Alternativ xidmət qalmaqalı

«Bu məsələyə getmək istəməyənlər dövləti biabır edirlər»

Parlamentin son iclasında “Hərbi vəzifə və hərbi xidmət” haqqında qanun layihəsi ətrafında gərgin müzakirələr getdi. Layihə ilə bağlı ən diqqətçəkən məqam isə alternativ xidmətlə bağlı idi. Müxtəlif fikirlər səsləndirilməsinə baxmayaraq, alternativ xidmət məsələsi yenə açıq qaldı. Ən maraqlısı isə Konstitusiyada bununla bağlı yer alan müddəadır. Həmin müddəada deyilir ki, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda bu, alternativ xidmətlə əvəz oluna bilər.    
Deputat Zahid Oruc deyir ki, Azərbaycanın da ratifikasiya etdiyi Avropa Konvensiyası vətəndaşa zərurət olduğu halda alternativ hərbi xidmətdən yararlanmaq imkanı verir: “Biz bu sənədi qəbul edərkən bu öhdəliyi də üzərimizə götürmüşük. Paralel olaraq Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın öhdəliklər hissəsində də həmin qanunu qəbul etmək öhdəliyi var. Məhz bundan irəli gələrək, 2003-cü ildə referendum keçirilərkən Konstitusiyaya edilən dəyişikliklərdən biri də həmin alternativ xidmətlə bağlı oldu. Bundan sonra bu məsələ nəinki Konvensiyanın, öz Konstitusiyamızın da ciddi tələbinə çevrildi”. 

Z.Oruc Konstitusiyada əksini tapan məlum “əqidə” məsələsinə də aydınlıq gətirdi: “Söhbət üç əqidənin vətəndaşın hərbi mükəlləfiyyəti həyata keçirməsi ilə ziddiyyət təşkil etməsindən gedir. Dini əqidə, həmçinin mənəvi və estetik dünyagörüşü. Məsələn, elə dini cərəyanlar var ki, onlar hərbi xidməti, silahdan istifadəni qəbul etmirlər. Adətən belə şəxslərə xarici təcrübədə alternativ xidmət təklif olunur. Bu, vətəndaşların həmin cərəyanlara meyillənməsinə apara bilər. Vətəndaş fəal hərbi xidmətdən yayınaraq, arxa cəbhənin tələblərini yerinə yetirmək istəyəcək. Ikincisi də, bu, ordunun sıra sayına problem yarada bilər. Əli silah götürən əsgərlərimizin sayı azalar”.
Hərbi ekspert Üzeyir Cəfərov isə alternativ hərbi xidmət haqqında qanunun bugünə qədər qəbul edilməməsini Azərbaycan hakimiyyətinin səhlənkarlığı kimi qiymətləndirir: “Azərbaycan Avropa ailəsinə daxil olarkən üzərinə öhdəlik götürdü. O öhdəliklərdən biri də alternativ xidmət haqqında qanun idi. Bəziləri ona alternativ hərbi xidmət deyirlər, amma bu belə deyil. Alternativ xidmət haqqında qanun Azərbaycanda çoxdan qəbul olunmalı idi. Bu gün magistrlərə möhlət vermək istəməyən, o cümlədən tək oğulların hərbi xidmətə aparılmasının tərəfdarı olan hörmətli millət vəkilləri yaxşı olar ki, alternativ hərbi xidmət haqqında qanunu qəbul etsinlər. Onların səhlənkarlığının nəticəsidir ki, bu gün ”Harvard” məzunu olan Bəxtiyar Hacıyev həbsdədir.
Konstitusiyaya görə, Azərbaycan vətəndaşının alternativ hərbi xidmət keçmək haqqı var. Lakin Konstitusiya aktını tənzimləyən qanun bugünə qədər qəbul olunmayıb. Nə vaxt qəbul olunacağı da qeyri-müəyyəndir”.

Ü.Cəfərov hesab edir ki, hökumət məsələni heç cür tənzimləmək istəmir: “Deyirlər ki, alternativ hərbi xidmət haqqında qanun qəbul edilsə, bu, neqativ hallara şərait yaradacaq. Müharibə şəraitidirsə, o zaman Azərbaycanda heç bir seçki keçirilməsin. Bu, sadəcə olaraq, bir bəhanədir. Qanunları necə istəyirlər, elə də formalaşdırırlar. Magistrlərə möhlət verilməsini, tək oğulların hərbi xidmətdən azad edilməsini təklif edən ağıllı deputatlara təşəkkürümü bildirirəm. Buna qarşı çıxan və kişilik məktəbindən danışan Ziyafət Əsgərov, Siyavuş Novruzov və digərləri isə nədənsə ordudakı çoxsaylı problemləri etiraf etmək istəmirlər”.
Ü.Cəfərov deyir ki, alternativ xidmət hüququndan istifadə heç də rəsmilərin təsəvvür etdiyi kimi, sadə deyil: “Bunlara elə gəlir ki, sabah biri desə ki, mən alternativ xidmət keçmək istəyirəm, ona o dəqiqə bu imkan yaradılacaq. Xeyr, bu belə deyil. Bu məsələyə getmək istəməyənlər dövləti biabır edirlər”.

Gültəkin