Rus xalqı bundan sonra öz istədiyinə nail olmayacağı halda belə, tarix yazdı. Hərçənd ki, burda məğlubiyyət ehtimalı Azərbaycan toplumunun özünün qələbəsinə inamı qədər xırdadı. Rus xalqı pozitiv istəklərə doğru dönüşsüz bir yol başlayıb. Indi bu pozitiv istəyin gerçəkləşməsindən ötrü ayağa qalxanların sayı bütün meydan, yol və körpüləri işğal eləyib. Bu say o qədər nəhəngdir ki, hətta bütün Rusiyada cəmi körpülərin uçacağı təhlükəsi yaranıb. Bütün varlığı – malı-mülkü, heysiyyəti, şəxsiyyəti, mənəviyyatı, mədəniyyəti, ən əsası isə illərlə səsi oğurlanan xalqın səbir kasası daşıb, indi onun gözünə nə körpülərin uçacağı, nə də bu körpülərin üstünü çayır kimi cənginə alan minlərlə insanın o körpülərlə birgə aşağı yuvarlanacağı görünür. Həmişəki kimi.
Rusiyanı bürümüş etiraz dalğasındakı insan sayı və birlik böyük dəyişikliklərin başlanğıcından xəbər verir. Iki əsrdə istənilən addımı ilə Azərbaycanı dalğalandıran, rezonansa gətirən Rusiya olub. Təəssüf ki, bu dəfə də gözlər Rusiyaya dikilib. Biz həmişə nəyisə haradansa gözləyirik. Iki əsrə yaxınlıq vərdiş, görünür, hələ də canımızdan çıxmayıb. Indi səslənən “Rusiyada Putin epoxası, avtoritarizm hökmranlığı bitərsə, Azərbaycan da heydərizmdən xilas olacaq” kimi fikirlər adamda bədbinlik yaradır. Hərçənd ki, bunun gerçəkliyini danmaq üçün əlimizdə tutarlı dəlillər yoxdu; Azərbaycan avtoritarizminin beli imperialist Rusiyaya, Putin ağalığına bağlıdı, bu ağalığın darmadağın edilməsi bizim “milli diktaturanın” belini ölüsü bir qədər boşaldacaq, heydən salacaq və yapışmaq üçün yer gəzəndə dönüşsüz məhv yoluna qədəm qoymuş Irana yox, yenə də Qərbə, Avropaya yönləndirəcək. Bu da az əvvəl dediyim bəslənən ümidlərin reallaşmasına yarayacaq.
Bəs bədbinlik yaradan nədi? Bu ki yaxşıdı – Rus xalqı qələbə çalır. Rusiya imperialist istəklərindən əl çəkməsə belə, avtoritarizmdən əl götürür, təxminən ABŞ kimi bir modellə yaşamağa başlayır, bu da bizim də qurtuluşumuza yol açır və ya ən azı yollarımızı zir-zibildən qismən də olsa təmizləyir; Azərbaycan neftindən çox yox, bir çay qaşığı da bu xalqa pay düşür. Lakin bu cür qələbə mənim, umaram mənim kimi yüzlərlə insanın qüruruna toxunur. Mənə çox kiçikliyimi təlqin eləyir. Daim kimlərdənsə asılı olduğumu, heç vaxt öz əlim, öz başım olmadığını gözümə soxur. Xəcalət təri tökürəm. Utandığımdan pörtürəm. Niyə mən öz azadlığımı mütləq yad kimlərinsə məğlubiyyətindən, qələbəsindən sonra qazanmalıyam? Məgər mən də bir millət deyiləmmi? Mənim də öz gücümə qazanacağım qələbə alnıma yazılmayıbmı? Niyə bir əsrdə iki dəfə əldə elədiyim özgürlüyü, bir gün, bu hər iki qələbənin qazanılmasında hamıdan az payı olan (ya heç olmayan), bəhrəsini isə hamıdan çox görən, hansısa Əliyev, qazanılmış yox, bəxtinə düşmüş, havadan, başqa xalqın sayəsində əldə edilmiş özgürlük adlandırıb, milli heysiyyətimi lağa qoyacaq?..
Biz dünya düzəninin, inkişaf prosesinin, qalxınmaların, enişlərin, dirənişlərin nə olduğunu, bir-biri ilə zəncirvari şəkildə necə qırılmaz şəkildə bağlandığını, burda hər həlqənin özündən əvvəlki və özündən sonrakı həlqəylə eyni liderliyi olduğunu bilməyəcək qədər abdal deyilik. Iki özgürlük faktında (1918-1991) Azərbaycan da həmin həlqədən biriydi və əgər o da gərilməsəydi, onda imperiya zənciri heç bir halda qırıla bilməzdi. Lakin yenə də bu sual incidir adamı: nədən bizim təşkil elədiyimiz həlqə mütləq ən sonuncu gərilən həlqə olmalıdı?
Məgər bizim diktator bütün diktatorlardan güclüdürmü? Məgər bizim kölə bütün kölələrdən ən zavallısıdımı? Məgər qeyrətimiz, şəxsiyyətimiz, azadlıq istəyimiz, yaxşı yaşamaq arzumuz hamınkından azdımı? Bəlkə ağlımız hamınkından çoxdu? Bəlkə biz artıq millət olaraq deyil, bir tör-töküntü toplum kimi mövcuduq? Bəlkə təşkilatlanmadadı problem? Bilmirəm. Yalnız bircə yolumuzun olduğunu kədərlə düşünürəm: yenə də Rus xalqına qələbə arzulamaq… “Tək mən qalxmaqla nə olacaq, hamı qalxsın, sonra mən” düşüncəsi ilə yaşayan toplumun bundan böyük çıxış yolu ola da bilməz.