Metroda qiymətlər 5 qəpik artınca Tağı Əhmədova bir qarğış, bir söyüş, bir nifrin başladı, gəl görəsən. Millət yumdu gözünü, açdı ağzını – nə yemisən turşulu aş.
Əlbəttə, sağdan-soldan haqqında deyilənlərin Tağı müəllimə bir isti-soyuğu olmadığına əminəm. Əvvəla, elin ağzı torba deyil, büzəsən. Ikincisi, Tağı müəllim də Ilham Əliyevin ətrafındakı hər kəs kimi belə tənqidlərə və nifrinlərə gülüb keçir. Çünki bu rejimin mahiyyəti ictimai rəyi inkar edir. Cəmiyyətin münasibətini hakimiyyətdə yumşaq yerinə alan belə yoxdur. Üçüncüsü, Əliyevlərin Azərbaycanında birinci şəxsdən xəbərsiz ağacdan yarpaq düşmür. Belədə hansısa qiymət artımına görə sadəcə bir məmuru hədəf almaq çox komikdir, adama nə qədər demək olar ki, biz balığın başdan iyləndiyi ölkədə yaşayırıq.
Əslinə qalsa, Tağı Əhmədov bu rejimin ən sayğıdəyər ismidir. Zarafat-zad eləmirəm. Tam ciddi deyirəm. Jurnalistlərlə danışığında, davranışında hər nə qədər ən xırda etik qaydaları gözləməsə belə, ağlına və ağzına gələnləri üyütsə belə, mənim Tağı Əhmədova hörmətim sonsuzdur.
Çünki o, bu rejimin yeganə maskalanmayan məmurudur.
Bu rejimin bəlkə də yeganə nümayəndəsidir ki, süni mədəniyyət nümayiş etdirməkdən uzaqdır. Artistlik eləmir. Oynamır. Rola girmir. Azərbaycanı idarə edən zehniyyətin əsl üzünü, gerçək mahiyyətini gözlər önünə sərir.
Bir sözlə, Tağı Əhmədov Əliyevçi rejimin vizit kartıdır. Kimlik vəsiqəsidir. Ümumiləşmiş və real obrazıdır.
Tağı Əhmədov “metro mənim şəxsi dükanımdır, özüm bilərəm, istəyərəm qiyməti artıraram, istəyərəm artırmaram” deyərkən də…
Jurnalistlərin üstünə çəmkirərkən də… “Burcutmaq” felini dillər əzbərinə çevirərkən də Tağı Əhmədov çox səmimi idi. Saxtakarlıq eləmirdi. Özünü gizlətmirdi.
Əslində bu hakimiyyətdə yurd salan hər kəsin içində bir Tağı Əhmədov var. Onların hərəsi bir cür Tağı Əhmədovdur. Hətta Tağı Əhmədovdan betərdirlər.
Sadəcə, jurnalist qarşısına çıxanda mədəni, bəzəkli-düzəkli cümlələr qururlar, özlərini tərbiyə və əxlaq mücəssiməsi kimi göstərirlər. Gerçək mahiyyətlərindən qopur, başqası olurlar. Riyakarlıq eləyirlər. Cildə girirlər. Mahiyyətlərini malalamağa çalışırlar. Sanki korrupsiya bunlara yaddır. Sanki millətin qanını sümürən, sərvətlərini oğurlayan heç bunlar deyil. Sanki aydan arı, sudan durudurlar. Sanki süddən çıxmış ağ qaşıqdırlar. Sanki Allahın bacısıoğludurlar. Sanki uşaq kimi məsum, qar kimi təmizdirlər.
Tağı Əhmədov isə bu ikiləşmələrin, bu artistliklərin hamısından uzaqdır. Göründüyü kimi deyil, olduğu kimidir. Danışığı və davranışı ilə Azərbaycandakı rejimin iç üzünü açıb ortaya qoyur. Bizə demək istəyir ki, siz baxmayın başqalarının qurduğu mədəni cümlələrə, özlərini aristokrat kimi göstərmələrinə, əslində onların əsl mahiyyəti mənəm! Rejimin əsl mahiyyəti mənəm!
Bizə demək istəyir ki, nə olsun, ilhamlar, rövnəqlər, ziyalar, kəmaləddinlər televizordan ağıllı-ağıllı, gözəl-gözəl sözlər danışırlar, millətin gözünə mələk kimi görünməyə çalışırlar, xalqın önünə 21-ci əsrin adamları kimi bəzənib-düzənib çıxırlar, əsla aldanmayın onlara, xalqın malına göz dikəndən, onu öz köləsi, öz qulu kimi görəndən, hüquqa sayğısı olmayandan, ədalət duyğusunu itirəndən mədət ummaq da, mədəniyyət ummaq da filfilodur, mifdir, əfsanədir.
Təkcə bu həqiqəti anlatdığına, anlatmağa çalışdığına görə mənim Tağı Əhmədova hörmətim sonsuzdur. Və elə təkcə buna görə o 5 qəpiyi Tağı müəllimə halal eləyirəm.
Halal, halal xoşu olsun.