Heydər Əliyevin müqəddəs kəlamı

Sulutəpə vandalizmi bütün vəhşətilə gözlər önündədi. Hakimiyyət əliyalın, silahsız ev sahiblərinin üstünə bir ordu göndərib. Qoca demədən, uşaq demədən, kişi-qadın, xəstə-sağlam demədən adamları təpikləyir, zopalayır, onların heydən düşmüş bədənlərini leş kimi küçəyə atırlar; kimini evində otura-otura divarlarını başına yıxırlar, kiminin əşyalarını evindən çıxarmağına imkan vermirlər. Bu vəhşi ordu maskalanıb gəlib. Maskalanıb ki, kimsə onları tanımasın.

Bu boyda ordunun içindən bir insan oğlu insan çıxmır ki, bu zülmdən, bu sitəmdən ürəyi ağrısın, ah-naləyə dözməsin və bağırıb desin: “Yetər! Mənim bu qansızlığı icra eləməyə əlim gəlmir!”. Nə onun buldozerçisi, nə polisi, nə dövlət məmuru, nə maskalı cəngavərləri. Bunlarda qan deyilən, ürək adlanan bir şey yoxmu? Bunları ana doğmayıbmı? Bunları doğan analar bir dəfə körpələrinə insanlıq haqda barı bir bayatı deməyibmi? Anaların, qocaların, uşaqların fəryadı nədən bunların tükünü belə, tərpətmir? Axı manqurtlaşmış insanlar belə, bəzən ana fəryadına dözmür, yaddaşı silkələnir, rəhmə gəlir və öz ağasına qarşı çevirir.
Görünür, bizim bu zavallı insancıqlar artıq zombilik, manqurtluq həddini belə, çox geridə qoyublar. Bu bir tikə çörək nə boyda əvəzsizmiş ki, onu uşaqların fəryadından çıxarasan? Uşaqların fəryadından qazanılmış çörəklə ailə saxlayanlar övladlarına, ata-analarına, xəstələrinə apardığı çörəyin əslində çörək deyil, irin-qan olduğunu düşünüblərmi? Görəsən onların valideynləri, övladları bundan xəbərdardımı? Bilirlərmi ki, ataları, uşaqları nə işlə məşğuldu? Bilirlərmi ki, onlar çörəyi hansı yolla qazanırlar? Yoxsa onların hamısı bir bezin qırağıdı?..
Evləri başlarına uçurulan bu biçarə insanlar isə… Onlar illərlə çalışdılar, zəhmətə, əzaba-zillətə qatlaşdılar, yemədilər-içmədilər, ucuz, nəm, soyuq, çirkli kirayələrdə süründülər, uşaqlarının boğazından kəsdilər və pul topladılar. Bu puldan dövlət orqanlarına rüşvət payladırlar və indi uçurulan evlərinin üstündə qərar tutduğu torpağı aldılar. Sonra o torpaqda bir koma qaralamaq üçün rüşvət topladılar, sonra quyu üçün, hasar üçün, su üçün, qaz üçün, işıq üçün… O insanlar bütün bu uzun illər boyu başlarını aşağı salıb tər tökdülər, ətraflarına baxmadılar, baş alıb gedən haqsızlıqlara lal oldular, yalanlara kar oldular, xalqın malını yeyənlərə çəpik çaldılar, mikrofonlara iyrənc təriflər dedilər, hakimiyyətdən, onun başçısından yerlə-göy qədər razı olduqlarını söylədirlər, müxalifətə söydülər, “sabitliyimizi pozmaq istəyənlərə, araqızışdıranlara” lənət oxudular, şəhərin o biri başında evləri başlarına uçurulan vətəndaşlarının acısına güldülər, haraylarına hay vermədilər; xalqın böyük ziyalıları öldürüldü, veclərinə almadılar, xalqın sözünü deyən müxaliflər min bir şərəfsizliklə türmələrə atıldı – dinmədilər, onların dərdini deyən akademik işindən atıldı – susdular, yazıçı öldürüldü – qulaqlarına girmədi, parlamentə saxta seçkilər keçirildi, səslərini-namuslarını oğurladılar, zibil qutularına tökdülər – özlərini o yana qoymadılar, qiymətlər gün-gündən qalxdı – dözdülər, yenə qalxacaq, yenə artımlarla bağlı söz-söhbət gəzir – qımıltı yoxdu…
Onlar anlamadılar ki, rüşvətlə rahat-rahat iş aşırmağın, rüşvətlə bərqərar olan sabitliyin ömrü uzun olmaz. Haqsızlığa susmaqla Tanrıya asi olduqlarını, dindən-imandan uzaqlaşdıqlarını bilmədilər, əvəzində hamısı dindar oldu… Dəmir dişli əjdaha insanları, onların haqlarını, evlərini ölkənin bu başından-o başına uda-uda gəldiyində ağıllarına da gəlmədi ki, bu əjdaha bir gün onları da udacaq. Yenə sakitlikdi. Onlar maskalılara 5-10 daş atıblar, uşaqlar xaraba qalmış evlərinin yerində evcik-evcik oynayırlar. Böyüklər dağılmış evlərinin daşını-taxta-şalbanını uçuqlar altından çıxarır. Bəlkə yenə də rüşvətlə haqlarını bərpa eləyə bildilər deyə…
Mənimçün bir şey maraqlıdı: görəsən, bu məzlum insanlar kimdən şübhələnirlər bu vəhşiliyə görə? Bunu bilmirəm. Bildiyim bircə şey var – Quran gətirin yüz dəfə əlimi basım – Heydər Əliyev nə qədər də doğru deyib: “Bizim xalq dözümlü xalqdır!”.