Sulutəpə qəsəbəsində üç gün əvvəlki səhər sakinlər üçün xoş açılmayıb. Ölkədə aparılan “analoqsuz” söküntü işlərinin bir ucu da indi Dövlət Neft Şirkətinin simasında Sulutəpəyə gedib çıxıb. Şirkətin ora göndərdiyi hərbçilərlə sakinlər arasında baş verən toquşma nəticəsində xeyli adam xəsarət alıb. Bunları müxtəlif saytlarda izlədiyim video-kadralardan gördüm. Kadrların birində ikimərtəbəli evi sökülmüş sakin başına döyüb, bu sözləri deyir: “Adamın evini belə yıxarlar?..”
Adamlar ətrafında baş verən ədalətsizliyinə gözünü kor, dilini lal eləyəndə, haqqı deyən döyüləndə, hakimiyyət azğınlaşıb bütün zorunu işə salıb hamını ucdan tutma məhv eləməyə çalışanda, xalqın sərvətini talayan məmurların naqisliklərinə dözəndə və ən nəhayət, başqaları “Azadlıq!” hayqıranda biriləri telekanallarda yaltaqlananda, Ilham Əliyevin əlini öpüb ömründən ona bağışlanmasını diləyəndə adamın evini başına məhz elə belə də yıxarlar.Bakının hər tinində artıq azğınlığın son həddini yaşayıb, lazım oldu-olmadı, hər şeyi sökmək azarına tuş gəlmiş hakimiyyətin paytaxtda başlatdığı “evyıxma” əməliyyatına insanlar susdu, ətrafından sükutla keçdi. “Evyıxanlar” şəhər ətrafında da meydan sulayırlar, amma yenə də insanların naləsi öz evinin uçuq divarları arasından çıxıb küçə və meydanları silkələmir.Bütün bunlar bir tərəfə, baxdığım videogörüntüdə evi başına yıxılan adam “rəhmdil padşah”ın nağılını danışıb, israrla deyir ki, bütün bunlar “rəhmdil prezidentimizin üstünə adamları qaldırmaq üçün yaramazların bilərəkdən elədiyi zalımlıqlardır”. Beləsini heç təsəvvür edə bilməzdim…
Azərbaycanda illər keçdikcə daha qorxunc hadisələrin şahidi oluruq. Ən geci hər iki gündən bir ordudakı əsgər ölümlərilə bağlı xəbərlər alırıq. Az qala, hər gün qəzetlər evləri başına sökülən sakinlərin pərişan fotoşəkillərini yayımlayır. Qiymətlər az qala, işıq sürətilə artır. Ölkəyə bir kibrit gətirmək istəyən belə, rüşvət verib icazə almaq üçün yuxarıda “adamı” olan birini axtarır. Vergi insanların belində zəli kimi “iş başındadır”. Elə bil Allah da burda olanlardan bezib, ona görə də zülm ərşə dayanıb ki, bu “ürəyində köləliyə mülk tikmişlər” həmin o “mülkü” bu hakimiyyətin başına yıxsın. Amma yox, olmur, hələ ki, elə hakimiyyət adamların mülkünü onların başına yıxır…
Birinin toyuğunu oğurlayanı cinayətkar kimi ittiham edib həbsə atırlar. Təbii, toyuq da olsa, bu, başqasınındırsa, deməli, sən ona toxuna bilməzsən…
Sulutəpədə adamların evini yıxanlar onlara etiraz edənlərə deyir ki, dövlətin tapşırığını yerinə yetirirəm, mən əmr quluyam. Indi dövləti Ilham Əliyev və onun komandası təmsil edirsə, deməli, elə adamaların evini də yıxan hansısa Neft Şirkəti deyil, elə bu hakimiyyətdir. Yaxşı, özünün olmayana toxunan biri cinayətkardırsa, niyə bir qəsəbənin adamlarının evini başına yıxan cinayətkar olmasın?! Toyuq oğrusuna nümayiş etdirdiyi qəzəbi bu adamlar niyə bu ölkə miqyaslı oğrulara qarşı nümayiş etdirmir?!Bu hakimiyyətin mahiyyəti tamahkarlıq, acgözlükdür… Amma mən o Sulutəpədəki “adamın evini də belə yıxarlar?” deyən sakinin belə bir sualla didilməsinin səbəbini hələ də anlaya bilməmişəm. Məgər bu ölkədəki insanlar bilmir ki, hakimiyyətin min hoqqasına dözəndə elə adamın evini belə də yıxacaqlar? Məgər bilmir ki, 10 manat alıb seçkidə səsini satanda elə o evini yıxacaqların gücünə güc qatır? Bilmir ki, indi evi yıxılanın evi yıxılmasın deyə, mitinqdə iştirak etdiyinə görə hakimiyyətin böhtanı ilə üzləşib həbsxanaya salınanın üzünə duranın cəzasını verməyəndə, məhkəmələrin qarşısında dayananlara dəstək olmayanda nə vaxtsa haqsızlıqla üzləşmək növbəsi ona da çatacaq? Hələ də anlamayıb ki, öz cəsarətsizliyi ilə bu hakimiyyətin gücünə güc qatanda, “mənə nə var?” deməklə yaxasını kənara çəkəndə indi evini yıxıb xaraba qoyanların əlinə külüng verir?..
Ən nəhayət, bu xalq doğurdanmı hələ də anlamayıb ki, hakimiyyət 20 ildir hər gün, dayanmadan onun evini başına yıxır?!