Deputat partiyadaşları barədə söylədiklərini başqalarının üzərinə yönəltməyə cəhd edir
YAP-çı deputat Eldar Ibrahimov hakim partiyanın icra katibi Əli Əhmədov və onun müavini Mübariz Qurbanlı barədə səsləndirdiyi açıqlamanı başqa şəxslərin üzərinə yönəltməyə cəhd edir. Söhbət Eldar Ibrahimovun aşağıdakı fikirlərindən gedir:
“Vaxtilə Heydər Əliyevin əleyhinə gedən adamlar, ”91-lər”ə qoşulmayanlar var ki, indi YAP-ın Idarə Heyətinin üzvləridir. Belələri də var. Biz buna dözürük”.
Eldar Ibrahimovun bu açıqlamasından aydın görünür ki, o, Əli Əhmədovla Mübariz Qurbanlıya eyham edib. Çünki məhz bu şəxslər vaxtilə Heydər Əliyevə qarşı çıxıb. Hər iki şəxs Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində Milli Istiqlal Partiyasında təmsil olunub.
Lakin Eldar Ibrahimov dünən “Yeni Müsavat”a açıqlamasında bildirib ki, o, 1990-1995-ci ildə Ali Sovetdə təmsil olunmuş şəxsləri nəzərdə tuturmuş. “1990-1995-ci illərdə Bahar Muradova, Abel Məhərrəmov, Əli Həsənov, Mübariz Qurbanlı, Siyavuş Novruzov deputat deyildilər. Deməli, mənim fikirlərimin onlara aidiyyəti yoxdur… Bəli, ”91-lər”ə qoşulmayan şəxslər var ki, indi YAP Idarə Heyətinin üzvüdürlər”.
YAP-ın Idarə Heyətinin 20 üzvü var. Onlardan 7-si “91-lər”in sırasında olub. Yerdə qalan 13 nəfərdən 2-sinin – Ilham Əliyevlə, Vasif Talıbovun “91-lər”in siyahısında olmaması təbiidir. Çünki onlardan biri həmin vaxt Moskvada, digəri isə Naxçıvanda Heydər Əliyevin yanında olub. Eldar Ibrahimov Bahar Muradovanı, Abel Məhərrəmovu, Əli Həsənovu, Siyavuş Novruzovu və Mübariz Qurbanlını nəzərdə tutmadığını iddia edir. Yerdə qalır 6 nəfər: Arif Rəhimzadə, Yaqub Əliyev, Yusif Hümbətov, Nizami Xudiyev, Vaqif Əliyev və Misir Mərdanov. Bu şəxslərin arasında isə yalnız 1 nəfər – Arif Rəhimzadə 1990-1995-ci illərdə deputat olub. Onun da Heydər Əliyevə qarşı çıxdığını iddia etmək absurdddur. Deməli, aydın olur ki, Eldar Ibrahimov sadəcə buraxdığı səhvi düzəltmək üçün sonradan fikirlərini bu şəkildə dəyişib. Lakin alınmayıb.
Informasiya şöbəsi