Putin təklənir

Dmitri Medvedev də deputat mandatından və hakim partiyanın lideri olmaqdan etdi

Rusiyada dekabrın 4-də keçirilən parlament seçkilərindən sonra ölkədə siyasi vəziyyət gərgin olaraq qalır. Ölkə müxalifətinin kəskin etirazıyla üzləşən Rusiya hakimiyyətinin daxilində də ciddi parçalanmalar yaşandığı aşkar görünür. Hakim partiyanın deputat mandatı qazanmış yüksək səviyyəli rəhbərləri bir-birinin ardınca millət vəkilliyindən imtina edirlər.
Baş nazir Vladimir Putin gələn ilin martında keçiriləcək prezident seçkilərində iştiraka qərar verəndən sonra Kremlin hazırkı rəhbəri Dmitri Medvedevin hakim “Vahid Rusiya” partiyasının lideri olacağı gözlənilsə də, bu, baş verməyib. Rusiya prezidenti deputat mandatından imtina edib. O, 4 gün əvvəl MSK-ya bu barədə yazılı müraciət edərək, “Vahid Rusiya”nın başçısı kimi parlament qrupuna rəhbərlik etmək istəmədiyini və deputat mandatından imtina etdiyini bildirib.
Rusiya mediasının yaydığı xəbərə görə, onun mandatı “Vahid Rusiya”dan olan başqa birisinə veriləcək.
Şübhəsiz, Medvedevin mandatdan imtina etməsi parlament seçkilərindən sonra yaranmış siyasi böhranla əlaqədardır. Medvedev bu addımı ilə göstərib ki, o, Putinin siyasi avantüralarının iştirakçısı olmaq istəmir. Görünür, indiki prezident öz siyasi taleyini Rusiyanın gələcəyini müəyyən edəcək qüvvələrlə birlikdə təsəvvür etməyə başlayıb.

Putin ümidini Narışkin və Jukova bağlayıb

Amma Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin və baş nazirin müavini Aleksandr Jukov deputat mandatlarını Mərkəzi Seçki Komissiyasından götürüblər. Narışkin “Vahid Rusiya”nın Leninqrad, Jukov isə Kalininqrad vilayəti üzrə namizəd siyahısına başçılıq edib. Rusiya hakimiyyətinə yaxın mənbələr Dövlət Dumasının yeni sədrinin məhz bu iki siyasidən birinin olacağını bildirib. Onların arasında Narışkinin şansı daha yüksək qiymətləndirilir. Aleksandr Jukovun isə parlamentdə “Vahid Rusiya” fraksiyasının lideri olacağı daha real görünür.

“Vahid Rusiya”nın deputat mandatından imtina edənlər

“Vahid Rusiya”nın siyahısı üzrə deputat seçilən, lakin sonradan mandatdan imtina edənlər arasında tanınmış simalar da var. Komi vilayətinin qubernatoru Nikolay Merkuşkin, Çeçenistan prezidenti Ramzan Kadırov, Krasnodar qubernatoru Aleksandr Tkaçev, ölkənin fövqəladə hallar naziri Sergey Şayqu, energetika naziri Yuri Trutnev, baş nazirin müavini, eks baş nazir Viktor Zubkov, Moskva meri Sergey Sobyanin və digər nüfuzlu şəxslər hakim partiyanın deputatı adından imtina ediblər.

Putin SSRI-nin dağılmasına heyfslənir

Ötən gün Rusiyanın baş naziri Vladimir Putin birbaşa yayımda ölkə vətəndaşlarının suallarını cavablandırıb. Aparıcı Ernest Matskyaviçus birbaşa yayımı başlayarkən qeyd edib ki, Rusiyada son iki həftə siyasi hadisələrlə zəngin olub və hazırda ölkənin siyasi kursu müəyyənləşdirilir. Ilk sual da dekabrın 4-də keçirilən seçki və “Bolotnaya” meydanında minlərlə insanın iştirakı ilə təşkil edilən mitinqlə bağlı olub. Baş nazir ilk suala cavabında bildirib ki, fəal, öz mövqeyini aydın və dəqiq ifadə edən gənc insanları görməsi onu sevindirir: “Insanların öz mövqeyini qanun çərçivəsində ifadə etməsi tamamilə normal haldır. Bu, məni sevindirir və hətta bu, Putin rejiminin nəticəsidirsə də, yenə yaxşıdır, mən burada zidd heç nə görmürəm. Sözsüz ki, seçkinin nəticələri ölkədə baş verənlərdə əks olunur”.
Baş nazirə studiyada əyləşmiş insanların sualları ünvanlanıb. “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov “müxalifətçilərə deyil, seçkinin nəticəsinə inanmayan və səslərinin oğurlandığını hesab edən insanlara nə deyərdiniz?” sualını verib. Putin cavab verib ki, belə hallar qeydə alınarsa, məhkəmələrə müraciət etmək və onların obyektiv hərəkət edəcəyinə inanmaq lazımdır.
Tənqidi suallarla üzləşən Putin əsəblərini cilovlaya bilməyib. O, müxalifətin ünvanına ironik ifadələr işlədib. Hökumət əleyhinə etirazların rəmzinə çevrilmiş ağ lentləri də şərh edən Putin bildirib ki, həmin lentlər ona QICS-lə mübarizə rəmzlərini xatırladıb. Rəngli inqilablardan danışan Vladimir Putin küçələrə çıxan gənclərin çoxunun pul verilmiş tələbələr olduğunu deyib.
Putin SSRI-nin dağılmasıyla bağlı suala cavabında bildirib ki, Ittifaqın saxlanması üçün ciddi-cəhd göstərərək, onun dağılmasına yol vermək lazım deyildi: “Ilk növbədə Sovet Ittifaqında iqtisadi və təhsil islahatlarını vaxtında keçirmək lazım idi. Bundan başqa, dövlətin ərazi bütövlüyünü saxlamaq uğrunda mübarizə aparmaq lazım idi”.

Putin Makkeynə əsəbiləşdi, Qəzzafini isə müdafiə etdi

Amerikalı senator Con Makkeynin Putinə Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin sonunu xatırlatması ilə bağlı suala Rusiyanın baş naziri sərt cavab verib. O, Makkeynin əlində dinc insanların qanı olduğunu bildirib. Putinin sözlərinə görə, Liviya problemi demokratik yolla həll edilə bilərdi: “Amma amerikalı xüsusi təyinatlılar Qəzzafinin öldürülməsi əmrini dərhal yerinə yetirməklə, bu ölkədə baş verənlərin xarici qüvvələr tərəfindən planlaşdırıldığını bir daha sübut etdilər”.
Makkeynin təhdidinin özünə qarşı deyil, Rusiyaya qarşı yönəldiyini söyləyən Putin, Qərb ölkələrinin hələ də Rusiyanın nüvə gücündən qorxduğunu söyləyib. Putin Makkeynin Vyetnamda döyüşdüyü illərlə yaddaşlarda qaldığını, əllərində kifayət qədər dinc vətəndaş qanı olduğunu söyləyib. Baş nazirin fikrincə, senator qan vurğunudur və qan olmasa, yaşaya bilməz: “O, bunu sevir. Bu cür hadisələr olmasa, yaşaya bilmir. Qəzzafiyə qarşı tətbiq olunan güc və onun qan içində qorxunc ölümü ekranlarda göstərildi. Budurmu demokratiya?..”

Putinin tərifinə keçmiş naziri sərt ittihamla cavab verdi

Bu arada, Rusiyanın keçmiş maliyyə naziri, Putinin yaxın silahdaşlarından biri olan Aleksey Kudrin baş nazir və hakim partiyanın ünvanına sərt ittihamlar səsləndirib.
Qeyd edək ki, ictimaiyyətin suallarını cavablandıran Putin Kudrini yaxın dostu və peşəkar kadr kimi qiymətləndirmişdi. Eks nazir isə bildirib ki, Putin və komandası vəd verməklə kifayətlənməməlidir. Onun sözlərinə görə, xalq hökumətdən konkret addımlar atılmasını gözləyir: “Mən istərdim ki, Putin xalqa verdiyi sözün üstündə dursun. Ölkədə köklü islahatların keçirilməsinə başlasın. Əks halda, ciddi narazılıqla üzləşəcək”.

Elxan