“Mənə qarşı imza atanlara yazığım gəlir”

Rafiq Əliyev: «Hazırda əsas üsul zor üsuludur, basqı üsuludur. Kim dindi, özünü işdən çıxar, övladını işdən çıxar. Amma bu effekt verməyəcək».

Akademik Rafiq Əliyev “Azadlıq” radiosunun «İşdən sonra» proqramında dinləyicilərin suallarını cavablandırıb. Verilişdən bəzi sitatları diqqətinizə çatdırırıq:

NEFT AKADEMİYASINDAKI VƏZİFƏSİNDƏN ÇIXARILMASI HAQDA

– «Söhbət burda vəzifədən kənarlaşdırmaqdan getmədi. Burda söhbət ədalətsizliyə olan reaksiyadan gedirdi. Mən bunu öyrənmək istədim».

– «Onlar bu hərəkətləri ilə qıcıq verdilər cəmiyyətə. Bu zor qıcığı idi. Amma cəmiyyət bunu pozitiv qıcıq kimi qəbul etdi. Çünki cəmiyyət ədalət istəyir».

– «Hökuməti, nazirləri mən bu söhbətə qatmıram. Çünki qıcığı verən onlar deyildi. Bunu idarəetmə ierarxiyası edirdi».

– «Belə bir eksperiment aparıldı ki, görəsən, zor gücünə ziyalını susdurmaq mümkündürmü? Gördülər ki, bu, mümkün deyil».

SİYASƏT HAQDA

– «Hazırda əsas üsul zor üsuludur, basqı üsuludur. Kim dindi, özünü işdən çıxar, övladını işdən çıxar. Amma bu effekt verməyəcək».

– «Heç kim gəlib bizim əvəzimizə burda düzəliş aparmayacaq».

– «Xalqın gərək gücü olsun ki, bu problemləri həll edə bilsin. Hər şeyi hakimiyyətin, başqa dövlətlərin üstünə atmaq düzgün deyil».

– «Azərbaycanda çox dəbdədir çörək imtahanı».
– «İstəyirik ki, bizdə hadisələr yumşaq keçsin. Bunun üçün də islahatlar lazımdır».

ZİYALILAR FORUMUNA QARŞI İQTİDAR KAMPANİYASI HAQDA

– «Mənə qarşı imza atanlara yazığım gəlir. Onları zəlil gününə qoydular. İmtina edən, imza atmayan insanlar da yetərincə idi. Cəlal Allahverdiyevin vicdanı susmadı. Mənim əleyhimə imza atanlarla da salamlaşaram».

– «Ziyalılar Forumunda heç kim istəmir ki, ərəb ölkələrində baş verənlər burda baş versin. Biz yalnız ağrıyan yeri deyə bilərik, siyasi fəaliyyət yoxdur».

CƏMİYYƏT HAQDA

– «Şükürlər olsun ki, cəmiyyətdə dinamika pozitivdir».

– «Mənimçün maraqlı odur ki, bizim cəmiyyətimizin durumu nə gündədir. Onun sabahı, perspektivləri necə olacaq?».

– «Allah bizə bu nefti veribsə, (əvəzində) başqa şeyi alıb – bir az ədaləti alıb, bir az cəmiyyətin süskünlüyünü verib. Müxtəlif sahələrdə balans pozulub».

– «Azərbaycanda islahatlar gedəcək, Azərbaycan dəyişəcək. Ona görə ki, dəyişməyə bilmərik. Alternativ yoxdur buna. Çünki dünya dəyişir».
– «Bizim heç bir siyasi iddiamız yoxdur. Amma cəmiyyətdə olan eybəcərliklərə dözmək düzgün deyil».

RAFİQ ƏLİYEV RAFİQ ƏLİYEV HAQDA

– «Səbirli olmağım peşəmlə əlaqədardır».

– «Bu situasiyada öyrənmək istədiyim cəmiyyət idi. Çünki bu hadisələrin arxasında duranlar məlum idi. Mənim üçün maraqlı idi ki, cəmiyyətimiz ayaqdadır ya yox».

– «Mən yüzdəyüz deyirəm ki, bu xalqın yolunda istənilən çətinliyə getməyə hazıram. Hətta qələmimi süngüyə çevirib Qarabağa getmək lazım olsa belə gedərəm».

– «Məni nələr gözlədiyini bilirdim. Mən bu obyekti öyrənmişdim».