“Media Mərkəzi yeni mərhələyə başlayır”

Gülnarə Axundova: «Mərkəzin RATI ilə birləşməsi Azərbaycan mediası üçün çox faydalı olacaq»

“Azərbaycan Media Mərkəzinin Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu ilə birləşməsi Azərbaycan mediası üçün çox faydalı olacaq”. Bunu, “International Media Support”un Azərbaycan nümayəndəliyinin rəhbəri Gülnarə Axundova deyir.
G.Axundovanın sözlərinə görə, yerli jurnalistlər Media Mərkəzinin gələcək taleyindən narahatlıq keçirməməlidir. Çünki, mərkəz bağlanmır, sadəcə olaraq yeni mərhələyə başlayır: “Azərbaycan Media Mərkəzi üç ildən çoxdur ”Yeni Nəsil Jurnalistlər” Birliyi vasitəsilə Azərbaycanda fəaliyyət göstərir. “International Media Support” təşkilatı adından “Yeni Nəsil”ə bu illər ərzində bizə dəstək olduqları üçün təşəkkürümü bildirirəm. Azərbaycan Media Mərkəzi 2008-ci ildən – açılış günündən etibarən mübadilə və dialoq üçün açıq tribuna kimi fəaliyyət göstərib. Şübhəsiz ki, Media Mərkəzi layihə kimi də çox uğurludur. Buna ən yaxşı sübut jurnalistlərimizin mərkəzin gələcəyi haqqında narahatlığıdır. Amma narahat olmağa dəyməz. Media Mərkəzi bağlanmır, sadəcə olaraq yeni bir mərhələyə başlayır. Mərkəzin RATI ilə birləşməsi Azərbaycan mediası üçün çox faydalı olacaq. Birincisi, RATI yerli təşkilatdır və bu qurum vasitəsilə Media Mərkəzi jurnalistlərə öz xidmətlərini göstərməyə davam edəcək. Təbii ki, artıq yeni ünvanda. Üstəlik, debatların, mətbuat konfranslarının, maraqlı dəyirmi masaların və ehtiyaclara uyğun təlimlərin təşkil olunması davam edəcək”.
G.Axundova mərkəzin yeni ildən yeniliklərə imza atacağını da bildirir: “Yeniliklərimiz də var. 2012-ci ildən RATI-də gənc jurnalistlər üçün mərkəz yaradılacaq. Mərkəzin missiyası çox sadədir: biz gənc jurnalistlərə videokamera verib, onlara  multimedia reportajları hazırlamağa köməklik göstərəcəyik. Bununla yanaşı, multimedia kontentlə bağlı seminarlar, treninqlər və məsləhətləşmələr təşkil edəcəyik”.
Xatırladaq ki, “International Media Support”un layihəsi olan Azərbaycan Media Mərkəzi ilə RATI bir müddət əvvəl birləşdiklərini elan ediblər.  2012-ci ilin yanvarından Media Mərkəzi RATI-nin Azərbaycanda ifadə azadlığının inkişaf etdirilməsi üzrə genişləndirilmiş proqramına paralel olaraq, media və vətəndaş cəmiyyəti üçün məkan və xidmətlər təmin edəcək. 2008-ci ilin oktyabrında yaradılan Media Mərkəzi bugünə qədər 600-dən yuxarı tədbirə ev sahibliyi edib, sosial mövzular və mətbuat azadlığı üzrə 40 debat və 30 ictimai müzakirə təşkil edib. Bununla yanaşı, internet televiziyasının fəaliyyətinə imkan yaradıb, burada 30-dan yuxarı canlı internet debatları keçirilib, 20-dən yuxarı təlim sessiyası təşkil edilib.

Gültəkin