“Tanrı mülkiyyət haqlarını monarxlara ehsan etməyib…”

Uşaq ikən böyüklərimiz evin açıq eyvanında qurulmuş qaranquş yuvalarını dağıtmağa qoymazdılar. “Günahdır, quşların qarğışı ağır olar”- deyərdilər. Eyni deyimin sonralar göyərçin, bülbül, hacıleylək və başqa quşlar üçün də keçərli olduğuna inandım. Hər halda, bu inanc insanların yaddaşına ona görə həkk olunub ki, yuva hər bir canlının həyatına anlam verən şeydir. Yuva hər bir canlının varlığını və yaşamını tamamlayan bir atributdur, məncə. Görünür, onu dağıtmağın günah sayılması da, Tanrının yaratdığı varlığın yaşamaq haqqına qəsd kimi dəyərləndirilməsindən irəli gəlir…

Şübhəsiz, bu mərhəmət duyğusuna insanlığın çox ehtiyacı var. Axı insanlıq üçün bir göyərçin yuvasına toxunmamaq xatirinə böyük bir müharibədən vaz keçən adil hökmdarın ibrətamiz nümunəsi də var. Indiki ədalətsiz savaşların və qırğınların toz-dumanı içində nə qədər inanılmaz görünsə belə, əsl gerçək dəyişmir.
Insanların belə ədalətsiz müharibənin acılarına şahid olduğu, ondan nəsibini aldığı bir ölkədə yaşayırıq. Azərbaycanın bu qanlı savaşlarda yuvasından didərgin düşmüş bir milyon əhalisi var. Amma son günlər paytaxtda baş verən zorakı qəsblər hansısa xarici qüvvənin deyil, özümüzünkülərin əli ilə həyata keçirilir. Uzun zamandan bəri Bakıda şəxsi mülklərin məcburi söküntüsü ilə bağlı qalmaqallar səngimək bilmir. Insanların sahib olduqları dədə-baba mülkləri zorla əllərindən alınıb, özləri də şəhərin mərkəzindən ucqarlara “sürgün olunur”. Evini tərk etmək istəməyənləri də məcburi çölə atırlar. Son bir ildə baş vermiş nə qədər belə fakt sadalaya bilərik…
Aprel ayında ölkə başçısı ölkə vətəndaşlarına belə bir vəd vermişdi ki, paytaxtdakı bütün sənədsiz evlər sənədləşdiriləcək. Amma görünür ki, bu o ərəfədə ölkədə başlanan narazılıq dalğasını sakitləşdirmək üçünmüş. Həmin vəd sonradan nəinki yerinə yetirilmədi, əksinə özəl mülkiyyətə qəsd faktları daha da başını alıb getdi. Keçən yazıların birində siyasi məhbus Tural Abbaslının yaşadığı binanın aqibəti ilə bağlı yazmışdım. Axır ki, o binanın sakinlərini də məcburi köçürmək qərarlaşdırılıb və sakinlər də taleləri ilə “razılaşmaq”dan başqa yol qalmadığı qənaətinə gəliblər…
Indi yeni bir söküntü dalğası da Bakı ətrafındakı Sulutəpə ərazisində başlanıb. Polislərlə qarşıdurmada ərazidəki sakinlər arasında yaralananlar belə olub. Sumqayıta yeni təyin olunan icra başçısı isə sahibkarların obyektlərini sorğu-sualsız kürüdüb tökür. Amma sahibkarlıq obyektlərinin dağıdılması və ələ keçirilməsi təkcə Sumqayıt üçün deyil, bütünlükdə ölkə üçün xarakterik olan haldır. Özəl mülkiyyət haqlarına əl uzadılan yerdə isə, ümumiyyətlə, heç bir hüquqdan danışmağa dəyməz. Bütün zorakılıqlar qarşısında geri çəkilməyib, öz haqlarını geri almaq da, nə qədər çətin olsa belə, yenə insanların öz üzərinə düşür…
Məşhur ingilis filosofu Con Lokun çox maraqlı bir nəzəriyyəsi var – “mülkiyyət nəzəriyyəsi”. O, insanların yaranışdan bir yaşam haqqına sahib olduğunu, Tanrının mülkiyyət haqlarını hansısa monarxiyaya ehsan etmədiyini deyir: “Insanların doğulduqda, varlıqlarına təbiətin bir parçası kimi, qorunma, yemək-içmək və başqa şeylərə sahib olmaq haqqı var… Dünyanı bütün insanlığa hədiyyə edən Tanrı eyni zamanda onlara ən uyğun şəkildə yaşamaq və həyatı asanlaşdırmaq üçün ondan yararlanmaq məqsədilə bir də ağıl vermişdir. Tanrının yaratdığı heç şey bir insan oğlu onu pozsun, talan etsin deyə yaradılmamışdır…”.