Təhqiqat Qrupu müşahidə kameralarının videoyaddaşına baxmaq istəyir
Dekabrın 6-da özü və ailəsi ölümlə təhdid edilən “ASI” qəzetinin redaktoru və “Azadlıq” qəzetinin köşə yazarı Anar Mahmudoğlunun müraciəti əsasında Nərimanov Rayon Polis Idarəsində başlayan təhqiqat, cinayətin açılması üçün heç bir istintaq hərəkəti aparmır.
Bu barədə A.Mahmudoğlu məlumat verib. Jurnalistin sözlərinə görə, təhqiqatın gedişi göstərir ki, ölüm təhdidini edən şəxsin tapılmasında təhqiqatçılar maraqlı deyil: “Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) bu məsələ ilə bağlı yaratdığı və mənim də aktiv iştirak etdiyim Jurnalist Təhqiqat Qrupunun gəldiyi müəyyən qənaətlər var. Ancaq bizə zəngin edildiyi taksafonun yerləşdiyi ”Nərimanov” kinoteatrının önünü əhatə edən təhlükəsizlik kameralarının videoyaddaşına baxmağa icazə vermirlər. Nərimanov Rayon Polis Idarəsində işi aparan təhqiqatçı Şəhriyar Əliyev bu videoyazıya təhqiqatçıların belə, xüsusi icazə ilə baxa bildiklərini deyir. Halbuki işin ilkin təhqiqatını aparan 18-ci bölmə dekabrın 6-da taksafon müəyyənləşdikdən sonra videoyazıya birgə baxmağımızı təklif etmişdi. Çünki belə olduqda təhqiqata yardım edə biləcəyimiz ehtimalı vardı. Indi sual olunur, əgər təhlükəsizlik kamerasının yaddaşına, konkret dəqiqədən söhbət gedir, baxmaq olmazdısa, onda niyə 18-ci bölmə bunu təklif etmişdi? Təhqiqatın daha obyektivliyi və operativliyi üçün Nərimanov Rayon Polis Idarəsinin təhqiqatçıları niyə bundan imtina edirlər? Belə çıxır ki, Nərimanov polisi hansısa tapşırıq yerinə yetirir və cinayətkarı qəsdən gizlədir”.
A.Mahmudoğlu bildirdi ki, bu məsələ və ailəsinin təhlükəsizliyinin təmini ilə bağlı Daxili Işlər naziri Ramil Usubova dekabrın 8-də göndərdiyi müraciətə hələlik heç bir reaksiya verilməyib: “Bu gün isə RATI Daxili Işlər nazirinə rəsmi məktubla müraciət etdi ki, təhlükəsizlik kameralarının dekabrın 6-da, həmin zəng ərəfəsində, saat 12:40-dan 13:00-a qədər olan qeydlərinə Təhqiqat Qrupunun baxış keçirməsinə şərait yaratsın. Ümid edək ki, R.Usubov bu müraciətlərə reaksiya verəcək”.
Informasiya şöbəsi