Əli müəllim, mən də ABŞ-dan şübhələnmişəm

Isveçrə televiziyalarının birində Azərbaycanın “Eurovision” mahnı yarışmasına hazırlığını gülüş hədəfinə çeviriblər. Şou aparıcıları bildirib ki, yeni tikilən musiqi yarışması meydanının mətbuat mərkəzindəki kiçik otaqlardan Azərbaycan sonradan siyasi fəallar üçün həbsxana kimi istifadə edəcək.

Bu, ölkəmizdəki repressiv mexanizmlər üstündə qurulan totalitar idarəetmə sisteminin beynəlxalq aləmdə əksidir. Ölkəmizdə insan haqlarının, azadlıqların biabırçı durumunu dilə gətirən təkcə dünyanın nüfuzlu ictimai-siyasi xadimləri, ciddi qəzetləri, telekanalları deyil, artıq əyləncə proqramlarının aparıcıları, şoumenlər, komediya artistləri də gülüş hədəfi kimi Azərbaycanın adını hallandırır. Bu, o deməkdir ki, artıq Azərbaycandakı korrupsiyalaşmış, mafiozlaşmış hakimiyyətin insan hüquq və azadlıqlarına münasibətini Avropada 7-dən 77-yə hamı bilir; bu, o deməkdir ki, Azərbaycanın beynəlxalq aləmdəki reytinqi sıfrın altındadır.
Azərbaycanı seçki saxtakarlığı, mülkiyyət hüquqlarının pozulması, ictimai fəalların total həbsi, sərbəst toplaşma azadlığının məhv edilməsi, repressiyalarla görün, hansı duruma gətirdi YAP hakimiyyəti! Bu “gənc və perspektivli”, “müstəqil siyasi kurs” götürən, ölkənin daxili işlərinə kimsənin qarışması ilə barışmayan əlahəzrətin “uğurlu” strategiyasını görür, bilir, eşidirsinizmi?
Bunlar dərk etmirlər ki, dünyanın ən güclü ölkəsinin siyasətini müəyyənləşdirən şəxslərdən biri – ABŞ-ın dövlət katibi Hillari Klintonun tənqidlərindən nəticə çıxarmaq lazımdır, ona cavab qaytarmaq üçün növbəyə durmaq kimi siyasi korafəhmliklə hara gedirsiniz və bu xaraba ölkəni arxanızca hara sürükləyirsiniz?
Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovu danışdırdılar, sonra deputat Mübariz Qurbanlıya, indi də YAP-ın icra katibi Əli Əhmədova keçiblər. Ona görə “danışdırdılar” deyirəm ki, bu üç şəxsin ağzından çıxanlar eyni mətndir və hiss olunur ki, konkret mənbədən qidalanır. Hər üçü ABŞ-ın insan haqlarından danışmağa haqqı olmadığından, insan haqlarını bəhanə edib Azərbaycanın daxili işlərinə qarışdığından, ermənilərin təcavüzü nəticəsində 1 milyon qaçqının hüququnun pozulmasından yapışıblar.
Indi mən durub desəm ki, insan haqları və demokratiya heç bir ölkənin daxili işi deyil və beynəlxalq qanunlarla tənzimlənir, “Novruz Əli Qurbanlılar” bir nəticə çıxaracaqlarmı? Bu, dünya ranqlı, beynəlxalq çəkili, azman və ulu siyasi xadimlərə sivil dünya 20 ildir başa sala bilmir ki, insan haqları ölkələrin daxili işi deyil, mən necə anladacam?
“ABŞ insan hüquqları bəhanəsi ilə bəzi ölkələrin daxili işinə qarışır” deyir Əli Əhmədov. Cənab Əhmədov, doğrusu, ABŞ mənim də xoşuma gəlmir. Ötən il, sizin sözlərinizlə desək, ABŞ Dövlət Departamentinə bağlı olan “The Washington Post” qəzeti Azərbaycan prezidentinin Dubayda 4 villa aldığını yazdı. Guya, ABŞ o vaxta qədər bu kimi faktlardan xəbərdar deyildi? Niyə məhz ötən il faktların birini mətbuata ötürdü?
Hiss olunur ki, bəhanə edir. Verməyin bu bəhanələri ABŞ-a! Dubayda 11 yaşlı oğlunuzun adına villa almayın, öz vətəndaşlarınızın şəxsi mülklərini başlarına uçurtmayın, konstitusion hüququndan istifadə edən şəxsləri tutub türmələrə soxmayın, siyasi fəalları şərləyib həbs etməyin, yol, körpü, məktəb, kompleks və s. layihələrə dəyərindən 100 dəfə artıq pul ayırıb mənimsəməyin və xalqın milyardlarını oğurlayıb xarici banklardakı şəxsi hesablarınıza yatırmayın!
Əli müəllim, ABŞ-dan mənim də gözüm heç su içmir; bir də gördün “çirkli pulları” “bəhanə” gətirdilər və Azərbaycan oliqarxlarının xarici banklardakı hesablarını dondurdular. Necə ki, Içveçrə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin pullarına əl qoyub. Onda neyləyəcəksiniz?
Bu yaxınlarda Azərbaycanın ən yüksək siyasi elitasına aid olan 4 məmurun Avropa və ABŞ banklarındakı 34 milyardlıq şəxsi hesablarının dondurulması informasiyasını da xarici mənbələr sızdırmışdı. Deməli, hazırlıq görürlər. Öz həmkarlarınıza deyin, bu ölkənin var-dövlətini niyə daşıyıb Avropaya yığırlar? ABŞ kimi ancaq “öz mənfəətini düşünən” güclü ölkələrə niyə bəhanə verirlər? Axı, bu xalqın dərisindən, canından oğurlanan milyardları ABŞ-ın hegemonluq etdiyi NATO ölkələrində ABŞ dolları ilə gizlədib, sonra da ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışmasından necə narahatlıq ifadə edə, Hillari Klintonu necə qərəzdə suçlaya bilərsiniz?
ABŞ-ın əlinə seçki saxtakarlıqları, insan haqları, demokratiya, korrupsiya, rüşvət və s. yüzlərlə “bəhanə” verib, Rusiyanın əlinə oynayanda, rus idarəetmə sistemini çiçəkləndirəndə nə fikirləşirdiniz?
Yeri gəlmişkən, güvəndiyiniz dağlara – Rusiyaya “inqilab qarı” yağır…