BMT Təhlükəsizlik Şurası Əsəd rejiminə qarşı konkret addamlarla bağlı fövqəladə toplantı keçirəcək
«Suriya hökumətində təmsil olunan məmurların hər biri xalqa qarşı cinayətlərə görə cavab verməlidir!»
Suriyada gərginlik davam edir. Uzun müddətdir Əsəd rejiminin silahlıları tərəfindən mühasirədə saxlanılan Homs şəhərində vəziyyət daha ağırdır. Ətraf bölgələrlə bütün əlaqəsi kəsilən, gündəlik tələbatları ödənilməyən şəhər sakinləri mütəmadi olaraq hökumət qüvvələrinin silahlı hücumuna məruz qalır.
“Euronews” kanalının verdiyi məlumata görə, hökumət qüvvələri Homs şəhərinin məhəllələrində qanlı əməliyyatlar keçirir. Əməliyyatlara zirehli texnika da cəlb olunub. Paytaxt Dəməşqin 165 kilometrliyində yerləşən şəhərin bir neçə məhəlləsi mühasirəyə alınıb. Şəhər hər gün atəşə tutulur.
BMT də Suriyada kritik vəziyyətin yarandığını bəyan edib. Təşkilat Əsəd rejiminə qarşı davam edən etiraz aksiyalarının başlandığı gündən bu yana Suriyada 5 min nəfərin, o cümlədən 300-dən çox uşağın hökumət qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.
Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasının yaxın günlərdə Suriya ilə bağlı fövqəladə toplantı keçiriləcəyi barədə məlumatlar yayılıb. Toplantıda Əsəd rejiminə yönəlik konkret sərt addımların atılması haqda qərarın qəbulu gözlənilir.
Məlumata münasibət bildirən ekspertlərin fikrincə, yaxın həftələrdə BMT Təhlükəsizlik Şurasının diqqətindəki əsas məsələ Suriyadakı hadisələr olacaq. Qərb və ərəb ölkələrinin yeni qətnamə layihəsi hazırlayacağı istisna olunmur. Onlar xəbərdarlıq edəcəklər ki, bu məsələ ilə bağlı Moskva və Pekin növbəti dəfə veto hüququndan istifadə etsə, təşkilat birtərəfli addımlar atmaq hüququnu özündə saxlayır.
Suriya hakimiyyəti isə vəziyyətin getdikcə ağırlaşdığını nəzərə alaraq, Rusiya və Iranın vasitəçiliyilə ölkədəki böhranın aradan qaldırılması istiqamətində geri addım atmaq niyyətindədir. “Es Sefir” qəzeti yazır ki, Əsəd rejimi Suriyada böhrana son qoyulması üçün ölkə müxalifətinin ən güclü təşkilatı sayılan “Müsəlman Qardaşları” hərəkatıyla danışıqlara başlamaq fikrindədir.
Xəbərdə deyilir ki, Suriya hakimiyyəti “Müsəlman Qardaşları” başda olmaqla, hakimiyyətə qarşı çıxan bütün müxalif qüvvələrlə əlaqə qurmaq istəyir. Əsəd rejimi müxaliflərlə danışıqlar aparılması və tərəflər arasında müzakirə olunacaq təkliflərlə bağlı vasitəçilik missiyasının Rusiya və Iran tərəfindən həyata keçirilməsi üçün bu ölkələrə qeyri-rəsmi müraciət edib.
Suriyada yaranmış qarışıqlıq zamanı yalnız ölkə vətəndaşları deyil, əcnəbilər də ölüm təhlükəsilə üz-üzədir. Bu arada, Suriyanın şimalındakı Idlib şəhərində Türkiyə vətəndaşı qətlə yetirilib. “Anadolu” agentliyinin yaydığı xəbərdə öldürülən şəxsin Səudiyyə Ərəbistanında işləyən miqrant olduğu bildirilir. Məlumata görə, 46 yaşlı Münir Dural Türkiyənin Iskəndərun şəhərinin sakinidir. Türkiyə vətəndaşının hansı qruplaşma tərəfindən öldürüldüyü və niyə Suriyada olması barədə dəqiq məlumat verilməyib.
“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı Suriyadakı vəziyyətlə bağlı yeni hesabatını açıqlayıb. Hesabatda əsasən Suriya ordusunun müxalifətin tərəfinə keçmiş əsgərlərinin dedikləri yer alıb. Dindirilən 60 əsgərdən yarısının sözlərinə görə, hökumət rəsmiləri onlara Suriyanın müxtəlif şəhərlərində anti-hökumət nümayişçilərinə atəş açmaq əmri verib. Əsgərlər deyib ki, komandirləri onlara bütün yollarla anti-hökumət nümayişlərinin qarşısını almaq tapşırığı verib. Hesabatda eyni zamanda, həmin əsgərlərə qarşı işgəncə halları barədə məlumatlar da yer alır.
Sənədin müəlliflərindən biri Anna Nistat bildirib ki, ordunu tərk etmiş əsgərlər təşkilatın nümayəndələrinə onlara etirazçılara atəş açmaq və onları öldürmək əmrini vermiş yüksək rütbəli məmurların adlarını açıqlayıb. Hesabatda qeyd olunur ki, Suriya hökumətində təmsil olunan məmurların hər biri xalqa qarşı cinayətlərə görə cavab verməlidir.