Qarabağı satanların Qarabağ oyunları

Hələ Naxçıvanda ikən separatçı sövdələşmə yoluyla ermənilərlə ATƏŞKƏS yaradaraq Qarabağı satmağın özülünü qoyanlar sonra Qarabağı Azərbaycan NEFTI ilə birgə sataraq hakimiyyətə gəldilər. Onlar 18 ildir hakimiyyətdədirlər. Indi ortaya çıxan bir çox faktlardan göründüyü kimi, Qarabağı, Neft-QAZ resurslarını, başqa cür desək, ölkəni satmaq öhdəliyi gərəyincə yerinə yetirilməsəydi, onlar indiyədək hakimiyyətdə qala bilməyəcəkdilər.

Xalqı yenmək yolçuluğu

Hakimiyyətə gələndən azacıq sonra 33 döyüş taborunun buraxılmağı; Dağlıq Qarabağa bitişik rayonların ermənilərə verilməyi; ATƏŞKƏS havası üstə ortaya çıxarılan “Bişkək protokolu”; H.Əliyevi hakimiyyətə gətirən güclərin yararına bağlanan “Əsrin müqaviləsi”; MDB-yə qoşulmaqla, Qarabağ problemini yaradan dövlətin yenidən əlaltısına çevrilmək; Qarabağ problemini BMT-dən alaraq bilərəkdən ATƏT kimi gücsüz-yararsız, oyuncaq bir quruma ötürmək; Türk anlayışını aradan qaldırmaqla Türklüyü yenmə siyasətlərinə start verilməsi – bütüb bunlar hakimiyyətə gəlmək, yiyələnmək üçün düşmən güclər qarşısında götürülən öhdəliklərdən sayılmalıdır. Bu öhdəliklərin son 18 ildə necə ardıcıllıqla, yağıcasına yerinə yetirildiyi hamıya Gün kimi aydındır. Bunlardan tək biri, sonuncu ilə bağlı rəsmi statistika, 1993-dən bu yana Azərbaycanda necə bir ANTIMILLI rejim qurulduğunu açıq göstərir. 90-cı illərin statistika göstəricilərinə görə, Azərbaycanda yaşayanların 92 %-i azərbaycanlı (?!), qalanı başqa xalqlardır. 2000-ci illərin statistikasına görə, Azərbaycanda yaşayanların 90 %-i azərbaycanlı (?!), qalanı başqa xalqlardır.
Çağdaş dünyada bu, istənilən aparıcı xalq üçün TRAGEDIYA sayılmalıdır. Istər-istəməz soruşulur: doğal resurslarla bunca zəngin ölkədə aparıcı xalqın sayı az bir arada niyə bir belə azalmalıdır? Azərbaycan Somali deyilsə, burada Afrika ölkələrindəki quraqlıq qıtlığı yaşanmırsa, nə baş verib, niyə belə olub? Bu sorunun çox saya ayıtması var: əliyevçi rejimin ardıcıl ANTIMILLI siyasətləri üzündən Türklər baş götürüb ölkədən gedəsi olublar!
“Azərbaycanlı” anlayışından sonra mənim ayrıc içində göstərdiyimə gəlincə, burası da bir ayrı TRAGEDIYA faktıdır. Istər 92, istərsə də 90 faizlik “azərbaycanlı” göstəricisindən sonra ayrı-ayrılıqda, bircə-bircə göstərilir: ləzgi, talış, avar, rus, yəhudi… bir belə. Bu, əliyevçi ANTIMILLI, absurd rejim görsənişidir: hamı öz adıyla adlanır, bircə biz – Türklər – “azərbaycanlı” oluruq! Azərbaycanda, daha çox Azərbaycandan qıraqda biz hamımız AZƏRBAYCANLI adlana bilərik, bizim indi bu cür, statistika göstəricisində olduğu sayaq, “azərbaycanlı” adlandırılmağımız əliyevçi rejimin TÜRKƏ, TÜRKLÜYƏ düşmənçiliyinin rəsmi STATISTIK göstəricisi, görsənişidir!
Ölkənin başlıca xalqı rejim siyasəti olaraq repressiyaya uğradılaraq azalan, əzilən yerdə azsaylı xalqların əzilməsi, gərəkirkən, çox xırda, gözəgörünməz texniki işə çevrilir. Rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun DÖVLƏT SIYASƏTINƏ çevrilməsi faktının özü bütün bunları qaçılmaz gerçəklik faktoruna çevirir. Bu gün Azərbaycanda kriminal-korrupsioner rejim yoluyla ASTARAdan AĞSTAFAyadək bütün XALQA diz çökdürülüb. ASTARAdan AĞSTAFAyadək bunlar hamısı bir yerdə AZƏRBAYCANLILARdır! Bütün bunlardan sonra rejim başçılarının Qarabağı qaytarmaqdan danışmalarının bir adı var – XALQI ələ salmaq.

Qurban Qarabağdır

ABŞ-ın Azərbaycandakı keçmiş böyükelçisi Riçard Kozlariç Azərbaycanın bağımsızlıq qazanmasının 20 illiyi ilə bağlı Vaşinqtonda keçirilən konfransa qatılıb. Əliyevçi rejim başçıları xalqı aldadaraq Azərbaycanı “regionun lider dövləti” adlandırırlar. Görün Kozlariç nə deyir: “Korrupsiya Azərbaycanın regionda güc mərkəzinə çevrilməsini əngəlləyən, onun potensialının bütünlüklə açılmasının qarşısını alan başlıca problemdir. Mən indi bir ovuc adamın mənimsədiyi pulun sayını ağlıma sığışdıra bilmirəm. Bunlar xalqa çatası pullardır. Bunlar Neftdən ayrı sektoru gəlişdirməli, yoxsul adamların problemlərinin çözümünə yönəldilməlidir. Korrupsiya Azərbaycanın faciəsidir”.
Korrupsiya Azərbaycanın faciəsidir – buna söz ola bilməz. Ancaq Azərbaycanın korrupsiyadan öncəki faciəsi, başqa cür desək, korrupsiya faciəsinin kökündə duran faciəsi, Əliyevlər hakimiyyəti, əliyevçi rejimdir! Bizdə bir sıra bilməzlər, eləcə də rejim əlaltıları xalqı aldatmaq üçün tez-tez deyirlər: ”Bizim başlıca problemimiz Qarabağ problemidir”. Dönə-dönə demişəm, yeri gəlib, bir daha deyirəm: bizim başlıca problemimiz əliyevçi ANTIMILLI, ANTIDEMOKRATIK rejim problemidir. Qarabağ problemi ölkədə Milli Demokratik hakimiyyət qurulmasından, Demokratikləşmə problemlərinin çözülməsindən sonra gəlir. Bunu bilib anlamayanların siyasətə baş vurmağı, çox yumşaq desək, Bayram Səfərovluqdur.
Ailə-klan hakimiyyəti, uzaqbaşı, regional hakimiyyət quraraq ölkədə uzun illər, planlı olaraq, Milli Birlik yerinə bölücü-separatçı siyasət yürüdənlər, faktiki olaraq ermənini qardaş, müxalifəti yağı gözündə görənlər yüz il də qalsa Qarabağı nə savaş yoluyla qaytarasıdılar, nə də barış yoluyla. Erməni əsirliyində, erməni tapdağında olan Qarabağ onların uzun illər hakimiyyətdə qalmalarının, bu ölkəni yağıcasına yağmalayaraq milyonlar, milyardlar qazanmalarının başlıca qarantıdır. Yaxınlarda rejim başçısının çox ilginc bir qərarı oldu: neft-qaz pullarını bundan belə Rusiya banklarına da yatırmaq olar. Bu qərarın arxasında “ərəb yazına” bağlı görsənişlər dayanır. Bilindiyi kimi, ərəb diktatorlarının Amerika, Avropa banklarındakı oğurluq pulları tutulub xalqa verildi. Buna görə qalan diktatorlar Amerika, Avropa banklarındakı oğurluq pullarını son çağlar dünya diktaturalarının sonuncu dayaqları olaraq tanınan Moskvaya, Pekinə sürüşdürürlər. Bir daha vurğulamaq gərəkir: Azərbaycan xalqına krediti 24-25 faizə verən əliyevçi rejim Azərbaycanın neft-qaz satışından gələn milyardlarla pulunu dünya banklarında 1 (bir!) faizlə saxlayır. Bu, dəliyə də gülməli görünəcək absurd pul-gəlir siyasətinin arxasında, yuxarıda dönə-dönə deyildiyi kimi, rejimin xalqı yenməyə yönəlmiş ANTIMILLI siyasəti dayanır.
Bütün bu siyasətlər dəyişməz qaldıqca, ayrıca olaraq, demokratikləşmənin qarşısında TANK kimi dayanan yalançı-saxta seçkilər qaldıqca (saxta seçkilər də ANTIMILLI siyasətlər seriyasındandır!), yalnız Qarabağ yox, Azərbaycan özü bütövlükdə IŞĞAL zonası olaraq qalacaq! Bir ailənin, bir ailəyə bağlı kimsələrin IŞĞAL zonası!!! Bu sayaq görsənişlər içində Qarabağdan, güclü ordudan, üstün, lider dövlətdən danışmaq, bir daha deyirəm, xalqı aldatmaq, ələ salmaqdır. Korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi, xalqın amansızcasına əzilib yenildiyi, dönüklüyün hakimiyyət statusu qazandığı, sağlamlıq, təhsil, gömrük, vergi kimi hakimiyyət-güc sistemlərinin antixalq sistemlərınə dönüşdüyü ölkədə yalnız Şərin gücündən, yalnız Şərin üstünlüyündən danışmaq olar! Ayrıca olaraq Qarabağa gəlincə, Qarabağ indilikdə dış Şərin qurbanından qat-qat artıq iç Şərin qurbanıdır. Indiki rejimlə bağlı “qurbanın qoyun olsun” deyimi keçmir – qurban Qarabağdır!

Taleyran faktoru

Ölkədə korrupsiyanın başlıca ideoloqu olaraq tanınan, buna görə rejimin Antikorrupsiya komissiyasının başında duran administrator-filosof gözlənilmədən Qarabağla bağlı acıqlı çıxışda bulundu. O, ATƏT-in Minsk qrupundakı dövlətləri quru yuyub, yaş sərdi. Onları Qarabağ konfliktinin çözümündə sonuc əldə edilməməsindən dolayı qınadı. Onun dediyinə görə, “uzun illər həmsədr ölkələr erməni təcavüzünə son qoyulması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir iş görməyiblər”. Bu DƏHŞƏTLI suçlamanın GÖZƏLLIYI bilirsiz nədədi? Administrator-filosofun baş ideoloqu olduğu SIMASIZ QULDURLAR PARTIYASI ilə, bu partiyanın qurduğu korrupsiyaçı-kriminal rejimlə səlt, başdan-ayağa bağlılığında. Bu, bütünlüklə bu rejimlə bağlı söylənəcək suçlamadır.
Erməni təcavüzünə son qoyulması üçün 18 illik hakimiyyətiniz dönəmində siz neyləmisiz, nə iş görmüsüz? Bu yöndə gördüyünüz işlər yuxarıda göstərilib, onlardan yalnız biri qalıb: Bayram Səfərov adında nə danışdığını (ağzının sözünü) bilməyənin birini axtarıb tapıb Qarabağ icmasına başçı qoymusuz. Bu adamın bütün başqa “diplomatik” çıxışları kimi ermənilərə sonuncu ultimatumu da eşidənlərdə ancaq acı gülüş doğura bilər: “Ermənilər Xankəndindən, bir dəfə, uzaqbaşı, para dəfə təyyarə uçura bilərlər”. Biri başa düşdük, “para” nə deməkdir? Görünür, bu, yarı yolda vurulub partladılma deməkdir. Belədirsə, onda Bayram Səfərovun arsenalına baxış keçirmək gərəyi yaranır. Birdən bu adam bilərəkdən-bilməyərəkdən raketlərin üzünü Bakıya çevirdi, onda necə olacaq? Bundan qabaq B.Səfərov daha ilginc çıxışda bulunmuşdu: “Amerika kordu? Görmür ermənilər Qarabağı işğal eləyib?!”. Başında belə bir “diplomatın” durduğu “Qarabağ icmasına” adamın yalnız yazığı gəlir…    
Qarabağ icmasının başında akademik Rafiq Əliyev kimi yüksək intellekt yiyəsi, az da olsa diplomatiyadan başı çıxan, diplomatik etiketi bilən, sayılıb-seçilən bir kimsə oturdulmalıdır – Qarabağı qaytarmaq istəyi varsa? Sözsüz, belə bir istək yoxdur, indilikdə ola da bilməz. Dövləti, elə Qarabağın özünü alver, korrupsiya obyektinə çevirənlərin gerçəkdən Qarabağı qaytarmaq istəyi ola bilərmi? Ölkənin baş universitetində – Bakı Dövlət Universitetində 20-yədək fakültəni “ölü canlara” tapşırıb, “bütün günü işdə olmur” adıyla Rafiq Əliyevin Neft Akademiyasındakı kafedra başqanlığından çıxarılması, sonra ona qarşı gözdənsalma kampaniyası aparılması, 70-ə yaxın kitabı çıxmış bu böyük bilim adamına “yararsız” damğası vurulması, üstəgəl, yalançı təmir-tikinti işlərinə dövlət büdcəsindən milyardlar ayıran hakimiyyətin elmə qəpik-quruş ayırması kimi faktlar Qarabağda “erməni təcavüzünə son qoyulması” üçün deyil, o təcavüzün sonsuzluğadək uzanması üçün görülən önəmli işlərdən sayılmalıdır. Bu işlərinsə başında, rejimin qınaq obyektinə çevirdiyi Rafiq Əliyev, eləcə də onun qatıldığı Ziyalılar Forumu durmur. Ziyalılar Forumu bu yazı boyu sadalanan problemlərin çözümünə çağırır – onların suçu budur! Bu isə, öz aramızdır, korrupsioner-kriminal rejim maraqları baxımından olduqca qorxulu çağırışdır: xalq ayıla bilər!
Taleyran öləndə kimsə (çox ola bilsin, Fuşe!) demişdi: “Görəsən, ölmək Taleyranın nəyinə gərəkdi?”. Indiki bəlli ölkəiçi, ölkədışı görsənişlərə görə biz də istər-istəməz düşünməli oluruq: görəsən, Qarabağdan danışmaq administrator-filosofun nəyinə gərəkdir? Ərəb ölkələrində baş verənlər, Iranla Rusiyanı gözləyən böyük transformasiya çaxnaşmaları, ABŞ-ın, Avropa Birliyinin Güney Qafqaza yönəlik demokratikləşdirmə diplomatiyasının dinamikası… Ola bilsin, bunların hamısı!
Robert De-Nironun “Yalan sınağı” filmində belə bir epizod var. Bandit yüksək görəvli kəşfiyyatçıya deyir: “Biz italiyalıların böyük ailələrimiz, kilsəmiz var; irlandiyalıların öz ölkələri var; yəhudilərin gələnəkləri var. Sizin nəyiniz var?”. Onun eşitdiyi bu olur: “Bizim Birləşmiş Ştatlarımız var. Sizlər burda yolötənsiz”. Bu gün Azərbaycanın başında duranların bu ölkədən oğurladıqları milyonlardan, milyardlardan başqa nələrisə yoxdur. Bizimsə, könüldən sevdiyimiz, min bir tellərlə bağlı olduğumuz SEVGILI Azərbaycanımız var. Bir də bizim (yalnız Türklərin deyil, Azərbaycandakı bütün xalqların) Azərbaycanı IŞĞALDAN qurtarmaq, Ölkəmizdə Demokratik, Hüquq dövləti qurmaq BORCUMUZ var!