Biz Rusiyadakı etirazlara sevinirik. Heç gizlətmirik də bunu. Oradakı etirazların Azərbaycan və ətraf ölkələrə müsbət təsiri mübahisəsizdir. Əvvəla ona görə ki, başqa xalqlar öz azadlıqları üçün ayağa durduqca, azadlıq və hüquqlar, demokratiya və ədalətli idarəçilik tələbləri bizim ölkənin ictimai menyusuna daha sərt şəkildə daxil olur. Ümidlənirik, ruhlanırıq. “Ərəb Baharı”“nın bizdə də isti küləklər əsdirə biləcəyinə daha çox inanırıq…
Bu cür hadisələrin ətrafdakı siyasi sistemlərə basqı olduğu, təsir etdiyi də danılmazdır. Rus xalqının Putinə qarşı çıxması, seçki saxtakarlığına etiraz etməsi, dolayısı ilə həm də Ilham Əliyevə qarşıdır. Azərbaycandakı siyasi sistemə tərs şillədir: sən də onun kimisən, sən də bu cür münasibətə layiqsən. Moskvada səslənən “Partiya julikov i vorov”“ şüarı istər-istəməz bizim şanlı YAP-ı yada salır və hətta biz istəməsək də nə vaxtsa Sirus Təbrizlinin “Simasız quldurlar partiyası”“ deyimini təkrarlamalı oluruq.
Biz təkcə özümüzə görə sevinmirik. Rusiyada avtoritar rejimə qarşı təsirli etirazlara, özündənrazı oğru Putin komandasının pərt vəziyyətə salınmasına görə həm də rus xalqının adına sevinirik. Böyük mədəniyyətə və resurslara sahib olan bir xalq azadlıq və rifah içində yaşamağa layiqdir. Amma onu getdikcə gerilik basır, uğursuzluqlar izləyir. Rusiya dəyişməyə məhkumdur…
Bütün bunlara baxmayaraq, şimal qonşumuzdakı hadisələri izlədikdə şəxsən mən üzücü bir hiss də yaşayıram. Bunun isə çox sadə səbəbi var…
Hər zaman hesab etmişəm ki, seçkilər ictimai fəallıq üçün, dəyişiklik üçün, etirazlar üçün ən əlverişli dövrdür. Seçkilər dövründə xalq etirazlarının oyanması daha asandır. Debatlar dövrüdür, gözləntilər daha çox olur, etirazların ifadəsi üçün psixoloji vəziyyət daha əlverişli olur. Həm də etiraz etməyə çox ciddi səbəb olur. Ona görə ki, hakimiyyət oğurlanır. Bu, digər oğurluqlardan daha pisdir. Rusiyadakı hadisələr də isbat etdi ki, seçkilər doğrudan da xalq fəallığı üçün ən yaxşı məqamdır…
Amma biz hələ də 2013-cü il seçkilərinə necə gedəcəyimizlə bağlı düşünmürük. Azərbaycan müxalifəti də seçkilərə hazırlığı sanki həmin ilin yayına saxlayıb. Üstəlik, seçki öncəsi çox dağınıq bir vəziyyətlə üzləşə bilərik. Müxalifətin birliyi baş tutmaya bilər. Hələlik bunun əksinin olacağına əsaslarımız yoxdur. Bizə “müxalifətin vahid namizədi məsələsini ortaya atmayın, bu, parçalanmaya səbəb olur”“ deyən siyasətçilər artıq öz namizədliklərini səsləndiriblər.
2013-ə necə gedəcəyik biz? Ondan faydalana biləcəyikmi? Bütün dünyada baş verənlər bizi çox ümidləndirsə də, elə Rusiyadakı olaylardan xüsusi sevinsək də, həmin suallara cavab verərkən bir məyusluq yaşadığımı gizlətmirəm. Məncə bu məyusluğu 2013-də haqlı olaraq səsləndirməkdənsə, indi yanılaraq söyləmək daha yaxşıdır. Yanılmaq daha yaxşı olardı.
Qəbələ RLS-lə bağlı həkim zəngləri
Dünən Rusiyanın Azərbaycan ərazisində öz mülkü olan ikinci bir RLS tikəcəyi xəbəri üzərindən yazı ilə çıxış etmişdim. Bu təhlükəli plana görə narahatlığım daha çox ictimai-siyasi xarakter daşıyırdı. Amma yazı ilə bağlı ilk reaksiyaları həkimlərdən aldım. Çox tanınmış və peşəkarlığı şübhə doğurmayan bu mütəxəssislər həyəcanla danışırdılar. Onlar deyir ki, statistika həmin bölgədə xərçəng xəstəliyinin ən yüksək olduğunu göstərir. Eləcə də uşaq ölümləri, anadangəlmə xəstəliklər bu arealda yüksəkdir. Həkimlər söyləyir ki, həmin obyekt insanlar üçün ekoloji fəlakətdir. Biri olduğu halda, ikincisinin tikilməsi yolverilməzdir. Həkimlər söylədi ki, həmin plana “yox” demək”“ ölümə “yox” demək”“dir.