Rafiq Tağının ölümü ilə bağlı yeni gəlişmələr

Əməliyyat müşavirəsi keçirildi

Yazıçı-publisist Rafiq Tağının öldürülməsi ilə bağlı əməliyyat müşavirəsi keçirilib. Bu barədə sorğumuza Baş Prokurorluğunun mətbuat xidmətindən rəsmi cavab verilib. Cavabda deyilir:

“Noyabrın 19-da 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi Tağıyev Rafiq Nəzir oğlunun yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə ötən gün Baş prokurorun 1-ci müavini Rüstəm Usubov  və Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupunun hesabatı dinlənilib. Müşavirədə istintaq-əməliyyat qrupunun üzvlərinə  cinayəti törətmiş şəxsin tutularaq məsuliyyətə cəlb olunması məqsədi ilə müəyyən edilmiş istintaq fərziyyələri üzrə zəruri olan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün konkret tapşırıq və tövsiyələr verilib”.

***

Tibbi ekspertiza yekun rəyini açıqladı; mərhumun ailəsi həkimləri məhkəməyə verir

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publisist Rafiq Tağının  ölümünün səbəbləri barədə yekun ekspertiza rəyini açıqlayıb.
Birliyin baş direktoru Şakir Musayevin məlumatına görə, yazıçının ölümünə səbəb döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları və bununla bağlı keçirilmiş cərrahi əməliyyatdan sonra inkişaf edən süst gedişli peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası, eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarkdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində kəskin ürək-ağciyər çatışmazlığı olub.
R.Tağının doğmaları və yaxınları xəstəxanada ona qarşı lazımi həkim nəzarətinin olmamasından narazılıqlarını bildiriblər. Onlar əmindirlər ki, xəstənin vəziyyəti məhz bu səbəbdən pisləşib.
Lakin Səhiyyə Nazirliyinin ekspertizası bütün bu suallara cavab vermir və faktiki olaraq həkimlərin öncədən verdikləri rəyi təsdiqləyir (“Turan”).

Rafiq Tağının ailəsi isə onun ölümünə səbəb olmuş tibbi heyəti məhkəməyə verməyə hazırlaşır. Bu barədə Rafiq Tağının qardaşı Alim Tağıyev bildirib.
R.Tağının ailəsi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  publisistin ölümünün səbəbləri barədə yekun ekspertiza rəyindən narazıdır. “Yekun ekspertiza rəyi ilə ilkin rəy üst-üstə düşmür. Rafiq Tağı heç zaman infarkt keçirməyib və onda ağciyər çatışmamazlığı müşahidə etməmişik”, – deyə o bildirib. 
A.Tağıyev  qardaşının xəstəxanada müalicənin düzgün aparılmaması, tibbi heyətin başdansovdu yanaşması və baxımsızlıq üzündən dünyasını dəyişdiyini bildirib: “Ailəmizin hər bir üzvü tibbi heyətin başdansovdu münasibətinin şahidi olub. Bu baxımdan Rafiq Tağının ölümünə görə məsuliyyət daşıyan cavabdeh səhiyyə rəsmiləri və həkimlər məhkəmə qarşısında dayanmalıdır”.