«Şərq» bazarının keçmiş rəhbərliyi və Rumıniyadakı səfir Eldar Həsənov 60-dan çox vətəndaşın qazanc yerinə göz dikib
Sumqayıtda fəaliyyət göstərən “Şərq” bazarının keçmiş rəhbəri Rəşid Babayev və sabiq baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov Sumayıtda 60-dan çox sahibkarın hüququnu pozub.
Bu barədə həmin sahibkarlar İctimai Palatanın dekabrın 13-də mülkiyyət hüquqları ilə bağlı keçirdiyi dəyirmi masada danışıblar.
Sahibkarlardan biri Yusif Məmmədov daha sonra “Azadlıq”a bildirib ki, adıçəkilən şəxslər “Şərq” bazarının yaxınlığında 66 sahibkara məxsus ərazini qanunsuz yolla ələ keçirib: “1994-cü ildə Heydər Əliyevin sahibkarlığın inkişafı üçün imzaladığı sərəncama əsaslanaraq ”Şərq” bazarı ərazisində bizə ticarət üçün yer ayrıldı. Həmin ərazini biz öz vəsaitimiz hesabına normal vəziyyətə gətirərək 1996-2006-cı illərdə ticarətlə məşğul olduq. Amma 2006-cı ildən başlayaraq sabiq baş prokuror Eldar Həsənovun qohumu Afət Həsənova ilə birləşən “Şərq” bazarının keçmiş sahibi Rəşid Babayev özəlləşdirilmiş hissəyə, bizim əmlaklara qarşı iddia irəli sürməyə başladı. Nəticədə 2007-ci ildən başlanan proses 2010-cu ildə Əmlak Komitəsinin bizim dükanların altındakı torpaq sahəsini Rəşid Babayev üçün özəlləşdirməsi ilə nəticələndi. Bu anormal bir haldır. Qanunla ticarət obyektlərinin yerləşdiyi torpaq da bizimdir. Biz məhkəməyə müraciət etdik. Sumqayıt Iqtisad Məhkəməsinin çıxardığı qərara görə, ticarət obyektlərinin yerləşdiyi torpaq yenidən bizim mülkiyyətə qaytarılmalıdır. Amma bazarın rəhbəri Rəşid Babayev hər gün sahibkarları döyərək, təhqir edir ki, bura mənimdir və siz mənə işləməlisiniz”.
Sumqayıtdan olan digər sahibkar Şahmar Adıgözəlov da söylənilənləri təsdiq edərək bildirib ki, “Şərq” bazarında fəaliyyət göstərən sahibkarların əksəriyyəti şəhid ailələrinin təmsilçiləridir.
Sahibkarların sözlərinə görə, Rəşid Babayev məhkəmə qərarından apelyasiya şikayəti. Bu gün Sumqayıt Apelyasiya Məhkəməsində onun şikayətinə baxılacaq.
Mövzunu davam etdirəcəyik.
Informasiya şöbəsi