Köçəri Nağıbəyli: «Şəxsiyyət vəsiqələrində dəyişikliklərlə bağlı ölkə başçısına müraciət edəcəyik»
Bir neçə gün əvvəl deputat Fəzail Ağamalı Qərbi Azərbaycandan olan soydaşlarımızın şəxsiyyət vəsiqəsində onların doğulduğu kəndlərin adının yazılması məsələsini qaldırıb. Deputat bildirib ki, bu, Qərbi Azərbaycanda olan toponimlərin məhv edilməsinin qarşısını alır, deportasiyanı göstərir və o torpaqların bizə məxsus olduğunu ortaya qoyur.
Xatırladaq ki, bu təklifi ilk dəfə Qərbi Azərbaycanlıların Azadlıq Təşkilatının sədri, Deportasiya Qurbanları Cəmiyyətinin Idarə Heyətinin üzvü Köçəri Nağıbəyli irəli sürüb. Onu da qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, hökumətin sovet banklarında batmış əmanətlərinin qaytarılmasında tərəddüdü də məhz Qərbi azərbaycanlılarla bağlıdır. Belə ki, onların vaxtilə pullarını əmanət qoyduğu Ermənistanda artıq bu vəsaitlər qaytarılıb. Bu və başqa məsələlərə Köçəri Nağıbəylinin fikirlərini öyrəndik.
– Şəxsiyyət vəsiqələrində dəyişikliklərlə bağlı təkliflərinizi DIN-ə göndərmisinizmi?
– Həmin təkliflə bağlı ölkə başçısına və Daxili Işlər Nazirliyinə müraciət hazırlanıb. Ancaq o sənədin üstündə əlavə düzəlişlər edilməlidir. Yəqin ki, yaxın günlərdə göndərəcəyik.
– Bir müddət əvvəl “Qaçqınkom”da Qərbi azərbaycanlıların sənədlərinin itməsi ilə bağlı məsələ ortaya çıxdı. Bu məsələ nə yerdədir və bununla bağlı hansı yeni məlumatlarınız var?
– Bununla bağlı araşdırmalarımız davam edir. Biz sənədləri toplayırıq ki, məsələni axıra çatdıraq.
– Qərbi azərbaycanlıların sovet banklarında batan əmanətlərinin taleyi ilə bağlı məsələ nə yerdədir? Bu pulları Ermənistandan almağınız mümkünsüzdü. Azərbaycandan alacağınızı gözləyirsinizmi?
– O məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Qərbi Azərbaycandan olan insanlar zorən deportasiya olunanda Ermənistan banklarında xeyli pullarımız qalıb. Düşünürəm ki, bu insanların pulları qaytarılmalıdır. Bunu dövlət həll etməlidir. Təbii ki, bizim bu gün Yerevana qayıtmaq, ordan pullarımızı almaq imkanlarımız yoxdur. Azərbaycan hökuməti neft pulları, digər yollarla gələn vəsaitlərlə bu əmanətləri qaytarmalıdır.
– Siz abidə qoyulması məsələsini də gündəmə gətirmisiniz. Bununla bağlı məsələ nə yerdədir?
– Zaman-zaman bu məsələləri qaldırmışıq. Ancaq hakimiyyətdə olan qüvvələr mane olub. Deportasiya olunmuş insanların statusu təmin olunmalıdır. Bunların imtiyazları qaytarılmalıdır. Azərbaycanda soyqırım və deportasiya abidəsi qoyulmalıdır. Gənc nəsillər bu abidəni görəndə bunun nə olduğu barədə düşünsünlər, itirilmiş torpaqlar yada düşsün. Başqalarından fərqli olaraq bizim ata-babalarımızın qəbirlərinin üstünə çiçək qoymaq imkanımız yoxdur. Heç olmasa abidə olsun, biz də ora gedək. Bizim təşkilatın qaldırdığı bu məsələlər öz həllini tapmalıdır. Qərbi Azərbaycandan olan qaçqınların bütün problemləri kompleks şəkildə həll edilməlidir.
Fizzə


