Zəngin neft və qaz yataqları
Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır. Faktlar göstərir ki, ölkə ərazisinin 2/3 hissəsi neft və qazla zəngindir. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, cənub-şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası da neftlə zəngindir.
O cümlədən, ölkəmizdə müalicəvi əhəmiyyətli neftin möcüzəsi haqqında da danışmamaq olmaz. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə edilir.
Böyük qaz yataqları Qaradağ, Xəzər dənizinin şelf zonası, Bakı və Abşeron arxipelaqında yerləşir. Azərbaycanın Böyük və Kiçik Qafqaz hissəsində filiz yataqları daha çoxdur. Burada dəmir, manqan, titan, xromit, mis, kobalt, polimetal, sürmə, qızıl, gümüş, molibden və s. yataqları mövcuddur.
Qeyri-filiz faydalı qazıntılardan Qobustan, Abşeron, Tovuz əhəng daşları, Şahtaxtı (Naxçıvan), Kəlbəcər travetin yataqları, Daşkəsən mərməri, Yuxarı Ağcakənd gipsi, Hacıvəli kvars qumları böyük təsərrüfat əhəmiyyətli sərvətlərdir.
Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Kəlbəcər rayonundakı Istisu, Naxçıvandakı Badamlı, Sirab, Vayxır mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.
Ölkənin yanar faydalı qazıntıları neft, qaz, şist, torf və bşqalarıdır. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan ərazisi dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycanda təqribən 1,2 mlrd. ton neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Bu neft yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir..
Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst, xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.
Faydalı filiz yataqları
Filiz şəklində çıxan faydalı qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər. Dəmir filizləri ilə zəngin Daşkəsən, cənubi Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250 mln. tondur.
Kobalt filizlərinin sənaye əhəmiyyətli yığımları Daşkəsən filiz rayonunda məlumdur. Burada kobalt filizləri həm müstəqil (Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə birgə əmələ gəlmişdir.
Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar var. Hazırda qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, Kələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.
Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, Ipək, Xatəvəng və s.), əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.
Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın Somxeti-Ağdam (Mollacəlilli, Daş Salahlı və s.), Böyük Qafqazın Vəndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-formasiya zonalarında məlumdur.
Azərbaycan ərazisində mis filizləri mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenitə də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.
Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.
Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göy-göl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.
Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə Alüminium Zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.
Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.
Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının – Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur.
Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.
Qeyri-filiz mənşəli qazıntılar
Qeyri-filiz mənşəli faydalı qazıntılar Azərbaycanın mineral xammal ehtiyatlarının ümumi balansında mühüm rol oynayır. Bu qrupa daşduz, gips, anhidrit, gəc, bentonit gilləri, tikinti materialları, pirit, barit, yarımqiymətli və rəngli daşlar, dolomit, Islandiya şpatı və s. daxildir.
Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70 mln. ton təşkil edir.
Bentonit gillərinin çoxlu yatağı və təzahürü (Qobustan, Goranboy, Şəki və s.) məlumdur. Ən böyük yatağı Qazax rayonunda (Daş Salahlı) müəyyən edilmişdir. Yataq əsasən hidrotermal məhlulların Santon yaşlı vulkanitlərə təsirindən əmələ gəlmiş və sənaye ehtiyatı 84553 min ton təşkil edir.
Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı 295836 min ton, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m3 təşkil edir.
Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.) xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m3 olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir.
Baritir Azərbaycan Respublikasında təqribən 20 yatağı və təzahürü (Çovdar, Başqışlaq, Quşçu, Tonaşen, Zəylik, Azad, Çaykənd və s.) var. Yataqları damar tiplidir.
Yarımqiymətli və rəngli daşlar Kiçik Qafqazda Daşkəsən və Ordubad rayonlarında skarnlarda (qranat, ametist), Gədəbəy (turmalin) və Xanlar rayonlarının vulkanitlərində (xalsedan, əqiq, heliotrop) müəyyən edilmişdir. Əqiq toplantıları Hacıkənd və Qazax çökəkliklərinin əsas və orta tərkibli Üst Təbaşir vulkanitlərində yuva, badam, damar və linza şəklindədir: Həm zərgərlik, həm də texniki növlərinə rast gəlinir. Hacıkənd əqiq yataqları qrupunun sənaye ehtiyatı 286,8t-dur. Bunun 65,8 t-u zərgərlik üçün yararlıdır.
Dolomit Nehrəm kəndi (Naxçıvan MR) yaxınlığında və Boyanata dağında (Qobustan) böyük ehtiyatı var. Şüşə sənayesi üçün kvarslı qumlar Qobustan, Abşeron yarımadasında və Quba rayonunun aşkar edilmişdir.
Kimyəvi boyaların Daşkəsən, Şamaxı, Kəlbəcər və Xanlar rayonlarında təzahürləri var. Müalicə palçığı Abşeron yarımadasında, Masazır gölündə, Qobustan və Aşağı Kür çökəkliyində, palçıq vulkanları püskürən sahələrdədir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir