Gənc vicdan məhbusunun vəkili onun əfv ərizəsi yazmadığını bəyan etdi
AXCP üzvü, gənc siyasi məhbus Cabbar Savalanlının əfv üçün ərizə yazması barədə yayılan məlumatları onun vəkili Əsabəli Mustafayev təkzib edib.
“Cabbar Savalanlı əfv ərizəsi yazmayıb. ÿBu məlumat mətbuata məqsədli şəkildə ötürülüb”, – deyə Əsabəli Mustafayev bildirib.
Vəkilin sözlərinə görə, təxminən bir ay əvvəl rəsmi qurumlardan Cabbara əfv ərizəsi yazmaq barədə təklif gəlib. Lakin o, bu təklifi qəbul etməyib. Əsabəli Mustafayev Cabbarın imtinasının səbəbini bir daha izah edib: “Cabbar özünü günahsız hesab edir. Buna görə də əfv ərizəsi yazmayıb. Valideyn və qohumları onun barəsində yayılan bu yalan xəbərdən narahatlıq keçirirlər. Onlar da məlumatların həqiqətə uyğun olmadığını bilirlər”.
Vəkil hesab edir ki, bu yalan məlumat vicdan məhbusları arasında parçalanma yaratmağa hesablanıb.
Əsabəli Mustafayev onu da qeyd edib ki, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda təmsil olunan hüquq müdafiəçiləri vicdan məhbuslarının azadlığa buraxılması üçün ölkə başçısına müraciət ediblər: “O siyahıda Cabbarın da adı var. Həmin müraciəti etmək hüquq müdafiəçilərinin hüququdur. Onların prezidentə müraciət etməsinin qarşısını Cabbar Savalanlı da ala bilməz”.
Xatırladaq ki, AXCP Gənclər Komitəsinin fəalı olan Cabbar Savalanlı bu il fevralın 5-də narkotiklə şərlənərək həbs olunub. Sumqayıt Şəhər Məhkəməsi mayın 4-də onu 2 il 6 ay azadlıqdan məhrum edib. Cabbar Savalanlı ona verilən bu cəzanı hazırda Bakıdakı 10 saylı cəzaçəkmə müəssisəsində çəkir. “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı onu “vicdan məhbusu” sayır və azadlığa buraxılmasını tələb edir.
Natiq