Əli Kərimli: «Anar Mahmudoğluna qarşı orta əsr üsulları ilə davranılması biabırçılıqdır»
Isa Qəmbər: «Insanları onların uşaqları ilə təhdid etmək mənəviyyatsızlıqdır»
“Azərbaycan hökuməti avtoritar rejimlərin bir-bir çökməsindən dərs götürüb islahatların yolunu açmaq əvəzinə, olan-qalan azadlıqları da məhdudlaşdırmaq yolunu tutub. Mətbuata qarşı son hücumlar bunu təsdiq edir”. Bu sözləri AXCP sədri Əli Kərimli tanınmış köşə yazarı Anar Mahmudoğluna və ailəsinə qarşı təhdidlərlə bağlı açıqlamasında deyib.
Ə.Kərimli hesab edir ki, Əvəz Zeynallının həbsindən və “Xural” qəzetinin qapadılmasından sonra növbəti hədəf Anar Mahmudoğlu olub: “Anar bəy Azərbaycanın ən cəsarətli, peşəkar, səviyyəli köşə yazarlarından biridir. Hər zaman Azərbaycan hakimiyyətini öz yazılarında cəsarətlə, arqumentlərlə, əsaslı şəkildə tənqid edir. Görünür, onun bu tənqidi fəaliyyəti, eyni zamanda ”Xural” qəzetinin kollektivini azad sözün müdafiəsinə səfərbər etməsi hakimiyyətin qəzəbinə səbəb olub. Ona qarşı orta əsr üsullarına xas şəkildə mübarizə aparmaq qərara alınıb. Anar bəyin və xüsusilə onun ailə üzvlərinin hədələnməsi biabırçılıqdır. 21-ci əsrə, Avropa Şurasının üzvü olan bir ölkəyə yaraşan hərəkət deyil. Bundan daha rüsvayçısı odur ki, neçə vaxtdır bu barədə mətbuatda yazılmağına, Anar bəyin şəxsi müraciətlərinə baxmayaraq, dövlət orqanları həddən artıq səhlənkar yanaşırlar. Aydın məsələdir ki, ona və ailəsinə olan təhdidlər hakimiyyətdən kənar qüvvənin işi deyil. Heç olmasa, dövlət etikası xatirinə formal da olsa bir araşdırma aparmalı, bu adamlara göstərməli idilər ki, artıq ictimaiyyət bundan xəbərdardır. Hətta bunu da etmirlər. Bu, Azərbaycanda cəzasızlığın, dövlət səviyyəsində kriminalın göstəricisidir”.
Müsavat başqanı Isa Qəmbər deyir ki, A.Mahmudoğlu və ailəsinə olan təhdidlərlə bağlı həm rəhbəri olduğu partiyanın, həm də təmsil olunduğu Ictimai Palatanın operativ reaksiyası olub: “Amma bu məsələyə daha çox diqqət yetirilməsinə ehtiyac var. Hakimiyyət siyasilərin, jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarına təzyiqlər etməklə kifayətlənməyib, indi də onların ailə üzvlərinə keçib. Insanları onların uşaqları ilə təhdid etmək mənəviyyatsızlıqdır. Azərbaycan hakimiyyəti özünü bu dərəcədə aşağılayıbsa, cəmiyyət buna reaksiya verməlidir. Azərbaycanda kifayət qədər cəsarətli, fədakar insanlar var ki, hər bir şeyi riskə ataraq haqq-ədalət, azadlıq uğrunda mübarizə aparır. Bu gün təhdidlərin onların övladlarına qarşı səslənməsi çox ciddi mətləblərdən xəbər verir. Müsavat Partiyası olaraq etirazımızı bildirir və buna son verilməsini tələb edirik. Bir daha bəyan edirik ki, Anar Mahmudovun özü və övladlarının həyatına görə məsuliyyəti birbaşa bu hakimiyyət daşıyır. Mən inanmaq istəmərəm ki, bu təhdid söz səviyyəsindən hərəkət səviyyəsinə keçə bilər. Düşünürəm ki, hər cür cinayətə əl atmış bu hakimiyyət də buna cəsarət etməz. Amma hər halda, bu xəbərdarlığın edilməsi vacibdir”.
Gültəkin