İran yenə Türkiyəni hədələdi

ABŞ iranlı generallara qarşı sanksiya tətbiq etdi

Iranla Türkiyə arasında gərginlik davam edir. Türkiyə NATO-nun raket əleyhinə müdafiə sisteminin (RƏM) öz ərazisində yerləşdirilməsinə razılıq verdiyinə görə Tehran rejiminin Ankaranın ünvanına təhdidlər səsləndirməsi iki ölkə arasında münasibətlərdə soyuqluq yaradıb.
Iran rəsmiləri mütəmadi olaraq Türkiyəni Yaxın Şərq ölkələrində, xüsusən də Suriyada hakimiyyət əleyhinə etiraz aksiyalarıyla bağlı mövqeyinə görə sərt tənqid və ittiham edir. Tehran rejimi Türkiyəni Qərb ölkələrinin təxribatına uymaqda, ABŞ-ın istəklərinə uyğun davranmaqda və müsəlman ölkələrinə qarşı düşünülmüş planı dəstəkləməkdə günahlandırır.
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani növbəti dəfə Türkiyəni Suriya ilə bağlı mövqeyinə görə sərt tənqid edib. Onun sözlərinə görə, bəziləri bölgədə yaşanan antihökumət etirazlarında Türkiyəni bir nümunə kimi göstərməyə çalışır: “Türkiyə Israillə yaxın və yaxşı münasibətləri olan ölkədir. Türklərin Israil əleyhinə hərəkətləri simvolik xarakter daşıyır. Türkiyə Suriya məsələsində və bu ölkədə müxalifətə dəstək verməkdə ayağını yorğanından artıq uzadıb. Ərəblər üçün nümunə nə Qərb ölkələridir, nə də Türkiyə”.
Ruhaninin bəyanatına oxşar açıqlama ilə Iranın ali dini lideri Əli Xamneyinin sözçüsü Əli Əkbər Vilayəti çıxış edib. O, Türkiyənin dünyəvi idarəçilik sisteminin “Ərəb baharı” yaşanan ölkələr üçün uyğun olmadığını söyləyib: “Türkiyənin ”dünyəvi Islam” modeli Qərbin liberal demokratiyasının sürətidir. Bu model islamçı oyanış keçən ölkələr üçün qəbuledilməzdir.

ABŞ Iraqda özündən sonra Türkiyəni görmək istəyir

Ekspertlərin fikrincə, Iran rəsmilərinin Türkiyəyə yönəlik bu tip açıqlamaları iki ölkə arasında gərginliyin yaxın günlərdə daha da artacağının işarəsidir. Türkiyənin Suriya ilə bağlı mövqeyi Iranın ciddi narazılığına səbəb olarkən, Ankara da Tehranı PKK məsələsinə görə sərt tənqid edir. Iki ölkə arasında ciddi problemlər yaradacaq digər bir məsələ isə Iraqdır. ABŞ ilin sonuna qədər Iraqdan çəkildikdən sonra burada Iranın təsirinin artacağından narahatdır. Ona görə də Birləşmiş Ştatlar Türkiyənin Iraqda təsir gücünün artmasında maraqlıdır. Bu da yaxın gələcəkdə Iran-Türkiyə gərginliyini artıracaq məsələlərdən biridir.

Davudoğlunun Salehiyə zəngi…

Tehranın hədə və ittihamlarına qarşı səbrli olmağa çalışan Türkiyə hələ ki, sakit mövqe sərgiləməyi üstün tutur.
Lakin Xarici Işlər Nazirliyinin “Twitter” hesabında yayılan açıqlamaya görə, nazir Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon əlaqəsi yaradıb. Davudoğlu telefon danışığı zamanı NATO-nun Raket Əleyhinə Müdafiə Sistemilə bağlı Iranın Türkiyənin ünvanına səsləndirdiyi təhdidlərdən Ankaranın təəssüfləndiyini Salehinin diqqətinə çatdırıb.

Salehinin geri addımı…

Davudoğlunun zəngindən bir neçə saat sonra Tükiyənin “Anadolu” xəbər agentliyinə açıqlama verən Əli Əkbər Selehi Türkiyə haqqında məsuliyyətsiz bəyanatlar səsləndirən iranlı rəsmilərə xəbərdarlıq edildiyini söyləyib. Iranlı nazir açıqlamasına türkcə “Türk millətinə və dövlətinə salam və hörmətlərimi göndərirəm” cümləsilə başlayıb. Salehi ölkəsi ilə Türkiyə arasında münasibətləri gərginləşdirmək istəyən qüvvələrə imkan verilməyəcəyini də bildirib: “Iranla Türkiyənin münasibətləri dərin qardaşlıq və dostluqdan qaynaqlanır”.

Iran nüvə obyektlərinin vurulacağından qorxuya düşdü

Nüvə proqramı üzündən beynəlxalq ictimaiyyətin sərt təpkisilə üzləşən Iran nüvə obyektlərinə mümkün hərbi müdaxilə ola biləcəyindən qorxuya düşüb. Islam Inqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Qulamrza Cəlali bildirib ki, Iran rəsmiləri lazım olanda nüvə təsislərinin daha təhlükəsiz yerlərə köçürülməsini düşünür.
Qeyd edək ki, ABŞ və Israil Iranın atom bombası əldə etməyə çalışdığını əsas gətirərək, bu ölkəyə qarşı hərbi müdaxilənin istisna olunmadığını bildirib.

SEPAH komandanı Vaşinqtonun “qara siyahı”sına düşdü

Bu arada, ABŞ hökuməti insan hüquqlarının pozulmasında təqsirləndirilən Iranın iki generalına qarşı sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyindən yayılan məlumata görə, Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi, eləcə də SEPAH-ın quru qoşunları komandanının müavini, general Abdulla Ərağiyə qarşı qadağalar onların Iranda insan hüquqlarının pozulmasında iştirakı ilə bağlıdır. Onlar 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra Tehranda hakimiyyət əleyhinə nümayişlərin qəddarlıqla dağıdılmasında və bir neçə nəfərin öldürülməsində günahkar bilinir. ABŞ hökumətinin qərarına görə, hər iki generalın ABŞ-dakı mümkün bank hesabları dondurulur, Amerika vətəndaşlarına onlarla iş əlaqəsi qurmaq qadağan edilir. Həsən Firuzabadi və Abdulla Ərağiyə həmçinin ABŞ ərazisinə daxil olmaq qadağan edilib.

Bank qalmaqalı səngimir

Iranın daxilində də vəziyyət bir o qədər ürəkaçan deyil. Prezident Mahmud Əhmədinejad və komandası davamlı olaraq ali dini liderə yaxın mühafizəkar siyasilərin sərt ittihamlarıyla üzləşməli olur. Ölkənin bank tarixində baş vermiş ən böyük korrupsiya faktı da mühafizəkarların Əhmədinejada qarşı kampaniyasına əlavə stimul olub. Ali dini liderə yaxınlığı ilə tanınan siyasilər və media qurumları olaya görə prezidenti və onun komandasını günahlandırır.
Korrupsiya faktında adı hallandırılan ölkə parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Ələddin Bürucerdi son günlər ona qarşı irəli sürülən ittihamları rədd edib. Jurnalistlərə açıqlamasında özünün və oğlunun bank oğurluğunda iştirakı olmadığını deyən Ələddin Bürucerdi bildirib ki, bu ittihamlar ictimai rəyi çaşdırmaqdan, ona təsir göstərməkdən başqa bir şey deyil.

Elxan