İraqın baş naziri Türkiyədən ABŞ-a şikayət etdi

Nuri əl-Maliki: «Türkiyə Iraqdakı bəzi siyasətçilər və blokları dəstəkləyərək daxili işlərimizə qarışır»

 

9 illik hərbi əməliyyatlardan sonra Iraqdakı müharibə bu ay başa çatacaq. ABŞ prezidenti Barak Obama Iraqın baş naziri Nuri əl-Maliki ilə keçirdiyi mətbuat konfransında bu fikri səsləndirib. Obama qeyd edib ki, ABŞ “özünə əmin və suveren Iraq”ı tərk edir. “Bağdad öz gələcəyi ilə təkbətək qalmayacaq. ABŞ islam respublikasının daimi tərəfdaşı olaraq qalacaq”, – deyə Barak Obama bildirib.
Obamanın planına əsasən, ABŞ qoşunları Iraqı bu il dekabrın 31-dək tərk etməlidirlər. Hazırda Iraqda təxminən 6 min ABŞ hərbçisi var. Bu arada ABŞ-a səfərdə olan Iraq baş naziri Nuri əl-Maliki Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib. Maliki Ankaranı Iraqın daxili işlərinə qarışmaqda günahlandırıb. “Türkiyə Iraqdakı bəzi siyasətçilər və blokları dəstəkləyərək daxili işlərimizə qarışır. Keçmiş səfirlərinin bu tipli hərəkətlərinə dəfələrlə etiraz etdik. Türkiyənin daxili işlərimizə qarışmasını qəbul edə bilmərik”, – deyə Maliki bəyan edib.