Elxan Şahinoğlu: «Hökumətin mövqeyinin birmənalı olmamasında Rusiya amili də rol oynayır»
Azərbaycan qazının Avropaya ixracı marşrutunun seçimi ilə bağlı qərarın qəbulu 2012-ci ilin birinci rübünədək uzana bilər. Bu barədə ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, marşrutlarla bağlı təqdim olunan təkliflərə diqqətlə baxılır və öyrənilir: “Ilin sonunadək marşrutun seçimi ilə bağlı qərarın qəbulu məqsədi qoyulmamışdı. Əgər ilin sonunadək qərar qəbul edilməsə, onda bu proses gələn ilin birinci rübündə başa çatacaq”.
Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium hazırda Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən “Cənub qaz dəhlizi” marşrutuna baxılır. “Cənub dəhlizi” layihəsi Avropa Ittifaqı üçün prioritet enerji layihələrindən biridir. AI-nin enerji təhlükəsizliyini artıracaq “Cənub dəhlizi” layihəsinə “NABUCCO” qaz kəməri, Transadriatik qaz kəməri, “Ağ axın”, Türkiyə-Yunanıstan-Italiya qaz kəməri aiddir.
Onu da qeyd edək ki, R.Abdullayev “NABUCCO” ilə bağlı qərarı əvvəlcə bu ilin sentyabrında, sonra oktyabrında, ən sonda isə bu ilin axırlarında veriləcəyini bildirmişdi. Indi isə məlum olur ki, qərarın qəbulu gələn ilin birinci rübünə qədər yubadılacaq. Bəzi ekspertlər hesab edir ki, bu yubanma Rusiyadakı proseslərlə bağlıdır. Azərbaycan hakimiyyəti həmin vaxta qədər Rusiyada vəziyyətin necə olacağını müəyyənləşdirmək və qərarını bundan sonra açıqlamaq yolunu tutub. Politoloq Elxan Şahinoğlu əvvəlcə Avropa Birliyinin “NABUCCO” layihəsinə marağının böyük olmasından danışdı: “Bu da ondan irəli gəlir ki, Rusiya Şimal dənizinin dibi ilə Almaniyaya boru xəttinin çəkilişini başa çatdırıb. Avropa Birliyi bu məntiqdən çıxış edərək deyir ki, əgər Rusiya hansısa dənizin dibi ilə boru xətti çəkə bilirsə, eyni işi Xəzərin dibi ilə də görmək olar. Lakin Rusiya buna müqavimət göstərir ki, Xəzərin dibi ilə boru xətti çəkmək olmaz. Bu, Xəzərə aidiyyəti olan bütün dövlətlərin razılığı ilə olmalıdır. Bundan sonra Avropa Birliyinə ”NABUCCO” layihəsini sürətləndirmək üçün fürsət düşdü. Dərhal qərar verdilər ki, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla danışıqlara başlasın. Çox maraqlıdır ki, Türkmənistan bu məsələdə Azərbaycandan daha çox irəli getdi. Türkmənistan rəhbərliyi bəyan etdi ki, onlar qazın “NABUCCO” xətti ilə Avropaya daşınmasında maraqlıdırlar. Hətta Xəzərin dibi ilə boru xəttinin çəkilməsinə də razılıq verə bilərlər. Amma Azərbaycan tərəfi bu məsələyə dəqiq mövqe bildirmədi, qərarını uzatmağa çalışdı”.
E.Şahinoğlu hesab edir ki, “NABUCCO”nun reallaşması Azərbaycanı Avropa Birliyi ölkələri ilə daha çox yaxınlaşdıra bilər: “Amma görünən odur ki, Azərbaycanın ”NABUCCO” ilə bağlı mövqeyi birmənalı deyil. Burada Rusiya amili də var. Azərbaycanın hakimiyyət dairələrində Rusiyanın fikri ilə hesablaşırlar. Düşünürlər ki, guya, qazı Rusiya üzərindən daşısaq, rəsmi Moskva Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olar. Amma Rusiyanın bu məsələdə vasitəçiliyi göstərdi ki, onlar üçün Azərbaycan yox, Ermənistanla strateji əməkdaşlıq önəmlidir. Görünür, Azərbaycan rəhbərliyi bunu anladığı üçün qaz anlaşmasını Izmirdə imzaladı. “NABUCCO”ya gəldikdə isə, dediyim kimi, Azərbaycan hakimiyyətinin bu layihəyə isti yanaşdığını demək olmaz. Son açıqlamadan da göründüyü kimi, Rövnəq Abdullayev qərarı bir az da uzatmaqla məşğuldur. Bu qeyri-müəyyənlik bir az Avropadan da qidalanır. Son vaxtlar Avropa Birliyindən də müəyyən bədbin açıqlamalar eşidirik ki, bu layihə təxirə salına bilər, hələ maliyyəsi dəqiqləşdirilməyib. Bu da Azərbaycan hakimiyyətinə imkan yaradır ki, “NABUCCO”ya neqativ münasibətlərini bir az da gücləndirsinlər”.