Avropa Parlamenti Azərbaycandakı olayları pisləyən qətnamə qəbul etdi
Avropa Parlamentində dünən Azərbaycanda yazıçı-publisist Rafiq Tağının qətli, eləcə də Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin ölkəmizə buraxılmaması məsələlərinin müzakirəsindən sonra bu olayları pisləyən qətnamə qəbul olunub.
Sənəddə qeyd olunub ki, Avropa Parlamenti Rafiq Tağının qətlini qəti şəkildə pisləyir və Azərbaycan hökumətinin bu cinayəti aydın şəkildə qınamamasından, ictimaiyyəti istintaqın gedişi barədə dolğun məlumatlandırmamasından məyus olub.
Bununla belə, Avropa Parlamenti hökumətin Rafiq Tağının qətlinin açılması üçün xüsusi qrup yaratmasını alqışlayır və onu istintaqın hərtərəfli və effektiv aparılması, qatillərin ədalətli məhkəmədə beynəlxalq standartlara uyğun şəkildə məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır.
Qətnamədə ayrıca bənd olaraq, Azərbaycan hökumətindən tələb olunur ki, vaxtilə Rafiq Tağı ilə birlikdə “dini ədavəti qızışdırmaq” ittihamı ilə məhkum edilmiş Samir Sədaqətoğlunun təhlükəsizliyi təmin olunsun.
Avropa Parlamenti xatırladır ki, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiya söz və ifadə azadlıqlarına, o cümlədən din və inanc sistemlərinin tənqidinə təminat verir. Ona görə də Azərbaycan hökumətinə çağırış edir ki, “dinlər mövzusunda sərbəst debatların qarşısının alınması üçün Cinayət Məcəlləsindən sui-istifadə etməkdən çəkinsin”.
“Bəzi din və inanc sistemləri tərəfdarlarının ayrı-ayrı şəxsləri hədələməsi və onlara qarşı zorakılığa çağırması, buna səbəb kimi həmin şəxslərin fikirlərinin ”təhqiramiz” olduğunu göstərməsi tamamilə yolverilməzdir. Belə hədələrə və zorakılığa çağırışlara yol verənlər məsuliyyətə cəlb edilməlidir. Hədələrə məruz qalan şəxslərinsə təhlükəsizliyinə tam təminat verilməlidir”, – deyə qətnamədə vurğulanıb.
Avropa Parlamenti Iran hökumətinə də müraciət edir ki, Rafiq Tağının qətlilə bağlı istintaqda Azərbaycan hökumətilə əməkdaşlıq etsin, Iran ruhanilərinin ölkə daxilində, yaxud başqa dövlətin ərazisində kiminsə qətlinə çağırış etməsinin qarşısını alsın.
Qeyd etdiyimiz kimi, qətnamədə Azərbaycan hökumətinin AŞ PA məruzəçisini ölkəyə buraxmaması məsələsinə də toxunulub. Avropa Parlamenti hökuməti siyasi məhbuslar üzrə məruzəçiyə viza vermədiyinə görə də tənqid edib. Qətnamə müəllifləri Azərbaycan hökumətini Kristof Ştrasserin siyasi məhbuslarla bağlı vəziyyəti araşdırması üçün ölkəyə gəlməsinə şərait yaratmağa çağırır.