəzzafinin adı gələndə diksinənlər

5 saatdan çox çəkən məhkəmə prosesi vicdan məhbusları və onların vəkillərinin parlaq çıxışları ilə yadda qaldı. Bu məhkəmənin səciyyəvi cəhəti həm də bundan ibarət idi ki, vicdan məhbusları hər dəfə Ilham və Heydər Əliyevlərin adını çəkəndə hakim Vaqif Mursaqulov sanki səksənir, “ittihamın mahiyyəti barədə danışın” deməklə çıxışları yarımçıq kəsmək istəyirdi. Ən gülməlisi isə o idi ki, hansısa kontekstdə Qəzzafinin adı çəkiləndə də Mursaqulov həyəcanlanaraq, yenə çıxışa müdaxilə edirdi. Onun bu təşvişini görən vicdan məhbusları Səbail Məhkəməsində barələrində hökm vermiş Famil Nəsibovdan ibrət götürməyi tövsiyə elədilər.
“Qorxmayın, cənab hakim, hakimiyyət bizi yaxşı tanıyır, leksikonumuza da bələddir. Bizim ağzımızı heç kim yuma bilməyib, ona görə siz də qorxmayın, bizim dediklərimizə görə sizi cəzalandırmayacaqlar”, – deyə Fuad Qəhrəmanlı Mursaqulovu sakitləşdirməyə çalışdı.

Vəkillər hakimləri cinayətdən çəkinməyə çağırır

Vəkillər Osman Kazımov, Əsabəli Mustafayev, Azər Nağıyev, Nemət Kərimli birinci instansiya məhkəməsində olduğu kimi, apelyasiya məhkəməsində də bu işin ədalətli və obyektiv araşdırılmadığını, hakimlərin mühüm əhəmiyyət kəsb edən materialları görmədən gəldiyini vurğulayaraq, bu halları kəskin tənqid etdilər. Vicdan məhbuslarının barəsində çıxarılan hökmdə heç bir sübuta istinad edilmədiyini vurğulayan vəkillər bildirdilər ki, Səbail məhkəməsi şahid ifadələrini saxtalaşdırıb, hər kəsin gördüyü, eşitdiyi çıxışlardan vicdan məhbuslarının əleyhinə istifadə edib.
Vəkil Osman Kazımov hakimlərə xatırlatdı ki, həmin qanunsuz, əsassız hökmü dəyişib vicdan məhbuslarını azad etməmək bilə-bilə cinayət törətməkdir: “Hakim çıxardığı qərarı əsaslandırmalıdır. Çünki burada insan taleyi həll edilir, buna görə də hakim məsuliyyət daşıyır”.
Vəkillər ittihamın sübuta yetirilmədiyini, müdafiə etdikləri şəxslərin əməllərində heç bir cinayətin olmadığını vurğulayaraq, vicdan məhbuslarına bəraət tələb etdilər.

“Vicdan məhbusu” adı ilə fərx edirəm!

Vicdan məhbusu Arif Hacılı həbsinin səbəbləri, apardıqları mübarizənin məqsədlər barədə danışdı. O, əvvəlcə məhkəmə iclasında yaranan qarşıdurmaya görə hakimi günahlandırdı və dedi ki, bu, onların yarıtmazlığının nəticəsidir.
Arif Hacılı bu yaxınlarda onların həbsilə bağlı müsahibə vermiş Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dediklərinə də münasibət bildirdi.
Qeyd edək ki, Əli Həsənov vicdan məhbusları barədə danışarkən bunları deyib: “Biz də arzu edirik ki, o insanlar yaxın zamanlarda çıxsınlar, normal vətəndaş həyatı yaşamaqda davam etsinlər. Amma ictimai asayişi və qanunları, şəhərin sabit həyatını pozan, polisə müqavimət göstərən, asayiş keşikçilərinə həqarət yağdıran, onları daşa basan, insanların mülkiyyətinə, əmlakına zərər vuran, dükanlarını dağıdan insan üçün başqa tərbiyə yolu, nümunəsi yoxdur”.
Arif Hacılı üzünü zaldakı izləmə kamerasına tutub dedi ki, bu cür bəyanatlar verən adamlar diqqətli olub bilməlidirlər ki, heç bir şahid ifadəsində, ittiham aktında onların kiməsə zorakılıq etdiyi, nəyisə qırıb-dağıtdığı barədə bircə kəlmə də yoxdur:
– Biz insanlara narahatlıq verməmişik. Əksinə, məhkəmədə polislər özləri də etiraf etdilər ki, insanlar bizə dəstəklərini ifadə ediblər. Bizi görənlər bizə qoşulub və ya kənarda yumruqlarını qaldırmaqla həmrəylik nümayiş etdiriblər.
Arif Hacılı həbsinin siyasi sifarişin nəticəsi olduğunu vurğulamaqla yanaşı, onu da qeyd etdi ki, bu, əvvəlcədən düşünülmüş plan idi:
– Bizi “Azadlıq!”, “Istefa!” şüarlarını səsləndirməyə görə həbs ediblərsə, indi də deyirəm: “Azadlıq!”, “Istefa!”. Burada hansı cinayət tərkibi var?
Arif Hacılı dedi ki, ilk gündən istintaq onların aksiyanı  təşkil etməsini sübut etməyə çalışıb. Lap bu hal təsdiq olunsa belə, buna görə cinayət işi başlamaq gülüncdür. Çünki razılaşdırılmamış aksiya keçirməyə görə Inzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi var, o maddənin sanksiyasında isə 7-15 manat cərimə nəzərdə tutulub.
Müsavat yetkilisi qeyd etdi ki, Azərbaycanda irtica rejiminə qarşı mübarizə aparırlar:
– Mən də bu mübarizənin fəal üzvlərindən biriyəm. Bu da mənim əqidəmdir, məni də bu əqidəmdən heç kim döndərə bilməyəcək. Bu gün fəxr edirəm ki, sərbəst toplaşmaq uğrunda apardığım mübarizəyə görə həbs edilmişəm. Bu gün Azərbaycanda 17 vicdan məhbusu var. Bu adı özüm üçün ən böyük mükafat sayıram. Biz vicdan məhbusları olaraq, bununla fəxr edirik.

“Üzünüz tarix qarşısında qara qaldı…”

Fuad Qəhrəmanlı isə məhkəmədəki çıxışında bildirdi ki, onlara qarşı siyasi sifarişlə başlanan cinayət işinə hüquqi don geyindirməyə çalışan məhkəmə heyəti, müstəntiq və prokurorların bu cəhdləri boşa çıxıb:
– Bu, onların qeyri-peşəkarlığı ilə bağlı deyil, sadəcə, bizim əməllərimizdə heç bir cinayət tərkibi yoxdur.
Fuad Qəhrəmanlı onların barəsində hökm çıxaran Səbail rayon məhkəməsində keçirilən prosesi “mənasız və sonu əvvəlcədən bəlli olan məzhəkə” kimi tənqid etdi. O dedi ki, barələrində məhkəmə başlamamışdan öncə başqa bir hökmdə onların mitinq təşkilatçısı olduğu haqda fikirlər öz əksini tapıb. Bu isə avtomatik olaraq Səbail məhkəməsindəki işi formallaşdırıb.
Qəhrəmanlı onlara qarşı ittiham hazırlayan 30 nəfərlik istintaq qrupuna da qəzəbini ifadə etdi:
– Bu adamları sanki bostan sulamaq üçün ayırıblarmış. Niyə onlar 2 apreldə əsl cinayətkarları – şüşələri qıranları, avtobuslara ziyan vuranları tapıb, məhkəmə qarşısına çıxarılmasına nail olmurlar?
Fuad Qəhrəmanlı bildirdi ki, 2 apreldə baş verənlərə görə birbaşa hakimiyyət məsuliyyət daşıyır. Həmin gün IP-nin dinc aksiyası meriyanın qanunsuz qərarına əsasən, polis zorakılığı ilə dağıdılıb, yüzlərlə müxalifət tərəfdarı vəhşiliklə üzləşib. AXCP funksioneri qeyd etdi ki, həbslər cəmiyyəti və onları qorxutmaq məqsədi ilə aparılsa da, bu, əks effekt verib:
– Məni 23 yaşımda həbs edib fikirlərimi dəyişə bilmədiniz, indi 36 yaşındayam, yoxsa, indi məni əqidəmdən döndərməyi güman edirsiniz? Əvvəl inzibati həbslə proseslərin qarşısını almaq mümkün olurdu, indi heç cinayət işi ilə də mümkün deyil. Cəmiyyətin demokratik dəyərlər uğrunda mübarizəsinin qarşısını heç ölümlərlə də ala bilməyəcəksiniz.
F.Qəhrəmanlı bildirdi ki, aparılan məhkəmə işi Azərbaycan tarixinə iki cəhəti ilə düşəcək:
– Bu məhkəmə sizin üçün “üz qarası” olaraq qalacaq. Çünki siz Azərbaycanın dəyərlər uğrunda mübarizə aparan insanlarına qarşı ədalətsiz hökm oxuyursunuz. Bizim və Azərbaycan xalqı üçün isə bu məhkəmə bir şərəf səhifəsidir. Insanlar bildi və biləcəklər ki, Azərbaycanın haqsızlıqla barışmayan, mübarizə aparan köləliyə baş əyməyən oğulları olub.

“Nökər bəyə hökm oxuyur”

Vicdan məhbusu Məhəmməd Məcidli isə hakimlər və hakimiyyətə qarşı elə bir çıxış etdi ki, el arasında belə çıxışlar haqqında adətən belə deyirlər: bir batman balla yeyiləsi mümkün deyildi…
Hakimlərin hakimiyyətə əsir götürüldüyünü və bu səbəbdən müstəqil, ədalətli qərarlar verə bilmədiyini qabardan Məcidli hakimlər üçün orijinal müraciət forması seçmişdi: Cənab məhkum hakim!!!
2 aprel aksiyasının keçirilməsinin səbəblərinin məhkəmədə araşdırılmamasını Məhəmməd Məcidli yolverilməz qanun pozuntusu saydı. Bu səbəbdən özü həmin səbəblər barədə ətraflı çıxış etdi. Dedi ki, 2 aprel aksiyası 18 ildir Qarabağ kartından öz hakimiyyətini qorumaq üçün sui-istifadə edən rejimə, övladlarına dəyəri milyardlarla hesablanan mülklər aldıqları halda, xalqı bir tikə çörəyə möhtac qoyanlara qarşı bir etirazdır.
“Şeytan imandan uzaq olduğu kimi, Əliyevlər hakimiyyəti də demokratiyadan uzaqdır” deyən vicdan məhbusu Azərbaycanda layiqli insanların Ictimai Palatada birləşdiyini və tezliklə bu insanların ölkəni firavanlığa, demokratiyaya qovuşduracağını bəyan etdi.
Məhəmməd Məcidli ittihamdakı “vətəndaşların normal həyatına mane olma, şüşə sındırma” kimi məqamlara da özünəməxsus cavab verdi:
– Deyirsiniz ki, biz mane olmuşuq. Bəli olmuşuq, amma kimlərə – rüşvət alanlara, xalqın haqqını yeyənlərə, vətəndaşların hüquqlarına hörmətsizlik edənlərə. Deyirsiniz ki, bank şüşəsi sındırmışıq, maşın sındırmışıq. Mən isə deyirəm ki, nə bank şüşəsi, nə də maşın sındırmışıq, biz bu rejimin, bu hakimiyyətin üzündəki saxta maskanı sındırmışıq.
Sonda böyük qalmaqaldan sonra M.Məcidli məhkəmə prosesi barədə yazdığı “Nökər bəyə hökm oxuyur” şeirindən bir parça oxudu (şeirin tam mətni azadliq.info saytında)
Azad söz də cinayətmiş,
“Istefa” ondan betərmiş,
Bilmədim hakim nökərmiş,
Nökər bəyə hökm oxuyur.

Tural Abbaslıdan müsavatçılara çağırış var

Tural Abbaslı isə çıxışa təbriklə başladı. O, məhkəmə zalında əyləşən anasının ad gününü təbrik etdi və onu əmin elədi ki, növbəti ad günündə ona ən gözəl hədiyyə – Əliyevlərsiz Azərbaycan nəsib olacaq.
Tural onlara qarşı irəli sürülən ittihamları absurd saydı, dedi ki, 12 cildlik cinayət işi fakt və sübutlarla yox, boş sözlərlə doldurulub.
Vicdan məhbusu hüquqlarının kobud formada pozulduğunu iddia etdi, 1937-ci il metodları ilə dindirildiyini, hüquqi yardım almaq lazım olduğu vaxtda vəkildən məhrum edildiyini diqqətə çatdırdı. Tural Abbaslı hakimdən heç bir ədalətli qərar gözləmədiyindən, ondan nəsə xahiş etməyi də lazımsız hesab etdi. Lakin o, məhkəmədən tələb etdi ki, ötən prosesdə vicdan məhbuslarına qarşı təhqiramiz ifadələr işlədən prokuror üzr istəsin.
Hakim isə onun bu vəsatətinə münasibət bildirərkən dedi ki, söhbətin hansı təhqirdən getdiyindən xəbəri yoxdur, o, belə hala şahidlik etməyib. Tural isə bir cümlə ilə hakimi susdurdu:
– Siz heç 2 aprel aksiyasında da olmamısınız. Amma o hadisə barədə burada qərar verəcəksiniz.
Tural sonda Müsavat partiyasının bu yaxınlarda keçiriləcək qurultayı ilə bağlı da bəyanat verdi. O, müsavatçıları qurultayda “rahat kabinetdə oturub çay içənlərə yox, meydanda və məhbəsdə mübarizə aparan Arif Hacılıya” səs verməyə çağırdı…

Natiq Güləhmədoğlu