
«Istəyirik ki, Yaxın Şərqin demokratikləşməsinə verdiyiniz diqqətin davamını Azərbaycanda demokratiya mücadiləsi verənlər də hiss etsinlər»
AXCP Gənclər Komitəsi Türkiyə prezidenti Abdullah Gül və bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edib.
Müraciətdə deyilir:
“Sizə qardaş Azərbaycanın gəncləri adından müraciət edirik. Bizlər Türkiyəni çox sevir və onun Azərbaycan üçün dəyərini də yaxşı anlayırıq. Türkiyə Cümhuriyyətinin regionda mühüm siyasi dəyişikliklərdə fəal iştirakını Azərbaycan cəmiyyəti, xüsusən də dəyişikliyin avanqard qüvvəsi olan gənclik diqqətlə izləyir və dəstəkləyir. Yaxın Şərqdə sülhün və demokratiyanın bərqərar olması üçün səyləriniz hər kəsi məmnun edir. Biz də sizə mənəvi və siyasi dəstək verdiyimizi bəyan edirik.
Bununla yanaşı, qardaş ölkənin gəncliyi olaraq sizdən gözləntilərimiz var. Biz istəyirik ki, bütün Yaxın Şərqin demokratikləşməsinə verdiyiniz diqqətin davamını Cənubi Qafqazda, xüsusilə Azərbaycanda demokratiya, özgürlük mücadiləsi verən gənclər də hiss etsinlər. Biz qardaş ölkələrin eyni milləti kimi bir-birimizin inkişafında və mütərəqqi dünyaya qoşulmasında səmimi olduğumuzu, həm də bəşəri ideyaların inkişafına qarşılıqlı dəstəyimizlə sübut etməliyik.
Amma bəzən Azərbaycandan elə görünür ki, regionda haqq və demokratiya istəyən Türkiyə Azərbaycanda fərqli mövqe tutur və antidemokratik bir siyasi hakimiyyətə dəstək verir. Nə üçün belədir? Biz anlaya bilmirik ki, niyə ayrı-ayrı vaxtlarda AKP-dən olan millət vəkilləri bizim ölkədəki saxtalaşdırılmış seçkiləri tərifləyib, qüsursuz adlandırır?
Bu gün Azərbaycanda insan haqlarının durumu ağırdır. Demokratik seçkilər keçirilmir. Söz azadlığına basqı var. Siyasi fəallar həbs edilir. Ölkədə korrupsiya baş alıb gedir. Dövlət əmlakı talanır. Iş adamları qanunsuz ödəmələrlə, soyğunçuluqla üzləşir. Insan haqlarına aid olan bu məsələlər artıq bir ölkənin daxili işi sayılmırsa, bu halda, qardaş Türkiyə nədən bu problemləri gündəmə gətirmir?”.


