“Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun yeni tərkibi seçiləcək”
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası özünün növbəti Ümymi Yığıncağını keçirəcək. İldə bir dəfə keçirilən bu ali tədbir iki ildən bir hesabat seçki yığıncağı xarakteri daşıyır. MSŞT Koalisiyasının İnformasiya Xidmətinin rəhbəri Nicat Dağlar Azadliq.info-ya açıqlamasında bildirib ki, Ümumi Yığıncaq dekabrın 17-də Novxanıdakı “AF Otel”də keçiriləcək: “Bizim koalisiyanın üzvlərinin sayı artıq 160-ı ötüb. Belə bir tərkibdə QHT Koalisiyası regionda özünə alternativ tanımır. Ölkənin tanınmış iqtisadçıları, neft sənayesinin biliciləri, eləcə də ümumən vətəndaş cəmiyyətinin fəal üzvləri bu koalisiyada birləşiblər. Geniş beynəlxalq əlaqələrə malik olan belə bir böyük QHT ittifaqının Ümumi Yığıncağı sözsüz ki, koalisiyanın həyatında çox ciddi və əhəmiyyətli hadisə hesab olunur və hər bir təmsilçimiz bu tədbirə böyük önəm verir”.
N.Dağların sözlərinə görə, qarşıdakı yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun yeni tərkibi seçiləcək, Əsasnaməyə təklif olunun əlavə və dəyişikliklər müzakirə olunacaq.