Prezident də siyasətə nifrət edərmi?

Bəri başdan yazım: nə atası, nə özü heç vaxt mənim prezidentim olmadı. Bu gün də deyil. Heç vaxt da olmayacaq.Amma biriləri illah ki, Ilham Əliyevi bu dövlətin təpəsində görürlər, biriləri illah ki, onu bu ölkənin prezidenti kimi qəbul edirlər, o zaman zəhmət çəkib cavab versinlər: o, doğrudan da bir prezidentdirsə, ölkənin təpəsindəki adamdırsa, “dövlət başçısı” görəvinə üstlənibsə, niyə bir dəfə də çıxıb siyasi çıxış eləmir? Siyasi mesaj vermir? Prezidentlik – siyasi məsləkdir. Bir siyasətçinin ən son hədəfidir. Ən son mənzilidir.Amma Azərbaycanda “prezident” deyə məmləkətin başına oturdulan adama baxırsan – təzəcə təmirdən çıxmış uşaq baxçasının açılışına gedir… Konserv zavodunun qırmızı lentini kəsir… Azadlıq meydanında London taksiləri ilə bir-iki dövrə vurur… Voleybol oyununa təşrif buyurur…
Di gəl, onun sonuncu dəfə siyasi bir bəyanat verdiyini heç kim xatırlamır. Hansı yolla sahiblənmiş olduğunu bir kənara qoyaq – prezidentlik görəvi ona bir siyasətçi kimi davranmağı diqtə edir. Siyasi açıqlamalar, siyasi mesajlar verməyi diqtə edir.Ancaq baxırıq onun leksikonuna – hər şeydən danışır. Neft pullarının çox olmasından danışır. Binaların üzünün rənglənməsindən danışır. “Plyonka”ların sökülməsindən danışır. Yumurtanın ucuzlaşdırılmasından danışır. Sabah havanın necə olacağından danışır.
Di gəl, siyasətçi kimi danışmır. Bir siyasətçinin leksikonunda gərəkən ifadələrin, terminlərin, sözcüklərin heç biri ona doğma deyil. Axırıncı dəfə “demokratiya” sözünü nə vaxt dilinə gətirdiyi məlum deyil, məsələn.Sonuncu dəfə nə vaxt insan haqlarından danışdığını, sonuncu dəfə nə vaxt hüquqi-demokratik dövlət quruculuğuna toxunduğunu kimsə xatırlamır.
Dünyanın gündəmini demokratiya uğrunda qiyamlar və inqilablar zəbt edərkən, hər kəsin diqqəti tarixin yeni axışına, korrupsiya və zorakılıq üzərində bərqərar olan sistemlərin keçmişin kirli arxivlərinə gömülməsinə yönələrkən o susur. Cavablaması gərəkən suallar boynu bükülü qalıb: bu prosesləri təqdirmi edir, tənqidmi? Baş verənlərdən məyusdurmu, məmnundurmu? Rahatdırmı, narahatdırmı?
Əlbəttə, həmin sualların cavabını hər birimiz yaxşı bilirik. Xalqların azadlıq mübarizəsinin sərhədlərinin hər gün öz coğrafiyasını nə qədər genişləndirdiyini, bunun Əliyevçi rejimdə necə sarsıntılara, travmalara, qorxu və əndişələrə yol açdığını əla anlayırıq.
Sadəcə, Ilham Əliyevdən bütün bunlara münasibət bildirməsi ona görə tələb olunur, Ilham Əliyevin dilindən bircə dəfə də siyasi məzmunlu mesaj, siyasi açıqlama verməsi ona görə istənilir ki, prezidentlik siyasi vəzifədir! Prezidentsənsə, deməli, siyasətçisən! Siyasətçi kimi, siyasi leksikonla danışmaq sənin görəvindir.
Ancaq onun çıxışlarına baxırsan, sinoptik kimi danışır… MTK sədri kimi danışır… Ekskovatorçu kimi danışır… Körpütikən kimi danışır… Neftçi kimi danışır… Di gəl, siyasətçi kimi danışmır.Niyə? Özünü siyasətçi hesab edən də siyasətdən bu qədər yan qaçarmı? Siyasətdən bu qədər məsafə saxlayarmı? Siyasətdən bu qədər hürkərmi? Siyasətdən bu qədər qorxarmı?
Bir siyasətçi də siyasəti yad bir ünsür kimi görə bilərmi? Siyasəti ziyanlı bir iş kimi görə bilərmi?Ilham Əliyev tez-tez xalqın siyasiləşməsinə qarşı çıxır – bunu hardasa başa düşürük. Qorxur, çəkinir, siyasətin kütləvi maraq və məşğuliyyətə çevrilməsini öz hakimiyyətinə qarşı təhlükə kimi görür. Siyasiləşmiş insan onun hakimiyyətinin əbədiliyini təhdid edir – bunu da anladıq. Siyasi fikir onun rejiminin sonu deməkdir – bunu da bildik.Bəs özü niyə siyasətə qarşıdır? Niyə hər mövzuda danışır, amma siyasi mövzularda bir dəfə də fikir bəyan eləmir? Sahibləndiyi post siyasi post olduğu halda, hər mövzuya baş vurduğu halda, niyə bir dənə də siyasi cümlə qurmur? Belə biabırçılıq olarmı? Belə absurd olarmı?
Korrupsiyanı qoyduq bir tərəfə… Seçki saxtakarlığını da bir tərəfə qoyduq. Idarəçilik normativinə çevrilən yalanı və yaltaqlığı da bir tərəfə qoyduq. Sümürücülüyü və süründürməçiliyi, hüquqsuzluğu və əxlaqsızlığı da bir yana qoyduq.Bəs bir ölkəyə siyasi leksikonu olmayan, siyasi üslubu olmayan, siyasi dildə danışmayan, qısası, siyasətə nifrət edən, siyasiləşməyə qarşı olan bir “siyasətçi”nin rəhbərlik etməsindən böyük ayıb varmı?Varsa deyin, məni bu yazdıqlarıma görə utandırın.