“Filankəs qərəzlidir!” – deyəndə gərəkdir izah edəsən ki, bəs qərəzin səbəbi nədir? Həmin “qərəzli” adam bununla nə məqsəd güdür?
Bəli, məlum oldu ki, Hillari Klinton Azərbaycanın adını insan haqlarının pozulduğu ölkələrlə birgə çəkəndə “qərəzə” yol verib. Doğrusu, mən bilmirəm, bununla bağlı nə deyim. Mənim yadımda qalan budur ki, bir vaxt Azərbaycana səfər edəndə Klinton müxalifət təmsilçilərilə görüşməmişdi. O vaxt çox güman ki, hakimiyyətimiz bundan möhkəm razı qalmışdı. Onda Klinton, necə deyərlər, hökuməti dəstəkləmişdi, onun siyasi rəqiblərinə diqqət ayırmamışdı. O vaxt elə müxalif siyasi qüvvələr də Klintonu “qərəz”də suçlaya bilərdilər, amma onlar bunu etmədilər və düz də elədilər. Çünki ola bilsin, ABŞ rəsmisinin məlumatı azca natamam olub. Bəs indi Klinton niyə hakimiyyəti tənqid edir? Səbəb sadədir və göz önündədir: Siz ölkənin əsas qəzetlərini açın və orada siyasi məhbus kimi qəbul edilən insanların fotolarına baxın! Bu fotolar saxta deyil, hansısa bir adamın fantaziyasının məhsulu deyil. Bir neçə ay məhkəmə prosesləri gedib, səfirlər, beynəlxalq təşkilatlar bu prosesləri müşahidə edib və bunun əsasında da bir nəticəyə gəliblər. Indi ölkədə 20-dən artıq siyasi məhbusun olduğu deyilir.
Bu adamların böyük hissəsi elə etiraz aksiyalarında iştirak etdiklərinə görə məhkum olunublar. Üstəlik, bu proses elə bir vaxta təsadüf edir ki, dünyada etiraz aksiyalarının keçirilmədiyi gün olmur, hara baxırsan, etirazdır, aksiya və mitinqdir. Indi Klinton nə desin?
“Qərəz”ə gəlincə, bunun olsa-olsa, yalnız geosiyasi təfərrüatları ola bilər. Məsələnin digər tərəfinə gəldikdə isə birdəfəlik qəbul etmək lazımdır ki, insan haqlarının vəziyyəti haqqında nəsə demək başqa dövlətin daxili işlərinə qarışmaq deyil. Çünki insan haqları heç bir dövlətin daxili işi deyil, o cümlədən də müstəqilliyinin 20 ilini bu yaxında qeyd etmiş Azərbaycanın!
Mən həmişə ümid edirəm ki, bəlkə elə bir vaxt gələcək ki, biz ucuz təbliğat ştamplarından imtina edəcəyik, amma etmirik! Ölkə Avropa Şurasının üzvüdür və güman etmək olar ki, bu qurumun siyasi fəlsəfəsini qəbul edib. Lakin rəsmi açıqlamalara, bəyanatlara baxırsan, bunu təsdiq edən heç nə tapmırsan. Əksinə, 50 il əvvəlki siyasi psixologiya özünü bütün geriliyi və köhnəliyi ilə ortaya qoyur – o, qərəzli, bu, qərəzli… Bəs biz kimi eşidək, kimi dinləyək, kiminlə ünsiyyət quraq? Şimali Koreya ilə?!
Mən bayaq bir sətirlə geosiyasi təfərrüat haqda qeyd etdim. Bu da qərəz deyil və adi siyasətdir: mənim müttəfiqimsənsə, mənim siyasətimlə öz siyasətini, bir az olsa da, uzlaşdırırsansa, mən sənin bəzi problemlərinə göz yuma bilərəm!
Yox, bunun əksidirsə, onda, necə deyərlər, özünü gözlə! Prinsipcə, bu, olar və buna təəccüblənmək lazım deyil. Bircə anlığa yada salaq: “Nabucco”nun vəziyyəti necədir və biz bu layihə ilə bağlı son olaraq nə dedik? Avropa Birliyi də bizim cavabımızı gözləyir. Bununla, yəni assosiativ üzvlüklə bağlı mövqeyimiz nə oldu?
Azərbaycan Rusiyanın poliqonuna çevrilir?
Bunlar həmişə müstəqillikdən dəm vuranda adam demək istəyir ki, əgər siz müstəqillik illərinin əvvəlində olsaydınız, Rusiyanın hərbi bazaları hələ də bu ölkədə qalardı! Bununla razı deyilsinizsə, Qəbələ RLS-i bağlayın və Rusiya hərbi maşınının bu ölkədə iştirakına son qoyun! Amma bacarmırsınız! Ona görə ki, öz siyasi taleyinizdən ehtiyat edirsiniz, çəkinirsiniz! Budur ruslar da ikinci RLS-i inşa etmək istəyirlər. Ekoloji tərəfi bir yana qalsın, Rusiya bunu ABŞ-ın bəzi ölkələrdə raket hücumundan müdafiə sistemlərini yerləşdirməsinə cavab olaraq edir. Burada suallar yaranır: Nə üçün Azərbaycan belə qlobal hərbi çəkişmədə tərəf olmalıdır? Niyə görə o, özünü nüvə və raket müharibəsi vaxtı potensial hədəfə çevirməlidir? Nədən Azərbaycan özünə müttəfiq olan dövlətlərin, o cümlədən Türkiyə və Pakistanın, eləcə də digər loyal ölkələrin səmasının öz ərazisindən izlənməsinə razı olmalı və bunun üçün şərait yaratmalıdır? Bəlkə bu haqda düşünməyə dəyər?..