“Bakının son davranışı anlaşmanın pozulması mənasındadır; geniş cavab addımları atılacaq”
İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazımi “Press TV” telekanalına müsahibəsində Azərbaycana buraxılmamasından danışıb.
“Media forum” saytı “Arannews.ir” saytına istinadla xəbər verir ki, Əhməd Kazimi müsahibəsində deyib: “Aydındır ki, jurnalistin, media mənsubunun hər hansı ölkəyə girişinə maneə yaratmaq azad informasiya prinsipləri ilə ziddiyyət təşkil edir və həmin ölkənin imicinə zərbə vurur.
Azərbaycan Respublikasının son hərəkəti bu ölkə prezidentinin xüsusi nümayəndəsi cənab Əli Həsənovun Tehrana səfəri zamanı media əməkdaşlığı sahəsində əsaslı və ümumi anlaşmalar əldə olunduqdan sonra həyata keçirildi. Bu anlaşmalara əsasən, media əməkdaşlığının genişləndirilməsi və media məsələlərinin araşdırılması məqsədilə müştərək komitə yaradılmalı idi. Mən də İranın nümayəndəsi kimi bu komitəyə elan olunmuşam. Buna görə də Bakının son davranışı əslində bu önəmli və əsaslı anlaşmanın pozulması mənasındadır”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev deyib ki, onun fikrincə, bu hadisə texniki problemlərə görə baş verib. Bununla bağlı sualı cavablandıran Əhməd Kazımi bildirib: “Bu fikir o zaman doğru olacaq ki, Bakı vaxt uzatmaq siyasəti əvəzinə tez bir zamanda öz hərəkətini islah edib əvəzini çıxsın və İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinə qarşı mövcud məhdudiyyətləri ləğv etsin. Belə olmadığı təqdirdə bu nəzəriyyə güclənir ki, son hərəkət İran və Azərbaycan Respublikasının dostluq və qardaşlıq münasibətlərinə qarşı olan qərblilərə bağlı dairələr tərəfindən həyata keçirilib və onların məqsədi rəsmi Bakının imicinə zərbə vurmaqdır”.
Kazımi bəyan edib ki, Azərbaycan Respublikasının milli media strategiyası iki ölkənin dostluq və qardaşlıq ortaqlıqlarını, bağlarını möhkəmləndirmək və informasiyanın çatdırılması olmalıdır: “Ötən təcrübələr göstərir ki, Tehran və Bakı münasibətlərinin inkişafı istiqamətində hər zaman addım atılarsa, qərblilərə bağlı cinah çalışır ki, onu məhv etsin. Bu dəfə də onlar son anlaşmalardan nigaran olaraq, habelə mediaların təsirli rolunu anlayaraq media əməkdaşlıqlarının inkişafına dair Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi cənab Əli Həsənovun açıqlamalarını etibarsız göstərməyə və əslində Azərbaycan Respublikası hökumətinin imicinə zərbə vurmağa çalışdılar.
Ümidvaram ki, Azərbaycan tərəfi tez bir zamanda öz addımını islah edərək, İranın Bakıdakı media ofisinə qarşı həyata keçirilmiş məhdudiyyətləri ləğv edəcək və media münasibətlərinin gərginləşməsinə mane olacaq. Çünki təbiidir ki, media anlaşmalarının pozulması mövcud media proseslərinin məhv olması və qarşılıqlı geniş addımların atılması ilə nəticələnəcək”.
Əhməd Kazımi vurğulayıb ki, İranla media münasibətlərini gərginləşdirmək Azərbaycan Respublikasının xeyrinə deyil: “Əksinə bu, İlham Əliyev hökumətini qaralamaq və devirmək strategiyasını izləmələrinə, habelə İrana qarşı separatçı funksiyalarına baxmayaraq Azərbaycan Respublikasında azad şəkildə fəaliyyət göstərən Qərb ölkələrinin media nümayəndələrinin xeyrinədir. Bu mediaların fəaliyyət üçün lazımi studiya və icazələri var və indiyə qədər onlara qarşı heç bir addım atılmayıb”.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana son səfərinin iki ölkənin media əməkdaşlığının genişləndirilməsinə zəmin yaradıb-yaratmaması ilə əlaqədar “Press TV” müxbirinin sualını cavablandıran Əhməd Kazımi deyib: “İran və Azərbaycan çoxlu dini, tarixi və mədəni ortaqlığa malikdir və buna görə də media əməkdaşlıqlarının genişləndirilməsi üçün çoxlu zəmin var. Bu istiqamətdə indiyə qədər iki ölkə arasında media əməkdaşlıqları sahəsində 3 razılaşma imzalanıb”.
Əhməd Kazımi qeyd edib ki, Əli Həsənovun Tehrana səfəri zamanı əldə olunan razılaşmalar media əməkdaşlığının genişləndirilməsi üçün münbit zəmin yaradır: “İran son müzakirələrdə öz iradəsini göstərdi və ümid edirik ki, Azərbaycan tərəfi də öz son hərəkətini islah edərək, onun əvəzini çıxaraq və müstəqil qərar verərək bu konstruktiv əməkdaşlıqlara zəmin yaradacaq. Xüsusilə də cənab Həsənov müzakirələr zamanı dəfələrlə media əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğuladı”.